Bu günlərdə isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə o, Ağalar Ağayev rüşvət almaqda və vəzifə saxtakarlığında ittiham olunaraq 8 il müddətinə azadlıqdan mərhum edilib. APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın sübuta yetirildiyi qənaətinə gəlib. İttihama görə Ağalar Ağayev ötən il, avqustun 14-də Cəlilabad rayonunun Privolnoye kənd icra nümayəndəsi vəzifəsində işləyərkən həqiqi hərbi xidmətdə olan Həsənov İsa Adil oğlu ilə Ağayeva Ofeliya Elxan qızına nikah kəsib. O nikah haqqında Şəhadətnaməni də öz imzası və möhürü ilə təsdiqləyib. İstintaqda dindirilmiş Ofeliya Ağayeva ifadəsində göstərib ki, İsa Həsənovla nikah bağlatdırmaq üçün icra nümayəndəsinə müraciət etmək təşəbbüsü ondan gəlib və icra nümayəndəsi də ondan 300 manat rüşvət alaraq vəzifə səlahiyyətini aşmaqla gənclərin nikahını kəsib. Məsələnin üstü açılanda isə məlum olub ki, İsa Həsənovun adından yazılmış ərizə və nikah haqqında aktdakı imzalar saxtadır.
Əməkdaşımızın araşdırması zamanı məlum olub ki, Ağalar Ağayev Cəlilabad rayonun Ağdaş kəndindəndir. O uzun müddət burada ərazi nümayəndəsinin müavini, 12 il isə ərazi nümayəndəsi işləyib. 1, 6 il imiş ki, qonşu Privolnoye kəndində eyni vəzifəyə təyin olunubmuş.
Olayın qəhrəmanları Ofeliya Ağayeva 25 yaşındadır və anası ilə Bakıda yaşayır. Özündən xəbərsiz Ofeliya Ağayeva ilə nikah edilən İsa Həsənov isə 20 yaşındadır. Onlar Bakıda tanış olublar. Əslində bu işin təşkilatçısının ərazi nümayəndəsinin müavini Tapdıq müəllim olduğu deyilir. Mənbə onu da bildirib ki, Tapdıq müəllim bu iş üçün 500 manat alıb və pulun 300 manatını ərazi nümayəndəsinə verərək həmin işi düzüb qoşub. Lakin məhkəmədə yaxın qohumu olan bir vəkilin köməyi ilə onun adı bu olaydan kənarlaşdırılıb.
İşin qurama olduğunu deyənlər də var. Belə ki, sabiq nümayəndə bəzən bir torpaq sahəsini 4-5 nəfərə satdığından ondan xeyli narazı varmış və bu işi də onlar düzüb qoşublar. Rəsmi məlumata görə isə, İsa Həsənov hərbi xidmətdən qayıdandan sonra özündən xəbərsiz nikah edildiyini biləndən sonra məsələ aşkarlanıb.