Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Bütün təhsil sistemi bilir ki, bu universitetdə iki şey ola bilməz - əxlaqsızlıq və rüşvət..."


Bakı Qızlar Universitetinin sabiq rektoru, professor, yazıçı Ağarəhim Rəhimovla müsahibəni təqdim edirik. 

- Ağarəhim müəllim, bir müddət öncə Türkiyədə müalicə olunduqdan sonra Bakıya qayıtdınız. Səhhətinizə hansı problemlər var idi?

- Təxminən altı ay bundan öncə Türkiyədə müayinə olundum və həkimlər xeyli dava-dərman da yazdılar. O dərmanlar mənə çox yaxşı təsir etdi və bu il ikinci dəfə Türkiyəyə getdim ki, yenidən müayinə olunum. Həkimlər məni əməliyyat edəcəklərini demişdilər. Amma bütün analizləri verəndən sonra əməliyyata ehtiyac olmadı. Əslində əvvəldən onlar deyən sözə köklənmişdim. Professor müayinələrdən sonra məni öpdü. Bilirdim ki, xəstəliyim yaxşı xəstəlik deyil. On iki ildir ki, bu xəstəliyə düçar olmuşdum və Almaniyada, İranda və Türkiyədə əməliyyat da etdirmişdim. 



- Rəhbəri olduğunuz universitet haqqında bir neçə illər öncə mətbuatda qalmaqallı yazılar dərc olundu, amma bunların heç birinə reaksiya vermədiniz...

 - Mən heç kimə pis demək istəmirəm. Hərənin bir xarakteri var. Azərbaycan mühitində Bakı Qızlar Universitetini açmışam və bir valideyn, tələbə və məzun deyə bilməz ki, Ağarəhim müəllim bizdən rüşvət alıb. Heç universitetin özü haqda da belə danışa bilməzlər.  Bu isə mümkün olmayan şeydir. Üç şeyə həyatımda diqqət yetirmişəm və onlardan birincisi rüşvətdir ki, demişəm almayacam, içimdə ona qarşı patoloji nifrət var. İkincisi bir halda ki, bu qızların təlib-tərbiyəsini öz üzərinə götürmüşəmsə, burda əxlaqi keyfiyyətlər yüksək səviyyədə olmalıdır. Bir Azərbaycan qızı haqqında mənfi söz eşitmək istəmirəm. Bu günün yetkin qızı sabahın anasıdır. Bir ailənin aparıcısı, sahibi anadır. Uşaqlarının və ərinin tərbiyəedicisi qadındır. Bu çox möhtəşəm bir missiyadır və əgər belə olmasaydı, Məhəmməd Peyğəmbər əbəs yerə deməzdi ki, “cənnət anaların ayağı altındadır”. Qaldı ki, haqqımda o cür yazıların yazılmasını gözləmirdim və onu mənə hədiyyə etdilər. 



Həmin gün mənim ad günüm idi və nazirlikdən də yoldaşlar gəlmişdilər. Heç ad günüm olduğunu da bilmirdim. Altmış yaşım tamam olurdu. Həmin anda katibə bir qəzet gətirib dedi ki, haqqınızda qəzetdə yazı gedib. Yazını oxuduq və gördüm ki, müsbət fikirlər səsləndiriblər. Bunun ardından ikinci qəzeti gətirdilər və gördüm ki, həqiqətə uyğun olmayan şeylər yazıblar. Guya mən kobudam, rüşvətxoram və s. Bunların heç birinə cavab vermədim və yazılar da zəif idi. 

- Bəs universitetin Ziya Məmmədovun olması haqda fikirlərə necə münasibət bildirərdiniz?

- Onu da qəzetdə yazmışdılar. Ziya müəllimgil bizim rayona gəlmədir və mən isə Zərdab tərəfdənəm. Ziya müəllimi və başqa nazirlikləri mənimlə əlaqələndirdilər. Lazım olmayan şeylərə əl atdılar. Qızlar yığışıb dedilər ki, əgər siz cavab vermirsinizsə, biz cavab verək. Mən onları da qoymadım cavab versinlər. Səhəri gün 6 qəzetdə əleyhimə yazılar getdi. Həmin qəzetləri indi də saxlayıram və ümumilikdə 32 qəzet yazı yazmışdı. Bir gün də qəzetlərdən birinin redaktoru mənə məktub göndərmişdi ki, onlara zəng vurum. Yenə cavab vermədim. Bütün təhsil sistemi bilir ki, bizim universitetdə hər şey ola bilər, amma iki şey, bir əxlaqsızlıq və bir də rüşvət ola bilməz. Bunu isə mənə yaxırsansa, demək sənin həqiqətin yoxdur, sən bundan uzaq adamsan. Sonra ictimaiyyət onların cavabın verdi. Milli Məclisdə də bu məsələni qaldırmışdlar. Məni kiminsə gözündən salmaq istəyirdilər. Azərbaycanda yeganə pedaqoqam ki, universitet rektoruyam. İlk dəfə Azərbaycanda Qızlar Universitetini mən yaratmışam. Məndən sonra Belarusiya, Qazaxıstan və Özbəkistan yaratdı. Özbəklər də yazmışdı ki, keçmiş SSR məkanında Qızlar Universitetini guya bunlar açıblar. Hansı ki, sənədləri məndən alıb aparmışdılar və onların da cavabın verdim. Haqqı belə ayaqlamaq olmaz. 

