“Saytımızdakı trafikin həcminin artması ilə əlaqədar problemlər var”
ABŞ-da Seçici Xidmət Sistemi (Selective Service System) saytı çöküb. Buna səbəb internetdə Üçüncü Dünya Müharibəsinin başlayacağı barədə fərziyyələrin sürətlə yayılması olub.
Cenub.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə sayt rəhbərliyi öz “Twitter” hesabında məlumat yayıb: “Saytımızdakı trafikin həcminin artması ilə əlaqədar problemlər var, bu səbəbdən dezinformasiyalar yayılıb”.
Məlumat üçün bildirək ki, ABŞ ordusunun 1973-cü ildən bəri müqavilə əsasında tam təchiz olunmasına baxmayaraq, səfərbərlik vəziyyətində cəlb ediləcək vətəndaşların adları saytda qeyd olunub. Hər bir amerikalı hərbi xidmətə çağırışla bağlı özü barədə məlumatı xidmət saytında yoxlaya bilər.
Qeyd edək ki, “Twitter”də ötən gündən etibarən #WWIII həştəq ilə (Üçünçü Dünya Müharibəsi –World War 3) paylaşımların sayı 3 milyonu keçib.
Xatırladaq ki, yanvarın 3-ü gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.
Hadisə ilə əlaqədar İranda 3 günlük mətam elan edilib.