Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ailə-klan hakimiyyətinin müxalifəti ola bilməz||--||


Ailə-klan hakimiyyətinin müxalifəti ola bilməz||--||

Əzizim Mətləb bəy! Səsini Cənub xəbərlərində eşitdiyimə şad oldum. Bu uzun müddətdə səndən bircə xəbər belə ala bilmədiyimdən az qala tamam unutmuşdum səni. Yaxşı ki, indi cənub bölgəsinin müxalif yükünü çiyinlərində daşıyan Cənub xəbərlərində yenidən təmas qururuq.

Verdiyin müsahibənin ona söykəndiyini duydum ki, nə üçün həyatlarının bir hissəsini milli istiqlala, tərəqqi, müstəqil dövlət uğrunda mübarizəyə həsr etmiş adamlar (yəni bizlər) indi biganə mövqe tutublar.

Təsəvvür et ki, iki-üç dəfə ova gedib uğursuz qayıdanlar ovdan imtina edirlər. Gecə işığını günəş sayıb ətrafında saatlarla dövrə vuran kəpənək sonda yanıldığını görərək tələf olur. Seçkiyə gedən vətəndaş səsinin heç bir rol oynamasına əmin olmadıqda məntəqələrə getməkdən imtina edir.

İlk olaraq deyim ki, biz mübarizə aparırdıq ki, içərisində yaşadığımız köhnə evi söküb əvəzində əzəmətli saray tikək. Lakin, mübarizəmizdə bağışlanmaz səhvlərə yol verdik, sonunda uçuq bir daxma tikdik.

Soruşa bilərsən ki, nə mane olurdu? Hakimiyyət lazım idisə, onu əldə etdiniz. Bəs hanı sizin o əzəmətli sarayınız? Bu millətdən 5 illik zəmanət almışdınız, niyə elə 1 il müddətində misli görünməmiş şəkildə anarxiya yaradıb adını demokratiya qoydunuz? Təbii ki, millətin nifrətinə tuş gəlib, qısa müddətdə siyasət zibilliyinə atıldınız.

Biz o siyasətçilərdən hesab olunuruq ki, hakimiyyətə gəlib özümüzü fəda edirik, qısa bir tarixi dönəmdə qazanılası mümkün olmayan uğurlar qazanıraq, əvəzində millətin nifrət obyektində qərarlaşıb, hakimiyyəti nicat versin adı ilə millətin nifrət zənbilinə ötürürük və bəyan edirik ki, müxalifətdə qalıb ona qarşı mübarizə apararaq möhtəşəm sarayı yenidən tikəcəyik.

...1993-cü ilin 01 iyunundan başlayaraq 18 gün müddətində Prezident Baş Naziri, Parlamentin Sədrini istefaya göndərir, Dİ Nazirini, Müdafiə Nazirini, Milli Təhlükəsizlik Nazirini vəzifələrindən azad edərək 18 iyunda sorağını Kələki adlı bir XVIII əsr kəndindən verir. Və bu Prezident Kələkidən bəyanat verərək Onu mən gətirdim deyir, seçilmə müddəti qurtaranda (1998-ci ildə) paytaxta qayıdıb, mənim kimiləri (elə sənin kimiləri də) başına yığaraq, bu hakimiyyəti devirmək üçün həmrəy olmağa səsləyir. Hətta, bir qədər də dərinə gedərək onun Yezidi kürd olmasını dilə gətirir. (məhkəmə çəkişmələri açılır və ləğv edilir). Əgər bütün bunları bilirdinsə, niyə onu milli istiqlaliyyət uğrunda özlərini fəda edən və ya etməyə hazır olan insanlara dəyişdin?  sualına Vaxtı gələndə hər şeyi açıqlayaram deyə cavab verir və sonda - Şəhidlər Xiyabanı...

1998-ci ilə qədər isə müharibə qeyri-müəyyən müddətə qədər dondurulur, hakimiyyətin qohum-əqrəbadan və yerlilərdən ibarət komandası formalaşdırılır, siyasi hakimiyyətə etirazları yatırmaq üçün mütəşəkkil hərbi alaylar yaradılır, əcaib bir Konstitusiya qəbul edilir, müxalifət adlanan partiyaların içərisinə kifayət qədər dağıdıcı, muzdlu qüvvələr yerləşdirilir, (təkcə AXC bir-birinə müxalif dörd düşmən partiyaya parçalanır), daxili çəkişmələr və boğuşmalar geniş vüsət alır və sonda müxalifət məfhumu ortadan qaldırılır.

