Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Alim Qasımova, Əli Kərimliyə, Aleksandr Bloka həsr olunan şeirlər



Qorxmaz Şıxalıoğlunun ithaf şeirlərini təqdim edirik.

A. Bloka

Bir qadın köçmüşdü bizim binaya,
Təkcə yaşayardı, təkcə gəzərdi.
Bir qonum-qonşunu salmazdı saya,
Baxmazdı kim ona dodaq büzərdi.

Sevib yaşayardı öz həyatını,
Səhər evdən çıxıb axşam gələrdi.
Tək-tənha ömrünün hər saatını,
Bir səadət dolu dünya bilərdi.

Külək yelləyərdi boş zivəsini,
Kimsə orda paltar görməzdi heç vaxt.
Eşitmək istərdi hamı səsini,
Ancaq o danışmaz, gülməzdi heç vaxt.

Əyni şux, baxışı inam saçardı,
Baharda sökülən dan yeri kimi.

Ona yaraşardı bütün paltarı,
Təzəcə dən düşən telləri kimi.

Nə yasa gedərdi, nə də bir toya,
Nə də bilinməzdi sevinci, dərdi.
Elə gəzərdi ki, sanki dünyaya,
Yüz dəfə, min dəfə gəlib-gedibdi.

Yayda həyətdəki tənha söyüdə,
Səhər tezdən durub su verərdi o.
Qəlbində közərən dərdini bəlkə,
O tənha söyüdlə söndürərdi o.

Qonşular gizlində pıçıldaşardı:

“Söyüdün açılıb bəxtinin gözü”.
Hamı bir-birinə ürək açardı:
“Söyüdün söyüdlə düz tutar sözü”.

O qadın gələndən boz binamızın,
Tamam dəyişmişdi köhnə gərdişi-
Burda nə kasıbın, nə keçəl qızın,
Sanki düzəlmişdi hamının işi..

...Bir payız gecəsi silkələndi yer,
Töküldü həyətə bütün qonşular.
Hamı düşündü ki, o indi gələr-
Yoxsa ölümlə də oynamaq olar?!

O gecə çoxunun baxışı dondu,
O qadının tənha pəncərəsində.
İşığı gəlsə də, özü gəlmədi,

Hamının istəyi qaldı gözündə.

... Bir axşam eşitdim, köçüb gedib o,
Çoxunun xəbəri olmayıb bundan.
Deyirlər, bir qoca görübdür onu-
Evdən çıxıbdı o, dan qızaranda.

Qonşuda yaşayan tələbə qıza,
Şəhərdən əbədi gedir, deyibmiş.
Bir də “həyətdəki tənha söyüdə,
Arada vaxt tapıb, su ver”, - deyibmiş.

İlk günlər qonşular gen gəzərdilər,
Sanki utanardı çoxu söyüddən.
Sonra, elə bil ki, dəyişdi aləm,

Söyüd doğmalaşdı hamıya birdən.

İndi, su verməyə söyüdə, hərdən,
Az qala qonşular növbəyə durur.
Hamı düşünür ki, qayıdacaq o,
Yenə şux geyimdə, üzündə qürur.

Alim Qasımova

“Alim” adlı bəndən var, İlahi!
Onu yaxşı tanıyırsan.
Səni çox sevir,
Səninlə nəfəs alır,bilirsən.
Amma muğam oxuyanda,
səsi zilə qalxanda,
Səninlə bizim aramızdakı
nəhəng, qalın pərdə tərpənir.
Hərdən qorxuram ki,
o pərdə aralana-
dünyanın sehri itib-gedə,
yaşamaq zülm ola.
İlahi, rəhm sal onun ürəyinə,
qoy daha oxumasın.

Anatoli Banişevskinin xatirəsinə

O gün “Gənclik”dən,
stadionun yanından keçirdim.
Qulağıma səs gəldi,
tribunalar qışqırırdı:
“Tolik! Tolik!”
Gördüm top səndədir,
yel kimi gedirsən
rəqib qapısına doğru,
ürəyimiz də arxanca,
gözlərimiz də sənin
işıqda bərq vuran
qızıl başında...

Dünyadan cavan gedən tarixçi-alim, şair-publisist,
dostum Aydın Səlimzadənin xatirəsinə həsr olunur

Ömrünü çox cavan,cavan bitirdin
Dərdini gizlində daşıyırıq biz.
Ölümü dostlara görə götürdün,
Sənin hesabına yaşayırıq biz.

Ömrün yaz çağında,yoluna nagah,
Hardan gəlib düşdü bu qapqara daş?
Dostların içində,bəlkə də,ən çox
Sənə yaraşırdı yaşamaq,qardaş!

O yerdə ki,sənin nəfəsin vardı,
Yeri dar olardı qəmin, kədərin.
Adama dərdini unutdurardı,
Yaşamaq eşqiylə yanan gözlərin.

Nərgiz ləçəyinə düşən şeh kimi,
Ürək qızdırardın təmizlərə sən.
Yayın ortasında əsən meh kimi,
Necə yaraşırdın bu şəhərə sən!

