Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Brejnevin sözünün qabağından söz deyən Vlasov – Onu Kremldə dürüstlük nümunəsi sayıblar


Hələ 1960-cı ildə İrkutsk vilayət komsomolunun birinci katibi işləyəndə onu Mərkəzi Komitədə çoxları tanıyıb. Ümumittifaq miqyaslı partiya və komsomol tədbirlərində Aleksandr Vlasov öz çıxışları ilə yadda qalıb. Onun fəallığı və işgüzarlığı Siyasi Büro üzvlərinin diqqətindən də yayınmayıb və o, Kremlin təşəbbüsü ilə komsomol orqanlarından partiya orqanlarına işə keçirilib.

Leonid İliç Brejnevin Aleksandr Vlasova xüsusi rəğbəti olub, baş katib onu dəyərli kadr kimi qiymətləndirib. Hətta Vlasov Mərkəzi Komitənin iclaslarının birində onunla mübahisə etməsinə baxmayaraq, Brejnev Vlasovu vəzifədən uzaqlaşdırmyıb. Mərkəzi Komitədə ayrı-ayrı vilayətlərdə aparılan ümumi işlərin vəziyyəti təhlil olunanda həmin ərəfədə Çeçen-İnquş vilayət Partiya Komitəsinin birinci katibi olan Aleksandr Vlasov Brejnevin tənqidinə tuş gəlib. Baş katib vilayətdə sosial-iqtisadi göstəricilərin aşağı olduğunu söyləyəndə, Vlasov geriliyin hansı səbəblərdən irəli gəldiyini izah edib. Bu izah Brejnevi qane etməyib və o, iradlarını bildirib:

- Söylədiyiniz səbəbləri mən qəbul edə bilmirəm. İstehsal prosesində xammalın gecikdirilməsi, hava şəraiti, işçi qüvvəsinin çatışmaması kimi hallar səbəb deyil, sadəcə bəhanədir. Sizin söylədiyiniz problemlər bütün bölgələrdə var. Amma onlar planı vaxtında və artıqlaması ilə ödəyirlər. Siz Orta Asiya respublikalarındakı göstəricilərə baxın və özünüzlə müqayisə edin. Yəqin ki, arada olan fərq sizin üçün də ürəkaçan görnməyəcək.

Vlasov Brejnevin iradlarını cavabsız qoymayıb:

- Leonid İliç, biz onlar kimi ola bilmərik və həmin göstəricilərə nail olmaq bizim imkanımız xaricindədir. Çünki bizdən fərqli olaraq onların günəşi həmişə Kremlin üzərində boylanır.

İclasda iştirak edənlərin çoxları Vlasovun nəyə işarə etdiyini yaxşı anlayıblar. Bu ifadə ilə Vlasov Orta Asiya respublikalarında şişirdilmiş rəqəmlərə, saxta göstəricilərə işarə edib, Kremlə daşınan hədiyyələri isə günəşin Kreml üzərində boylanması kimi diqqətə çatdırıb. Baş katib məsələnin dərinliyinə getməyib, çünki o, yaxşı anlayıb ki, Vlasov qərəzli insan deyil və həqiqəti söyləyir.
Aleksandr Vlasov 1932-ci ildə Buryat Muxtar Pespublikasının Babuşkin rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra İrkutsk Dağ-Mədən İnstitutunda ali təhsil alıb. İlk əmək fəaliyyətinə mədəndə usta kimi başlayıb. 1954-cü ildən komsomol orqanlarında işləyib. 1957-ci ildən İrkutsk vilayət komsomolunun ikinci katibi, 1960-cı ildən isə birinci katibi olub.

Vlasov 1963-cü ildə İrkutsk vilayət Partiya Komitəsinə ikinci katib təyin edilib, çox keçməmiş, iki ildən sonra onu Yakutiya vilayətinə eyni vəzifəyə təyin ediblər.

1967-ci ildə Aleksandr Vlasov Moskvaya dəvət olunub. Kremldə onu Mixail Suslov qəbul edib. Görüş uzun çəkməyib, Suslov dəvətin məqsədini açıqlayıb:

- Yakutiyada bütün işləri ikinci katibə təhvil verin. Siz Mərkəzi Komitədə sosial-iqtisadiyyat şöbəsinə inspektor təyin edilmisiniz. Bu vəzifə sizin üçün müvəqqətidir. Brejnev sizin haqqınızda yüksək fikirdədir. Mərkəzi Komitədə təcrübənizi bir az da artırdıqdan sonra sizin cənub vilayətlərinin birinə birinci katib təyin edilməyiniz nəzərdə tutulub. Odur ki, Mərkəzi Komitədə fəaliyyət göstərəcəyiniz dövrdə çalışın ki, etimadı doğruldasınız.

Beləliklə, 1972-ci ildə Aleksandr Vlasov Mərkəzi Komitədə inspektor vəzifəsinə təyinat alıb. Üç il bu vəzifədə işlədikdən sonra Vlasov deyildiyi kimi, Çeçen-İnquş vilayət Partiya Komitəsinə birinci katib təyin edilib.

