Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı akademik vəfat etdi


Yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, “Şöhrət” ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev ilə vida mərasimi bu gün keçiriləcək.

Cenub.az xəbər verir ki, mərasim bu gün saat 14.00-da Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında olacaq.

*** 
Azərbaycanda yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev vəfat edib.

B.Tağıyev bu gün 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bahadır Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olub. O, 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında professor olub, 2009-cu ildən isə bu qurumun Ümumi və tətbiqi fizika kafedrasının müdiri idi.

B.Tağıyev 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Fizik alim tərəfindən müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10-105 V/sm) elektrik keçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilib. Yüksək müqavimətli və enli zolaqlı yarımkeçiricilərdə injeksiya olunmuş yükdaşıyıcıların dərin tələlər tərəfindən tutulmaları ilə bağlı olan elektret və fotoelektret effekti aşkar edilib, bu effektlər əsasında müxtəlif çeviricilər hazırlanıb. Nadir torpaq elementləri ilə aktivləşdirilmiş CaGa2S4 tipli birləşmələr əsasında mexanizmi atomdaxili elektron keçidləri ilə bağlı olan sarı, mavi, yaşıl və qırmızı rəngli effektiv şüalanma alınıb, Bakı “Azərelektrik işıq” İstehsalat Birliyində həmin rənglərdə lümenessent lampaları istehsal olunub.

Akademik B.Tağıyev elm və təhsil sahəsindəki fəaliyyətinə görə, “Şərəf nişanı”, "Şərəfli əməyə görə” medalı, Dövlət Mükafatı laureatı və "Şöhrət" ordeninə layiq görülüb.

Allah rəhmət eləsin!





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10