"Əfqanıstan və Qarabağ döyüşlərinin birbaşa iştirakçısı olan generalı qeydiyyatdan keçə bilmir, amma hırla-zırı qana bilməyən bəzi petrəddinləri qeydiyyata alırlar"
Azərbaycanın seçki tarixində daha bir rüsvayçı olay yaşanıb. Əfqanıstan və Birinci Qarabağ Savaşının qəhrəmanlarından olan səngər generalı Qabil Məmmədov öz doğulduğu rayonda namizədliyini irəli sürsə də DSK onun parlamentdə təmsil olunmaq arzusunu gözündə qoyub.
Baş verənlər cəmiyyətdə və sosial şəbəkələrdə çox narazılıqla qarşılanıb. Məsələyə tanınmış jurnalist Eynulla Fətullayevin və hərbi ekspert Üzeyir Cəfərovun münasibətini təqdim edirik:
"Azərbaycanın ən peşəkar generallarından biri Gabil Məmmədovun Milli Məclisə seçkilərə namizədliyi qeydə alınmayıb. Çox pis xəbərdir! Üzücüdür! Gabil Məmmədovu şəxsən tanıyıram, xidmət etdiyim korpusda Qərargah rəisi olub. Azərbaycanda tək-tük zabitlərdəndir ki, Frunze adına Ali Hərbi Akademiyanın məzunudur, hərbi nəzəriyyəçidir... Gabil Məmmədovun həm də diplomatik təcrübəsi var - Azərbaycanın hərbi attaşesi olub.
Müharibə vəziyyətində olan dövlətin parlamentinə savadlı, döyüşçü, yüksək mənəviyyata və əxlaqa, zəngin biliklərə malik general buraxılmır!!! Bu nə deməkdir??? Bazarkomları, müğənilləri, siyasi dəllalları, dostlarına və partiyalarına xəyanət edənləri parlamentə namizəd kimi qeydə alırlar, amma Vətəninə və döyüşçü dostlarına sadiq bu cür dəyanətli generalın hətta seçkilərdə iştirak hüququ belə tanınmır. Yəni, Azərbaycan xalqı bu cür generala 450 imza belə çox gördü?
Məyusedicidir! Utanvericidir!
Anlamıram, bəs onda parlamentin hərbi və təhlükəsizlik Komitəsində kimlər qərar verəcək? Hadı Rəcəbli ilə Mirələmov?
Tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovsa yazdığı statusla məsələyə daha sərt və emosional reaksiya verib:
"Siz "kimsiniz" axı, ay cənab general? Bu ölkəyə 15 ildir bu dairədən seçilib, hələ də nə Lənkəran üçün, nə də lənkəranlılar üçün zərrə qədər də faydası olmayan Rüfət Quliyev və onun nikotindən və başqa şeylərdən qazandığı milyonlar, MSK və DSK-da illərlədir kök atan məzilər, kərimlər, yaramaz qabilorucovlar, fırıldaqçı əlibobbiler, onun haram pullardan zəhərləndiyi mirələmovlar və digərləri lazımdır. Tam əminliklə deyirəm ki, 2020-ci ilin parlamentinin də ömrü çox qısa olacaq. Bu sadəcə rəzalət və biabırçılıqdır ki, ölkənin savadlı, saf və bacarıqlı, hamının yaxşı tanıdığı Əfqanıstan və Qarabağ döyüşlərinin birbaşa iştirakçısı olan generalı qeydiyyatdan keçə bilmir, amma hırla-zırı qana bilməyən bəzi petrəddinləri qeydiyyata alırlar. Kül olsun sizin olmayan təpənizə. Bu gedişlə siz olmayan ağlınızı da tamam itirəcəksiniz".