Aleksandr Vlasov birinci katib işlədiyi dövrdə təmənnasız olaraq Kremlin əsas simalarından biri olan Mixail Suslovdan, DTK sədri Yuri Andropovdan, sonralar isə həmin dövrdə Mərkəzi Komitənin katibi olan Mixail Qorbaçovdan böyük dəstək alıb.
Vlasovu digər birinci katiblərdən fərqləndirən əsas cəhət onun təmizliyi, reallığa uyğun olaraq həqiqəti deməyi, pafosdan uzaq olmağı olub. Vlasov xərclənən vəsaitlərin hesabatını son qəpiyinədək göstərməklə Kremlə təqdim edib. Yuxarılar yaxşı biliblər ki, Vlasovun olduğu yerdə heç bir yeyintidən, israfçılıqdan söhbət gedə bilməz. 
Həmin ərəfələrdə Krasnodar və Stavropol diyarlarının kurort şəhərlərindəki korrupsiya faktları, milyonlarla ölçülən yeyintilər aşkar olunanda və bununla bağlı Syasi Büroda müzakirlər zamanı, yaxud məhkəmə proseslərində Aleksandr Vlasovun adı nümunə kimi çəkilib.

1984-cü ildə Mərkəzi Komitənin geniş tərkibli iclasında Rostov vilayətində sosial-iqtisadi sahədə, kənd təssərrüfatında olan gerilik, xüsusilə də vilayətdəki kriminogen durumun ağır olduğu müzakirə olunanda Mixail Qorbaçovun təşəbbüsü ilə Aleksandr Vlasov vilayətə birinci katib göndərilib.

Vlasov ən qısa müddətdə Rostov vilayətində müsbət nəticələr əldə etməyə nail olub. O, bu vəzifədə iki il işləyib. 
Aleksandr Vlasov sonralar Rostovdakı fəaliyyəti ilə bağlı xatirələrində yazıb:

“Bu vilayətdə hələ görüləsi işlər çox idi. Mən qısa müddətdə bir çox problemləri aradan qaldırdım. Vilayəti SSRİ-də ən qabaqcıl yerə çaxara biləcəyimə inanırdım. Amma 1986-cı il yanvarın 23-də Mixail Qorbaçovun mənə zəng vurması Rostovdakı planlarımı yarımçıq qoydu. Həmin gün adətim üzrə səhər tezdən işə gəlmişdim. Köməkçim məruzə etdi ki, təcili Kremlə zəng vurmalıyam. Ümumi şöbəyə zəng vurdum, dedilər ki, baş katibin köməkçisi ilə əlaqə saxlayım. Köməkçi ilə əlaqə yaratdım, o, mənə dəstəkdə qalmağımı xahiş etdi, bir neçə dəqiqə sonra Mixail Qorbaçov məni salamladı:

- Aleksandr Vladimiroviç, biz artıq bilirik ki, siz Rostovda qayda-qanun yaratmağa nail olmusunuz. Odur ki, indi Moskvada daha çox lazımsınız. Siyasi Büro sizin daxili işlər naziri vəzifəsinə təyin olunmağınız haqqında qərar qəbul edib. Bu gün sizin arxanızca xüsusi təyyarə göndəriləcək. Təcili Moskvaya gəlin.

Sözsüz ki, mən heç bir fikir söyləyə bilməzdim. Həmin gün xüsusi təyyarə ilə Moskvaya uçdum...”

Aleksandr Vlasov 24 yanvar 1986-cı ildən general-polkovnik rütbəsində daxili işlər naziri kimi fəaliyyətə başlayıb. Onun nazir olduğu dövr ən çox xüsusi təyinatlı milis dəstəsinin (OMON) yaradılması ilə yadda qalıb.

Vlasov 3 oktyabr 1988-ci ildə siyasi karyerasının növbəti mərhələsinə qədəm qoyub, o, Rusiya Nazirlər Sovetinin sədri kürsüsünə sahib olub.

1990-cı ildə Rusiya Federasiyası xalq deputatlarının birinci qurultayında Boris Yeltsinlə yanaşı Aleksandr Vlasovun da Rusiya Federasiyası Ali Sovetinin sədri vəzifəsinə namizədliyi irəli sürülüb. Gərgin mübarizədən sonra Vlasov 68 səs fərqi ilə Yeltsindən geridə qalıb.

Seçkilərdə məğlub olan Aleksandr Vlasov 1990-cı ildə son aylarını yaşayan Mərkəzi Komitənin sosial-iqtisadiyyat şəbəsinə rəhbərlik edib. 1991-ci ildə təqaüdə çıxıb.

Vlasov müasirlərinin yaddaşında həm də tez-tez işlətdiyi bu ifadə ilə yadda qalıb: “Hər bir kişi ağac əkməli, ev tikməlidir...”
Aleksandr Vlasov 2002-ci ildə, 70 yaşında vəfat edib. O, Moskvada, Troekurovski qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10