Təbii ki, sənin dediyin kimi artıq yenidən mübarizəyə başlamaq dəryada balıq sövdasına bənzəyirdi. Ölkəni klan hakimiyyəti cənginə aldı, rüşvətxorluq və korrupsiya həyat normasına çevrildi, parçala, hökm sürsiyasəti yeridildi, ölkənin 5 rayonu düşmənə təslim edildi, erməniyə güllə atanlar türmələrdə cürüdüldü, təsərrüfat sistemləri darmadağın edildi, yaşayış səviyyəsi MDB ölkələri ilə müqayisədə ən aşağı həddə düşdü və ən nəhayət əhalinin aktiv hissəsinin çoxu yurdlarında qalmış ata-analarını, ailələrini dolandırmaq üçün ölkəni tərk etdi. Məqsəd də elə bu aktiv hissənin ölkəni tərk etməsinə nail olmaq idi. Çünki bu o demək idi ki, mənliyi, şəxsiyyəti, milli mənafeləri uğrunda mübarizə aparmalı olan əhali kəsimi artıq yox idi. Qocaları, uşaqları idarə etməyə nə vardı ki. Onlar artıq hüquqlarını müdafiə edənlərdən məhrum edilmişdilər.

Əzizim Mətləb bəy! Mən yaxşı başa düşürəm ki, tarixdə şəxsiyyətlər aparıcı rola malikdirlər və yalnız belələri millətin qabağına düşüb onun mənafelərinin müdafiəsi ilə məşğul olmalıdırlar. Bu gün hamımız gileylənirik ki, millətimiz acınacaqlı şəkildə istismar olunur, hətta ona seçib-seçilmək hüququ belə verilmir. Bu gün hamımız bilirik ki, ordumuz rüşvətlə formalaşır. Bu gün hamımız görürük ki, hakimiyyətin 5-6 telekanalı milləti necə yalan və iftira şouları ilə qidalandırır. Artıq onun hüquqları uğrunda mübarizəyə qalxmaq, elə onun özü tərəfindən ölümə məhkum olmaq deməkdir. Bu mənim və sənin kimilər üçün daha təhlükəlidir, ona görə ki, adamdan soruşa bilərlər, beş illik mandatdan nəyə görə 1 il müddətində məhrum oldunuz. Yenidənmi demokratiya deyib, anarxiya yaratmaq istəyirsiniz? Yox, biz mübarizə aparıb hüquqi dövlət yaratmaq istəyirik. Biz mübarizə aparıb möhtəşəm saray tikmək istəyirik deyib, dediklərimizə də inandıra bilərik. Ancaq səsimizi harada çıxarmalıyıq? sualına cavab tapa bilmirik. Yenidən milləti meydanlaramı sürükləməliyik, yoxsa mübarizənin daha sivil forması olan televiziyadan, internetdən, mətbuat orqanlarından yararlanmalıyıq. Televiziyalarımız ailə-kian hakimiyyətinin sərəncamında, internetdən əhalimizin 1%-i ancaq istifadə edir. Respublikada nəşr olunun qəzetlərin ümumi tirajı 50 mini keçmir və qəzetlərin də yarıya qədəri ancaq satılır, özü də 40-50 qəpiyə. Keçmiş SSRİ dövründə təkcə Kommunist qəzetinin tirajı 200 min idi və qiyməti də 3 qəpik. Özün müqayisə et. Cənub xəbərləri qəzetinizə baxıram, tirajı 5000 nüsxədir. Milyondan yuxarı əhalisi olan bir ərazi üçün əslində bu bir damla da deyil. Bu millətlə dialoqa hansı formada girmək olar?

Neft ölkəsiyik və bunun hesabına inzibati orqanların (dubinkaların), məmurların (rüşvətlə yaşayanların), deputatların (irtica qanunları yaradanların) maaşları müəllimlərin (tərbiyəçilərin), həkimlərin(sağlamlığımızı qoruyanların), mədəniyyət işçilərinin (sivil yaşamaq öyrədənlərin) maaşlarından 20-30 dəfə artıqdır, ABŞ və Avropa Şurası da neftimizdən necəsə yararlanaraq hər saxtakarlığımıza ...bir addım irəlidir deyir. Belə bir şəraitdə milli mübarizəni kimlərlə aparmalı və kimin dəstəyinə nail olmalıyıq?

İndi artıq Türkiyə, Gürcüstan və Rusiyaya deyil, Avropaya da qaz satmağa başlamışıq. Nə qədər satırıq və nə qədər qazanırıq sualına ailə üzvlərindən başqa heç kim düzgün cavab verə bilməz. Ancaq onu dəqiq bilirəm ki, Lənkəran kimi 200 minlik əhalisi olan bir rayonun cəmi 25%-i bu qazdan istifadə edə bilir. Hamı da susur. Etirazını bildirib bir nəfər də demir ki, bu qaz sizin atanızındır, yoxsa bütün ölkəyə məxsusdur? Bax, əhalinin aktiv hissəsi dediyim insanların yoxluğu, siyasi liderlərin arxasızlığına gətirib çıxarır ki, nəticədə haqq nahaq, nahaq isə haqq kimi gözə üfürülür.

