Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Yeni formalaşacaq parlamentin ömrü uzun olmayacaq"



İlham İsmayıl: "Sözün həqiqi mənasında demokratik qaydalara əsaslanan MSK yaranmayacaqsa, buraxılmasının da heç bir fərqi yoxdur" 

 

Azərbaycanda 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə kimi 2330 nəfər müraciət edib. Mərkəzi Seçki Komissiyasının (MSK) son məlumatına görə, müraciət edən şəxslərdən 2203-nün namizədliyi artıq təsdiq olunub.

 

Həm cəmiyyətdə baş verənlərə, həm də bu rəqəmlərə nəzər yetirdikdə belə anlaşılır ki, əvvəlki seçkilərə nisbətən budəfəki seçki prosesində daha çox aktivlik müşahidə olunur. Politoloq İlham İsmayıl müsahibəsində növbədənkənar parlament seçkilərini, seçkilərlə bağlı hazırkı vəziyyəti şərh edib.

 

- İlham müəllim, qarşıdan gələn patlament seçkiləri ilə bağlı mövcud vəziyyəti öncəki seçkilərlə necə müqayisə edirsiniz? Hansısa fərq varmı?

 

- Mirzə Ələkbər Sabir bir şeirində deyir ki, “necə görmüşdünüzsə, o, eləcədir”. Faktiki olaraq 2005-ci ildən bəri hansı prosesdirsə, seçkilərə necə yanaşılıbsa, indi də eynidir. Hələ indi bir qədər də eybəcər formada gedir. Bu eybəcərliyi də şərtləndirən əlamət ondan ibarətdir ki, parlament buraxılır, fəaliyyəti qənaətbəx sayılmır, islahatlarla ayaqlaşmadığına görə, özü-özünü buraxır. Və buraxılmış parlament üzvlərinin namizdəlikləri yenidən irəli sürülür. Görünən odur ki, heç bir yenilik yoxdur, ümumiyyətlə respublikada seçki ab-havası hiss olunmur. Əgər hiss olunsaydı, deyərdik ki, hə, insanlar nəyəsə ümid edir, parlamentdə həqiqətən də öz vəkillərini görəcəklər. Bir sözlə, nə qanunlarda, nə prosesdə, nə də cəmiyyətdə seçkiylə bağlı demokratik atmosfer var.

Картинки по запросу ilham ismayıl

- Axı cəmiyyətdə bir aktivlik müşahidə olunur, belə deyək, hər yerindən duran namizdəliyini irəli sürür və namizədliyi qeydə alınır. Həmçinin gözümüzü, necə deyərlər, “mazol” etmiş bəzi şəxslərin namizdəliyi irəli sürülmədi. Bütün bunlar da nəyəsə ümid etmək üçün inandırıcı görünmür?

 

- Təbii ki, aktivlik var və bu aktivliyin yaranması son illər narazılığın artması ilə bağlıdır. Bu narazılığın kökündə müəyyən geriçəkilmələr durur və o geriçəkilmələrə görə insanlarda aktivlik yaranıb. Bəziləri də düşünürlər ki, “mıxı mismara döndərən Allahdır, bəlkə nəsə alındı”. Yəni bu, fikirləşdiyimiz sivil seçki prosesi deyil, nəyəsə ümid etməkdir. Aktivlik, qəribə də olsa, jurnalistlər arasında daha çoxdur. Həmçinin köhnə parlament üzvləri arasında aktivlik var, yenidən seçiləcəklərinə inanırlar.

 

Kadr var, parlamentdə təmsil oluna biləcək qeyri-siyasi qüvvəllər, yəni heç bir partiyanın üzvü olmayan şəxslər var. Ancaq onlar mövcud mənfi tendensiyanı görürlər. Həmçinin bu parlament seçkiləri ərəfəsində də icra başçılarının yenə at oynatdıqlarını müşahidə edirlər və namizədliklərini irəli sürmürlər. Halbuki, elə mənim düşündüyüm, azı 25-30 nəfər var ki, mən onların parlamentdə olmasını arzu edirdim. O şəxslər qanunvericilik layihələrini ortalığa qoya biləcəklər, çünki parlamentin mahiyyətinin nədən ibarət olduğunu bilirlər.

 

- Sirr deyilsə, parlamentdə olmasını arzuladığınız həmin şəxslər kimlərdir?