Adın dostlarının dil-dodağından,

Bir toyda, məclisdə silinən deyil.
Uzaqdan görünən Babadağında
İşaran bir əlçim qarsan, elə bil.

Ürəyində qalan sözün əzabı,
Qönçə arzuların yandırır bizi.
Yaza bilmədiyin neçə kitabın
Rəfdəki boş yeri sındırır bizi.

Yenə kəndimizin yamaclarında,
Çobanalladanlar bizi aldadır.
Bir vaxt çox sevdiyin kənd qızlarının,
Yanağı yenə də çiyələk dadır.

Sənsiz doğma yerlər dumanda, çəndə,
Səni yada salıb, ağlayır, Aydın!
Hardasa atadan bir söz düşəndə
Aygünün qəlbini dərd oyur, Aydın!

Qayıdıb gələrlər baharda yenə,
Payızda köç edib gedən durnalar.
Niyə harayımız yetişmir sənə?
Adamı nə qədər gözləmək olar?

Bir gözəl, işıqlı may səhərində,

Metrodan çıxanda görəydim səni!
Niyə oturmadın bu gün yerində
Məclisə baxanda görəydim səni.?

Nigaran ruhunun üfüqlərini,
Aydın, qoy heç zaman bulud almasın!
Səni biz o zaman unudarıq ki,
Başımız üstündə səma olmasın.


Bəstəkar Arif Məlikova

Uç, qartal, uç!
Qanad aç ənginliklərdə,
ucalarda.
Zirvə eşqindən güc al,
ildırım kimi çax
üfüqlərdə.
Uç, qartal, uç!
Sən ucalarda uçmaqdan yorulmadın,
Biz də ucalıqlara göz yummaqdan.

Əjdər Ola

O gün siz tərəfdən-
Hacıqabuldan keçirdim.
Kəndinizi gördüm,
sanki yanan təndir idi.
Sən göyə qaldırdığın
o şoran düzlər
bürküdən pörşələnirdi.
Arada vaxt tap, kəndə get,
bir qurban kəs.
Bəlkə, yağış yağa.
Şeiri sonra yazarsan.


Əli Kərimə

Dörd-beş dost idilər...
Gecə düşəndə
gəlib çatdılar yol ayrıcına.
Biri ayrılıb dəstədən
üz tutdu başqa yola.
Dostlardan birinin dilinə
gəlmədi adı-
arxadan bir kimsə onu çağırmadı.
Demədilər, bu zülmət gecə
hara gedirsən təkcə?

Radioda Hüseyn Saraclı oxuyurdu

Gorun gül açsın,Hüseyn Saraclı!
Belə oxuma!
Onsuz da səni sevmədik,
oxuduğun kimi.
Dediyin Ərzurum yerindədir,
elə qara zulum da.
Böyük kişi belə oxuma!-
Üstümüzə bu səsinlə
işıq salma!
Adam utanır özündən.
Öldürmə bizi...
...İlahi,nə yaxşı
Aşıq Ələsgərin
səsi qalmayıb.

Musa Yaquba

Bulud meşələrin kölgəsi getdi,
Kəsildi palıdı, vələsi getdi,
Ayısı, turacı, dələsi getdi,
Hələ yerindədir yaxşı ki dağlar.

Pozuldu gədikdə dağkəli izi,
Qurudu bulağın dumduru gözü,
Uzaqda, zirvədə bir qartal süzür,
Hələ yerindədir yaxşı ki dağlar.

Kimin gücü vardı, söküb apardı,
Meşənin köksünə çöküb apardı,
Daşını çayından çəkib apardı,
Hələ yerindədir yaxşı ki dağlar.

Hələ zirvələrə güc vurmaq olmur,
Ağactək kökündən qoparmaq olmur,
Şükür sənə Allah, aparmaq olmur,
Hələ yerindədir yaxşı ki dağlar.

Mübariz İbrahimovu düşünərkən...

Salam, şair Abbas Səhhət!
Yüz il əvvəl,
“Vətən” şeirini yazanda, yəqin,
daha çox Mübarizi düşünmüşdün.
Onda, bəlkə də,
bir az da ümidsizləşmişdin:
“Görən, bu şeirim çatacaqmı
onun əlinə?” demişdin...
Gözün aydın, Abbas Səhhət!
Məzarda rahat uyu, rahat yat.
Biləsən: sən dediyin o cavana,
düşmənə qan udduran
Ağakərim oğlu Mübarizə
gəlib çatdı “Vətən” şeirin.

Nəbi Xəzrinin xatirəsinə

Dünyaya əlvida dediyin gündən
Sanki üfüqlərin rəngi solubdu.
İllərlə sevdiyin, əzizlədiyin,
Üfiqlər, elə bil yetim qalıbdı.

Gözündə üfüqlər əzizdən-əziz,
Onların sehrini sözə gətirdin.
Sən getdin, o gündən sanki şeirimiz,
Nəbi Xəzri adlı üfüq itirdi.

Gün qürub edəndə üfüqdə yenə,
Sənin baxışının izi görünür.
Orda-üfüqlərin Sənə, tək Sənə
Neçə deyiləsi sözü görünür.

