Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

9 sentyabr 2010-cu il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Burada pis nə var ki?
- Bacılı, dədəsi yazdı, əmisi yazdı, bacısı oğlu yazdı, hara çıxdılar, bu hara çıxa? Bu oğlan tənqidçı qəzet buraxan işləyir. Tənqiddə də çörək yoxdur. Tərif yazırsan, dostun da olur pulun da, hələ medalın da.
- Görürsən ki, yolundan döndərə bilmirsən, bəlkə, başa salasan, bəzi xatalı sohbətləri xatalı formada yazmasın.
- Elə ona görə sənin yanına məsləhətə gəlmişəm də. Bacına məsləhət ver. Gedim uşağı başa salım ki, nəyi necə yazsın.
- Birincisi, çox mədəni olsun, yazılarda biədəb, etikadan kənar sözlər işlətməsin. Yəni, yüz faiz bilsən ha, bu mənəviyyatsızdır, şəxsiyyətsizdir, amma onları bu adla çağırmasın.
- Məsələn, bir-iki misal de. Uşağı əyani şəkildə başa salım.
- Deyim də. Görürsən ki, ətrafında çox nadürüst, hətta alçaqlıq edən bəzi məmurlar var. Amma onlara nadürüst, alcaq demək olmaz. Sən onların nadürüst əmələrini elə təsvir etməlisən ki, xalq özü desin: “Bu lap nadürüstlük edir ki”.
- Bəs bu “qarşı tərəfin fikiri” söhbəti var a, o, nə deməkdir?
- Elə bayaq dediyim məsələdir də. Yəni sən bu nadürüstdən, üzədurandan yazı hazırlamağa məcbursansa, mütləq həm də çox mədəni şəkildə onun da fikirini soruşmalısan. Məsələn: “Hörmətli filankəs, siz filan məsələdə alçaqlıq etmisiniz?”, yaxud, “Sizin nəslinizdə nadürüst damğalı insan varmı?” və sairə. Bilirsən, bacı qurban, pis, naxələf adamlar yaman çoxdur. Onların kostyumları, maşınları yaxşılaşdıqca, içəriləri daha da pıtıllaşır, belələrində mənəvi immunitet çatışmazlığı baş verir. Belələri ətrafımızda doludur. Bir də gördun ən yaxşı qonşunun, qohumunun, dostunun üzünə durğuzdular. Maşınına “qara”atdılar və sair.
- Yaxşı, bəs ata-babalarımızdan bu sahədə bizə hansı təcrübələr qalıb?
- Ulu babalarımız çox həyalı, qabiliyyətli insanlar olduğu üçün bəzən o pis sözləri dilə gətirməyiblər. Hamı bilir ki, pis gəzənlərin “f” və “q” ilə başlayan qısa və kəsə adları var. Lakin onlar dillərini pis sözlərə öyrəş-dirməsinlər deyə, bu 6 hərfli sözləri ağzına almayıblar, “ayağısürüşkən”, və sair uzun sözlərdən və cümlələrdən istifadə ediblər.
- Amma mən eşitdiyimə görə, böyük-böyük yazıçılar belə sözləri işlədir axı. Nobel mükafatı alan Şoloxovun “Sakit Don” əsərində 600-dən artıq söyüş var. Millət vəkili Əkrəm Əylislinin “Mənim nəğməkar bibim”, Az. TV şirkətinin sədr müavini Mövlud Süleymanlının “Dəyirman” əsərində də elə sozlər var ki... Hələ “Tütək səsi” filmində “Əsgər ailəsinə sataşan binamus” cümləsini demirəm. Lap bu yaxınlarda məşhur köşə yazarı Zamin Hacı Xarici işlər nazirini “işverən” adlandırmışdı. O gün bir depu-tat Rusiya prezidentinə “gədə” deyib. Sirus Təbrizli YAP–çıları “simasız quldur” adlandırıb. Nə bilim...
- Daha saxla. Onlar böyükdür, deyə bilər, amma sənə olmaz. Ona qalsa, “Az. TV” və “Lider” kanalları Qənimət Zahidi lüt göstərəndə, Əli Kərimli haqqında abırsız film çəkəndə, “Kuklalar” verilişində bəzı tanınmışları it kimi hürdürəndə gərək Mətbuat Şurası onları daş-qalaq edəydi?
- Amma bütün bunlara baxmayaraq, gəl dilimizi yaxşı sözlərə öyrədək. Dünyanı nə təhər tutursan, gedir. Necə ki, tamadalar toylarda layiq oldu-olmadı, söz verdiyi adamların hər birinə bir “kisə” “gözəl insan”, “alicənab şəxsiyyət”, “elin fəxri”, “şirin-şəkər” danışığı olan”, ağzından dürr tökülən”, “bu yurdun qeyrət simvolu” və sair xoş sözlər yapışdırır, buna görə pulu sel kimi tökürlər torbasına. Sən də düz gəldi, gəlmədi, belə sözlərdən yapışdır bəzi məmurların kürəyinə, bəlkə, tərifləyə-tərifləyə bəzilərini əhliləşdirəsən, tənqidlə onsüz da düzəlmirlər, daha da cinnənirlər.
- Doğrudan a. Sən nə gözəl dahiyanə, müdrik, tarixə qızıl hərflərlə yazılmalı olan fikirlər söyləyirsən.
- Məni ələ salırsan? Təriflə adam bişirməyə məndən başlayırsan?
- Bax, görürsən, heç sənə yapışmadı, sən deyən məmurlara belə sözləri “yapışdırsan”, lap şimşək çaxar, elə bilərlər onları dolayıram.
Zahir əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10