“Salatın xanımın həm cəsarəti, həm onun içindəki millət yanğısı, ədalətsizliyə qarşı olan müqavimət hissi onu cəbhə bölgəsinə tez-tez aparırdı”
Bunu açıqlamasında professor Qulu Məhərrəmli Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əgərova haqda danışarkən deyib. Professor onun adının jurnalistika tariximizə qızıl hərflərlə yazıldığını bildirib:
“Salatın Əsgərova həqiqətən bizim mətbuat tariximizdə ekistirmal şəraitdə informasiya toplayarkən həlak olan ilk jurnalistdir və onun adı bizim jurnalistika tarixinə qızıl hərflərlə yazılıb. Şəxsən onu tanıyırdım, çünki həmin vaxt o, Azərbaycan Televiziyasıyla əməkdaşlıq edirdi, rus redaksiyasına gəlib-gedirdi. Yəni o vaxt yeni başlamış Qarabağ münaqişəsi ilə bağlı yazı hazırlamağa, bir çox jurnalistlər cəbhə bölgəsinə getməyə çəkinirdilər. Amma Salatın xanımın həm cəsarəti, həm onun içindəki millət yanğısı ədalətsizliyə qarşı olan müqavimət hissi onu cəbhə bölgəsinə tez-tez aparırdı.
Hərbçilərlə münasibəti var idi və istənilən nöqtələrdən o, materialları yazırdı və bunlar müəyyən rezonans doğururdu. Ona görə də onun faciəvi şəkildə qətlə yetirilməsi o dövrdə ciddi rezonans doğurdu, bu barədə Moskva və bizim mətbuat yazdı. Yəni o, dünyasını dəyişsə də, bizim jurnalistika tariximizdə istənilən mənbəylə işləmək, oxucunu obyektiv, dürüst informasiya ilə təmin etmək uğrunda, öz vəzifə borcunu yerinə yetirərkən həlak olan jurnalist kimi qaldı. Baxmayaraq ki, o vaxt sovet sistemi idi, senzura var idi, amma bununla yanaşı, bir fədakarlıq da vardı. Salatın Əsgərova bu yolda həyatını qurban verdi. Onun bizim üçün xatirəsi çox əzizdi, onu yad edənlərə, o cümlədən sizin sayta təşəkkürümü bildirirəm. Biz jurnalistika tariximizin bu cür simalarını unutmalı deyilik”.
Qeyd edək ki, bu gün Salatın Əsgərovanın şəhid olduğu gündür.
moderator.az