Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

10 aprel 2010 ci - il Çəpərüstü söhbət


- Bu günlərdə yolum təsadüfən Lənkərana düşdü. Elə bildim ki, hamı yeni icra başçısının, Qəbələ rayonundan bura transfer edilmiş Tofiq müəllimin etdiyi yeniliklərdən, tədbirlərdəki dəyərli çıxışlardan danışacaq. Gözlədiyimin əksinə olaraq bəziləri yeni başçıdan daha çox, Lənkərana qalmayan Süleymandan (əksinə də oxumaq olar), yəni sabiq icra başçısı Süleyman Mikayılovla bağlı olaylardan danışırdı.
- Bəs deyirdilər ki, onun qorxusundan heç kim Süleyman müəllim haqqında tənqidi fikir deyə bilmir?
- Bu o vaxtlar idi ki, Süleyman müəllim özü Lənkəranda idi. Gedənin dalınca danışmağa nə var ki.
- Axı, nə danışırlar e?...
- Babalı deyənlərin boynuna. Guya Süleyman müəllim indi icra başçısı olduğu Qaradağda bir zavoda gedir. Burada müdirlə sözü çəp gəlir və həmin müdirə əl qaldırır. Müdir də qoçularına əmr edir ki, onlar da rəhbərə əl qaldırsın. Polis və prokuror da guya orada yeni rəhbərə asi olublar.
- Qıza, eşit, inanma. Süleyman müəllim ən azından boksçudur, boks federasiyasının vitse-prezidentidir. Belə iş olmaz. Belə söhbətlər də yəqin ona görə yaranır ki, oradakı şöbə müdirləri Süleyman müəllim zavoda gedəndə onun üçün üzərrik yandırmayıb, kişi nəzərə gəlib.
- Nə isə, bir-iki kəlmə də yeni başçıdan söhbət eləyək. O hansı işlərlə məşğuldur? Xalq ondan nə istəyir? O, xalqdan nə istəyir?
- Lənkəranlı bir ağsaqqal dedi ki, xalqın yeni icra başçısı ilə bağlı bir arzusu var, o da bundan ibarətdir ki, kaş yeni başçının metlax düzəldən sexi olmasın, yoxsa, o da Lənkəranın mərkəzi meydandakı bir neçə min kvadratmetrlik yerin metlaxını təzədən dəyişdirər. Neçə ki, əvvəlki başçı təzə metlaxları öz sexinin metlaxları ilə əvəzlədi. Amma Allah tərəfi - bəziləri də deyir ki, yeni rəhbər çox rəhmlidir. Partizanlıq etməklə arası yoxdur. Torpağa, kadr işinə görə hələ ki pul almır. Yaltaqlarla isə heç arası yoxdur. Hətta rəhbərlərdən biri onun üçün qapı açmaq istəyəndə həmin şəxsə acıqlanıb.
-Ax-ax, bu vəzir-vəkillər. Onlar neçə başçını bu cür yoldan çıxarıblar. “Lənkəran xanının vəziri” tamaşasında Nisə xanımın vəzirin başına keçirtdiyi qazanı, deyəsən, hələ də bəzi müasir vəzirlərin başından çıxara bilmirlər. Nə isə. Bəs başqaları nə deyir?
- Bəziləri isə deyir ki, Lənkəranda əsas alış-veriş gedən idarələrdə heç nə dəyişməyib, hərbi komissarlıq, təhsil, səhiyyə, ünvanlı yardım və sair işlərdə əvvəlki bazarlıq elə əvvəlki qaydada gedir. Ən gülməlisi isə odur ki, yeni başçı yerli jurnalistləri yanına çağıraraq bildirib ki, bu rayondakı bəd xəbərləri - intihar, qəza, xuliqanlıq, oğurluq və sair xəbərləri mərkəzə ötürməsinlər.
- Qıza, lap adamın yadına sovet vaxtı bir pambıqçı qadının əhvalatı düşür. Belə ki, bizim bir qabaqcıl pambıqçı sovet dövründə Türkiyəyə gedir. Orada ondan soruşurlar ki, sizdə adam öləndə dəfn zamanı islam qaydalarına əməl olunur, olunmur? Çaşacağından qorxan qadın deyir ki, sovet adamı ölmür. İndi belə çıxacaq ki, cənublular ölmür, intihar etmir... (Bir zarafatcıl demişkən, daha televiziya deməyəcəksə, onda niyə intihar edirəm)
- Təxminən belə də. Məsələn, indiki başçı Qəbələdə işləyəndə mən “Jalə” şirəsindən başqa ordan heç bir xəbər eşitmirdim.
- Bəlkə, belə qadağaların nəticəsidir ki, qəbələlilər Tofiq müəllim oranı tərk edəndən sonra qanunsuz söküntülərə etiraz əlaməti olaraq 500 nəfərə yaxın dəstə ilə icra hakimiyyəti binası qarşısında piket ediblər.
- Zarafat edirsən, ya ciddi deyirsən? – “Azadlıq” qəzetinin 4 aprel sayına, 8-ci səhifəyə bax və oxu. Qəzet yazır ki, Qəbələnin yeni icra başçısı deyib ki, mən bura təyin olunandan sonra baş verən olaylara cavabdehəm. İndi belə çıxır ki, qəbələlilər gəlib Lənkəranda piket eləməlidirlər.
- Yaxşı, bu Qəbələ söhbətin saxla. Mənə de görüm, lənkəranlılar yeni başçının işləri barədə onun özünə nə deyirlər?
- Bəzisi deyir ki, adamları çox yaxşı qəbul edir. Bəzisi də deyir ki, əhali ona heç yaxın gedə bilmir. İcra hakimiyyətinə bir neçə yerdən giriş təşkil edib... Biri bərk gedənlər üçün, biri zəhmətkeşlər üçün... Hələ cangüdənləri demirik.
- Mən də eşitmişəm ki, yeni başçı hələlik lənkəranlıların səbrini yoxlayır. Hər tədbirə ən azı 1-2 saat gecikib buradakıların nə qədər dözümlü olduğunu bilmək istəyir.
- Qıza, hər şeyi deməyə tələsmə. Bunlar hələ qoz-fındıq mövsümündə olan xəbərlərdir. Görək xiyar-pomidor mövsümündə nələr olacaq. İnanaq ki, Lənkəranda yaxşı, nümunə olacaq işlər çoxalacaq, zəhmətkeşlər də eşidib fərəhlənəcək.
- Lap sonda sənə bir xəbər də deyim. Bizim masallılılar təhsil şöbə müdirinə şər atmağa başlayıb. Orada-burada danışırlar ki, təhsil şefi Astan müəllim, bayram vaxtı, istirahət günləri bir-birinə qarışanda, yəni martın 26-da bir neçə məktəbə gedib, orada müəllimlərin və şagirdlərin bir çoxunu görmədiyi üçün həmin məktəblərə cərimə kəsib. Həmin cəriməni ödəmək üçün bəzi məktəblərdə müəllimlərin üzərinə 12-13 manatlıq cəzalar müəyyənləşdirilib. Hətta direktorlardan biri bu cəzanı ödəyə bilmədiyi üçün, təhsil şöbəsindən olan təzyiqlərin fikri-xəyalından işə gedərkən avtomobil qəzasına düşüb.
- Sənə əvvəllər də demişəm ki, Astan müəllim elə uşaqlıqdan pulla oynayıb, o belə cılızlıqlara gedən oğlan deyil, sağında, solunda olanlar onu bu işlərə təhrik etsələr də...
Sərraf Zahir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10