Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Axundovun Zakir və Natəvana "söz atdığı" şeir: "Kəsdiribsən yastığının kənarın" - Mətn



"Bazar oxusu" layihəsində dramaturq Mirzə Fətəli Axundovun Qasım bəy Zakirə yazdığı "Zakirə məktub" şeirini təqdim edirik. Şeirdə Axundov Qasım bəyin Xurşid Banu Natəvana olan münasibətinə eyham vurub.

Qasım bəy, eşitdim yaxın olubsan,
Xan qızına, axır nədir bu rəftar?
Edibsən xubları yüz yol imtahan,
Eylərsən onlara yenə etibar?

Yeyib otağında şamü-nəharın,
Kəsdiribsən yastığının kənarın,
Eşidirsən şirin-şirin göftarın,
Kişi, sənin, vallah, əcəb işin var!

Dediyin qafıyə ona xoş gəlib,
Qaçan bəxtin indi sənə tuş gəlib,
Sövdalı başına təzə huş gəlib,
Təəccüb eylərəm büsyar, büsyar!

Səni pərivəşlər salıb bu halə,
Döndəriblər əlif qəddini dalə;
Çəkərdin onlardan həmişə nalə,
Nədir yenə dildə əzbər olub yar?!

Xan qızı məhvəşdir, bilir el, aləm,
Məhvəşlər atəşdir, bizik əqli kəm;
Yüz il xidmət edə oda bir adəm,
Yenə düşən dəmdə ona, bil, yanar.

Xudadan istərəm versin muradın,
Yamanlığa hərgiz çəkmərəm adın,
Yolunda zəhmətin, rənci-ziyadın,
Mən çəkdim, o etdi məni şərmsar.

Özgə cəfalarım dursun kənarə,
Nə lazım hər birin salmaq şümarə.
Xeyir işinə onun mən o diyarə,
Şadü xürrəm getdim, qayıtdım bəs xar.

O qafiyən mənə çox etdi əsər,
Qalmadı könlümdə ondan bir kədər.
Növcəvandır, təkdir, iyzədi-davər,
Eyləsin ömründən onu kamkar!

Rəvadırmı çəkə bixurdü bixab,
Bəstəri-möhnətdə bu qədər əzab?!
Duayi-xeyrinə eyləyin şitab,
Siz də mənim kimi hər leylü nahar.

Belə pəriruyin, heç səni tarı,
Rəvadırmı qəmdən sola üzarı?
Həm xələfdən xali ola kənarı?
Olsun ona mövlam yavərü qəmxar!

Mənim də var gərçi bir az günahım,
Sən get hüzuruna ol üzrxahım,
Söylə ki, ey şahım, ey qibləgahım,
İncimə, gər etdim şikayət izhar!

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10