Sanıram, üfüqlər hər axşam-səhər,
Şair həsrətinlə alışır yenə.

Səni öz qoynunda uyutsa da Yer,
Ruhun üfüqlərdə dolaşır yenə.

Rəbiyyə Səyyadiyə

Hərdən xəyalımda bir qara qartal,
Göylərə cəng açır, meydan oxuyur.
Onda, elə bil ki, əynimdə paltar,
Tüfəng lüləsitək barıt qoxuyur.

Qüssə uçub gedir, qəm qaçaq düşür,
Bu qartal balaca qanad çalınca;
Qanım damarımda dəniztək coşur,
Bir anda dönürəm iti qılınca.

Qəlbimi sıxanda bəzən dərd, məlal,
Hərdən güc gələndə qəm-kədər mənə,
Elə bilirəm ki, onda, bu qartal
Şığıyır kədərin, dərdin üstünə....

Hardan çatır ona, görən bu xəbər?
Bəlkə uzaqlardan məni izləyir?
Ayaq açan kimi üstümə kədər,
Elə bil ki, onu kimsə səsləyir.

...Getməz gözlərimdən o nurlu səhər-
Ziyarət edirdik Həzrət Babanı.
İndi xatirimə gəlir o qartal-

Sübhün işığında görmüşdüm onu.

Avqustun ilk günü. Babadağ. Soyuq...
Ətrafda ağaran qar zolaqları...
Deyəsən, o, bizə baxıb bir anlıq,
Sonra uçub getdi Şahdağa sarı...

Heç kimin xəbəri yox bu işimdən,
Nə qədər gizləyim axı bu sirri?
Bilmirəm, Allahın bu bəxşişindən,
Mən dosta, qardaşa necə pay verim?

Qəmli çağlarımda güc verib mənə,
Ürəyimdə ümid, işıq bitirir.
Bəlkə də, Şıxalı babama görə,
Allah bu qartalı mənə yetirib.

Şamxal Rüstəmə

Dünən gecə,
Yesenin gəlmişdi yuxuma
Sevincimdən bilmədim neynim.
Düşündüm ki, “525- ci qəzet”in
sonuncu şənbə sayında
şeirlərimi oxuyub yəqin.
Bir xeyli susdu,
sonra başdan- ayağa süzüb məni
kədərli- kədərli dilləndi:
“O zəhrimar “Xan” arağını içmə,
Vallah, öldürəcək səni”.

Kəlbəcərli Şücaətin xatirəsinə

Könüllər açardı sözü yaz kimi,
Coşub-çağlayardı Kür, Araz kimi,
Gündə yüzü ölsün Qorxmaz kimi,
Dağlar niyə qoydu Sücaət ölsün?

Ümid bağlamışdı bal sularına,
Yazda dumanına, yayda qarına
Daha deməyəcək “... dağ verin mana”,
Dağlar niyə qoydu Sücaət ölsün?

Özü də, sözü də mərd idi axı,
Qaya kimi məğrur, sərt idi axı,
Namərdə dağ boyda dərd idi axı,
Dağlar niyə qoydu Sücaət ölsün?

Söz onun dilində olardı aram,
Çünki qələminə qatmazdı haram,
O yazan qoşmadan daha tapmıram,
Dağlar niyə qoydu Sücaət ölsün?

O gün ki, yurdundan düşdü dərbədər,
Gözündən yaş olub axdı Kəlbəcər.
“Qoşqar”, “Murov” dedi ölənə qədər,
Dağlar niyə qoydu Sücaət ölsün?

Tofiq Abdini xatırlarkən

Sentyabrın tən ortasında,
həyətimizdəki dörd şam ağacını
elə, mən yaşda olardılar-
kəsib uzatdılar yerə.
Hərəsinin də budağında
üç- dörd quş yuvası.
Dedim, o quşların başına
hava gələr yəqin o axşam.
...Yadımdadı, bir şənbə günü,
Sarının kafesinə tərəf gedirdik-
sən, mən, Adilxan.
Necə oldusa,
bunları danışdım sənə...
Birinci badədən sonra,
gördüm, gözlərin yaşarıb.
Qayıtdın ki, Qorxmaz,
gərək o ağac söhbətini
deməyəydin mənə...

O gün sevdim səni,
o gün köçdün ürəyimə,
yaşarmış gözlərinlə.


Yazıçı dostum Zakir Sadatlının xatirəsinə

Dumanlı, çiskinli bir gecə,
heç vaxt görmədiyim bir çöldə,
sahilləri yovşan dolu bir gölə
bir durna dəstəsi tökülüşər.
Durna səsi qarışar suyun səsinə,
çat düşər nəhayətsiz çölü örtən
sükutun sinəsinə.
Yavaş-yavaş yovşan ətri hopar
durnaların şeh düşmüş belinə.
...Zakir, indi gecədir, tək oturmuşam.
İstəyirəm sənə bir şeir yazam.
Otağımda gecənin nəfəsi,
yovşan ətri, durna səsi,
bir də, qaranlıqdakı suyun işartısı...

kulis





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10