Bu gün Lənkəran müxalifətçilərinin 90-cı illərdəki fəallığı, cəsarəti böyük qibtə doğursa da, təəssüflə qeyd etməliyəm ki, son illər Lənkəran müxalifəti bölgənin ən zəif müxalifətinə çevrilmək üzrədir deyirsən. Lənkəranda Müxalifət yoxdur desəydin daha düzgün olardı. Müxalifətçilik mübarizənin elə bir formasıdır ki, normal hakimiyyət olsun, hansısa məsələnin, qanunun icrasında onunla eyni mövqedə olmayanlar özlərini müxalifət adlandıraraq mövqelərini ortaya qoysunlar. Müxalifətin işlək mexanizmləri, təşkilati strukturları, maliyyə dəstəkləri olur. Onlar binalarda, qərargahlarda fəaliyyət göstərir, xüsusi əmlaka sahib olur, informasiya vasitələrindən yararlanır. Əgər siz Masallıda müxalifətdəsinizsə bu imkanların hansına maliksiniz? Elə bilirsən, çayxanalarda əyləşib kimlərinsə əcaib əməllərindən, monopolik fəaliyyətlərindən danışıb ürəyini boşaltmaqla müxalifətçi olmaq olar? Heç 90-cı illərdə də biz müxalifət deyilən anlayışlara malik deyildik və ola da bilməzdik. Biz rejimə qarşı mübarizə aparan qüvvələr idik, mübarizəmizə də əhalini cəlb edə bilirdik.

Qaldı Lənkəran müxalifətinin bölgədə ən zəif müxalifətə çevrilməsinə, burada bir qədər yanlışlığa yol vermisən. Lənkəran müxalifəti ölkə müxalifətinin tərkib hissəsi olmaqla elə onunla birlikdə dəfn olunub. Özü də təəssüf ki, Şəhidlər Xiyabanında yox. Lakin Lənkəranda indi də mübariz qüvvələr var, onların yeni nəsilləri də yetişib, hazırda bütün əhalinin yekdil mövqelərə gəlməsi üzərində işləyir.

Burada da seçkilər saxtalaşdırılır, rüşvət baş alıb gedir, məmur özbaşınalıqları dözülməz həddədir, bütün məmur postları ailə adamları və onların yerli havadarlarına məxsusdur, əhaliyə sahibkarlıqla normal məşğul olmağa imkanlar verilmir və s. Lənkəranda eyni zamanda yaxşı başa düşürlər ki, nəticəsi olmayan mübarizəyə qalxmağa təşəbbüs etmək tutarlı nəticələr qazandırmır.

Ola bilsin ki, kimsə fikirlərimlə razılaşmasın. Buyursunlar, Dəyirmi masa təşkil edək.bu fikrində də anlaşılmazlıq görürəm. Biz nəyi aydınlaşdırmalıyıq axı? Məncə, sən də mənim düşüncələrimdə, yaxud onlara yaxın bir mövqedəsən. Əgər hansı mövzudasa Dəyirmi masa təşkil edib mənim iştirakımı məqbul saysanız, sizə minnətdar olar və məmnuniyyətlə iştirak edərəm.

Necə deyərlər, keçmişinə görə sağ ol, amma zəhmət olmasa, bir az da bu günündən danış. Bu gün hansı əməlinlə müxalifətçisən, məni buna inandır. Əvvəla keçmişimə görə, nəinki səndən, heç kimdən Sağ ol! istəməmişəm, istəmirəm, istəməyəcəyəm də. Bu mənim taleyim idi, onu bacardığım qədər şərəflə yaşamağa çalışmışam. Hansısa əməllə müxalifətçi olmağı heç kimə də məsləhət bilmirəm. Bu haradasa zülmü görüb, onun formasını dəyişməyə bənzər bir şeydir. Zülmün formasını dəyişməyə səy, zülm etmək kimi bir şeydir. Hakimiyyət və müxalifət anlayışı Azərbaycan cəmiyyətinə şamil edilə bilməz. Bu gün ölkəmizdə ailə-klan hakimiyyəti hökm sürür ki, bütün xalq da hamılıqla bu hakimiyyətdən xilas olmağa səfərbər edilməlidir. Yəqin ki, əlavə izahlara ehtiyac duymursan və səni inandıra bildim.




Hörmətlə: Hüseynqulu Məmmədli.

Lənkəran şəhəri.


Qeyd: Məktubda kifayət qədər mübahisəli məqamlar var. Hüseynqulu bəyin yazısına münasibət bildirmək istəyənlər olarsa, həmin şəxslərə də qəzetimizdə yer ayırmağa hazırıq. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10