İstintaq-əməliyyat qrupunun üzvləri o qənaətdədirlər ki, qatil bunu qurbanın ona müqavimət göstərdiyi üçün edib
Noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının ölümünün səbəbi və vaxtı məlum olub. Yanmış cəsəd yanvarın 6-da axşam saatlarında tapılıb. AYNA xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən məlumat verilib.
Məlumata görə, Nərmin, təxminən beş gün əvvəl öldürülüb. Ekspertlər onun baş nahiyəsində beş yerdə dəmir cisimlə yetirilmiş xəsarət (bir yerdə kəllə sınığı) izləri qeydə alıblar.
Uşağın cinsi təcavüzə məruz qalıb-qalmadığına gəlincə, məhkəmə-tibbi ekspertizasının bu faktı təyin etməsi mümkün olmayıb, çünki öldürülən uşağın belindən aşağı bütün bədəni tamamilə yanıb.
Cinayətin digər təfərrüatları da müəyyən edilib. Belə ki, Nərmin noyabrın 21-də itkin düşdüyü vaxt əynində olan paltarda tapılıb.
İstintaq bütün bu müddət ərzində uşağın uzaq bir yerdə olmadığını, ancaq Dondar Quşçu kəndinin ərazisində olduğunu ehtimal edir. O da ehtimal olunur ki, o, hansısa evin zirzəmisində saxlanılıb. Çünki Nərminin cəsədinin tapıldığı yerdə məhkəmə-tibb ekspertlər avtomobil təkərlərinə aid heç bir iz tapmayıblar.
Lakin qatillərin Nərminin cəsədini həmin əraziyə tikinti arabasında gətirdiyini göstərən izlər qeydə alınıb. Cinayətkar əvvəlcə cəsədi polietilen torbaya yerləşdirib, bundan sonra isə məlum olduğu kimi, qatil Nərminin cəsədini onların evinin yaxınlığındakı yolun kənarında yandırıb.
Uşağın vəhşicəsinə öldürülməsində kimin iştirak etdiyini söyləmək hələ çətindir. Hazırda müstəntiqlər Nərminin saxlanıldığı yerləri axtarırlar.
Nərminin dırnaqlarının kəsilməsi də maraq doğuran məqamlardandır. İstintaq-əməliyyat qrupunun üzvləri o qənaətdədirlər ki, qatil bunu qurbanın ona müqavimət göstərdiyi, bəlkə də cinsi əlaqə zamanı ona xəsarət yetirməməsi üçün edib.
Qeyd edək ki, bu günə qədər qohumların verdiyi ifadələrdə şübhəli məqamlar, ziddiyyətlər yoxdur. Müstəntiqlər dəlil və sübut axtarışlarını davam etdirirlər.
Qeyd edək ki, yanvarın 7-də Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi yandırılmış cəsədin qonşu İlkin Süleymanov tərəfindən tapılması barədə məlumat yayıb. Yanvarın 8-də isə Nərminin cəsədinin qalıqları dəfn edilib.
Nərmin Quliyeva 21 noyabrda, saat 15:00-da yoxa çıxıb. Sonuncu dəfə isə əmisi Lətif Quliyevin evində görülüb.