- Qızlar Universitetin başqa universitetlərlə müqayisədə hansı çətinlikləri var?

- Onu deyim ki, qızlarla danışanda sözün həqiqi mənasını bilmək lazımdır. Diqqətli olmaq lazımdır və sözündən başqa nəticə çıxararlar. Dəqiq olmaz lazımdır. Onlar həqiqəti istəyirlər və yalan danışan kimi düz alnından “vururlar”.



- Belə bir universitetin rektorusunuz və olubmu ki, hansısa qıza elçi gəlsinlər və qızı vermədikləri üçün sizə müraciət etsinlər...

- Belə şeylər çox olub. Bir oğlanın valideyni qız haqqında bizdən məlumat alıb və deyib ki, qızı oğluma almaq istəyirəm. Valideyndən öncə bizdən razılıq alıblar. İnanın sonra onların toylarında da iştirak etmişəm. Bunun üçün bütün hallarda düz olmalısan. İkitirəlik, liberallıq qızlarla işləməyə əsas vermir. Onlar hər biri nəvəm yaşdadılar. 2016-cı ilin oktyabr ayında rektorluqdan istefa verdim və düşündüm ki, bədii yaradıcılıqla məşğul olum. Mənim iyirmi cild bədii yaradıcılığım var. Yaradıcılığımdan 27 ədəd kitab yazılıb. 

- Universitetinizdə hansı fakültələr üzrə tələbələr təhsil alırlar?

- Azərbaycanda ilk dəfə bizim universitetdə  psixologiya fakültəsini mən açmışam. Bu heç Bakı Dövlət Universitetinin yadına da düşmürdü. Bununla yanaşı, filalogiya, tarix, xarici dil və məktəbə qədər hazırlıq fakültələri də fəaliyyət göstərir. Bizim universitetin on nəfər fəlsəfə elmlər doktoru var. Hər il qəbulla bağlı birinci yerdə oluruq. İnanın ki, universitetdə hər il yerlər dolur, amma bir dəfə bizi ən aşağı qəbul olan universitetlər siyahısına salmışdılar. Bakı Qızlar Universiteti haqqında film çəkiblər. Bu gün Azərbaycanda ali məktəblərdəki vəziyyəti bilirsiniz. Bir adam deyə bilməz ki, Ağarəhim müəllim rüşvətxordu, ləqayətini itirib, savadsızdır.  Bununla yanaşı, Azərbaycan elminin inkişafında xidmətlərim var. “Canavar balası” filminin ssenari müəllifi mənimdi. “Qırmızı qar” bədii filmi mənim povestimin motivləri əsasında çəkilib. “Sözüm ruhumdur” haqqımda sənədli film çəkilib. Beş əsərim teatrda oynanılıb. Bir adamın sözün danışmıram, siyasətlə məşğul olmuram, mənim siyasətim Azərbaycanın təhsilidir. Mən insanam və öz missiyam var. Televiziya kanallarına ən az çıxan adamam. 

Tələbələrim məni çox istəyirlər. On qrupda imtahan gedib və hamı bilir ki, mən burdayam. Uşaqlara əlaqəyə girib rüşvət alan olsa, onun ömrü burda beş dəqiqə sürər. Axmaq hərəkətlətinə görə on üç nəfər professoru bir gündə universitetdən qovmuşam. Mənə hərdən sual verirlər ki, dövlət tərəfindən sizə hansı fəxri adlar verilib? Cavabında deyirəm ki, heç biri. Günü bu gün bayraq qaldıraram və hamını da problem qarşısında qoyaram, yazmağa da cəsarətim var. Araşdırsınlar görək bu adları kimə nəyə görə verirlər. Mən hər şeyi yaxşı bilirəm.

Vasif Əlihüseyn 
Fotolar müəllifindir.
Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10