 

- Bir neçəsinin adını açıqlaya bilərəm. Məsələn, çox istərdim ki, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov orda olsun. Qarabağla bağlı hakimiyyətin deyə bilmədiyi sözləri o desin, Lavrova o, cavab versin. Həmçinin politoloq Nəsimi Məmmədli, hüquqşünas Ələsgər Əhmədoğlu orda olsun. Elxan Mehdiyev kimi xarici siyasəti gözəl bilən insanlar, Qubad İbadoğlu kimi iqtisadçılar, dəyərli analizləri olan politoloq Şahin Cəfərli, Elxan Şahinoğlu, “Turan”ın direktoru Mehman Əliyev orda olsun. Bu adamların parlamentdə olması çox vacibdir, çünki onlar qanun layihələri ilə çıxış edə bilərlər.

 

- Parlament buraxılan kimi namizəd olacaq şəxslərlə bağlı müəyyən siyahılar açıqlandı və həmin siyahılar, demək olar ki, doğru çıxdı. İndi də kimlərin parlamentə düşəcəyi barədə müəyyən proqnozlar verilir, siyahılar açıqlanır. Sizcə, bu siyahıların, ehtimalların doğru çıxması nəylə əlaqədardır?

 

- İnsanlar anlayırlar ki, mahiyyət dəyişmir, sadəcə bir qədər formada dəyişiklik var, yenə də təyinat, filankəsdən “dobro” almaq məsələsi var. Ona görə də köhnələr bildikləri qaydada hərəkət edirlər, siyahılardan, yəni təyinetmədən danışırlar. Mən də bir proqnoz vermək istəyirəm, yeni yaradılacaq parlamentin ömrü çox uzun çəkməyəcək, bunu proseslər göstərir.

 

- YAP-ın siyahısı gözlənilən vaxtdan bir qədər gec açıqlandı və bununla bağlı müəyyən fikirlər səsləndirildi...

 

- YAP-ın siyahısı formaldır. Bəlliydi ki, kimlər haradan deputat olacaq, ancaq elə yerlər var idi ki, dəqiqləşdirə bilmirdilər. Həmin formal siyahıda elə rayon var ki, oradan YAP sədrinin köməkçisinin namizədliyi irəli sürülüb. YAP-ın özündə adam tapılmadı ki, sədrin köməkçisinin namizdəliyi irəli sürülür? Bunlar bir daha göstərir ki, həmin ərazidən başqa adam nəzərdə tutulub, yəni başqasının “dobro”su verilib, YAP-ın nümayəndəsinin adı isə "gözdən pərdə asmaq" məqsədilə siyahıya salınıb.

- Bələdiyyə seçkilərində Mehman Hüseynovun şikayətindən sonra iki seçki məntəqəsinin həm nəticələri ləğv olundu, həm də seçki komissiyası buraxıldı. Həmçinin jurnalist Ceyhun Musaoğlunun namizədliyi qeydə alınmadı, məsələ ictimailəşəndən sonra isə qeydə aldılar. Bütün bunları nə ilə əlaqələndirirsiz?

 

- Bu məsələlər bir qədər imitasiya xarakteri daşıyır, görüntü yaradırlar ki, “biz şəffafıq”. Mehmanın damizəd olduğu dairədə bunlar üçün əsaslı sayıla biləcək şəxs seçilməyib. Bunu qanunsuzluğun qarşısının alınması kimi dəyərləndirə bilmərəm, sadəcə görüntüdür.

 

- Bəzi fikirlər səslənidirilir ki, parlamenet seçkilərindən sonra MSK-nın özünü buraxacaqlar. Bu barədə nə düşünürsünüz?

 

- Bizdə 2020-ci il üçün o qədər əsası olmayan proqnozlar var ki, bu da onlardan biridir. Amma olsa da, olmasa da, heç bir fərqi olmayacaq. MSK buraxılsa belə, onun yenidən yaradılmasında əvvəlki kimi heç bir bərabərlik gözlənilməyəcək. Sözün həqiqi mənasında demokratik qaydalara əsaslanan MSK yaranmayacaqsa, buraxılmasının da heç bir fərqi yoxdur, çünki toplananların yerini dəyişəndə cəm dəyişmir. Ancaq ola bilər ki, görüntü naminə MSK buraxılsın. Ümumiyyətlə, görüntü naminə çox şeylər baş verəcək, kadr dəyişiklikləri ediləcək, parlamentdə də müəyyən işlər görüləcək. Amma bu, heç nəyi dəyişdirməyəcək.


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10