Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Parlament seçkilərindən və seçkisonrası dövrdən nə gözlənilir?



Elxan Şahinoğlu: “Milli təhlükəsizlik maraqlarımız onu diqtə edir ki, seçkiləri demokratik və şəffaf keçirilsin”

 

Məlum olduğu kimi, 2020-ci ilin 9 fevralında 6-cı çağırış parlamentə növbədənkənar seçkilər keçiriləcək. Artıq hakim Yeni Azərbaycan Partiyası (YAP) da daxil olmaqla, bir çox siyasi partiyalar seçkidə iştirak edəcək namizədlərin siyahısını ictiamiyyətə açıqlayıb. Lakin seçkiyə az vaxt qalmasına baxmayaraq, bir sıra qaranlıq və cəmiyyətdə birmənalı qarşılanmayan məqamlar var.

 

Cenub.az xəbər verir ki, ayna.az-ın əməkdaşı seçki prosesi və seçkidən sonra cərəyan edəcək siyasi hadislərin gedişatı ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzənin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə həmsöhbət olub.

 

- Elxan bəy, seçkilərə az zaman qalıb.Yəqin ki, seçki prosesi və postseçki dövrü ilə bağlı indidən müəyyən təəssüratlarınız var...

 

- Əslində, parlament seçkilərindən elə də böyük gözləntilərim yoxdur. Əlbəttə, hər kəs istəyir ki, yeni parlamentin tərkibi keyfiyyət baxımından köhnə parlamentin tərkibindən fərqli olsun. Çünki bütün ölkə əhalisi parlamentin fəaliyyətindən narazı idi. Məhz Prezident də parlamentin fəaliyyətindən narazı qaldığına görə, erkən seçkilər təyin etdi. Lakin buna baxmayaraq, yeni parlamentdən də gözləntilərim çox deyil. Doğrudur, yeni tərkibdə müəyyən qədər dəyişiklik baş verib. Amma çox təəssüf edirəm ki, parlamentdə susan deputatların əksəriyyəti namizədliyini yenidən irəli sürüb. Belə olan halda isə bir sual ortaya çıxır: əgər həmin şəxslər yarıtmaz fəaliyyət baxımından özlərini buraxmışdılarsa, nə üçün namizədliklərini yenidən irəli sürüblər? Əlbəttə ki, parlamentdə fəal millət vəkilləri də var, mən onları nəzərdə tutmuram. Amma elə deputatlar var ki, ard-arda 20 il deputat seçilir, amma bir dəfə də olsun, onun çıxış etdiyini heç kim görmür. Yaxud, heç vaxt seçiciləri ilə görüşüb, onlarla maraqlanmır. Həmin şəxslər namizədliklərini yenidən irəli sürüblər. Bu isə, cəmiyyətdə böyük suallar meydana gətirir.

- Bu dəfə parlamentdə YAP-ın, müxalifətin və müstəqil namizədlərin parlamentdə təmsil olunmaq şansları nə qədərdir?

 

- Yeni Azərbaycan Partiyası növbəti parlamentdə də əvvəlki kimi hakim mövqedə olacaq. Böyük ehtimalla, səs çoxluğu yenə də hakim partiyada olacaq. Lakin müstəqil namizədlər və müxalifətin bir neçə tanınmış simalarının da parlamentdə təmsil olunmaq şansları var. Çünki bu, onsuz da hakimiyyətə problem yaratmayacaq. Amma buna baxmayaraq, hər zaman olduğu kimi, bu dəfə də çoxluq YAP-da olacaq. Əslində, müstəqil namizədlərin də böyük əksəriyyəti hakimiyyətə dəstək verən şəxslər olacaq. 

 

- Qənaətinizcə, seçkilər nə qədər şəffaf və demokratik keçiriləcək? Və bu seçkilərin özündən əvvəlkilərdən fərqi olacaqmı?

 

- Seçkilərin şəffaf və demokratik keçirilməsi, imicinin dəyişdirilməsi baxımından, əslində, hakimiyyətin özünə də lazımdır. Lakin buna baxmayaraq, geridə qalan bələdiyyə seçkilərində müəyyən qüsurların üzə çıxdığının şahidi olduq. Bu qüsurlar yəqin ki, parlament seçkilərində də baş verəcək. Amma çalışmaq lazımdır ki, ən azından bu seçki əvvəlki seçkilərdən fərqlənsin və qanun pozuntularına yol verilməsin. Çünki bu qanun pozuntuları Azərbaycanın beynəlxalq imicinə də mənfi təsir göstərə bilər. Təbii ki, beynəlxalq imicimizə mənfi təsir göstərən hər şey Dağlıq Qarabağ münaqişəsinin həllində də mövqelərimizi zəiflədə bilər. Ona görə də, milli və təhlükəsizlik maraqlarımız onu diqtə edir ki, seçki mümkün qədər demokratik və şəffaf keçirilsin.

 

- Siyasi müstəvi və cəmiyyətə təsirləri baxımından, seçkidən sonrakı mənzərəni necə görürsünüzü? Yeni dövrə qədəm qoyulacaqmı?

 

- Əslində, Milli Məclisin elə də böyük statusu yoxdur. Çünki dövlət aparatını Prezident idarə edir. Ona görə də, yeni parlamentin tərkibi köhnə parlamentin tərkibindən müəyyən qədər fərqlənsə belə, bunun siyasi proseslərə çox da ciddi təsir edəcəyini düşünmürəm.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10