Toy xalqımızın min illərdən üzü bəri gələn adətlərindəndir. Toy deyəndə təsəvvürümüzdə bəyli-gəlinli, kişili-qadınlı şənlik mərasimi canlanır.
Qohum, tanış - bir sözlə, xoş günə sevinənlər toplaşır səbəbkarların ətrafına, onları bu özəl gündə yalnız buraxmır.
İndi isə təsəvvür edin ki, toyda gəlin yoxdur. Məclis ancaq kişilərdən ibarətdir.
Belə toylar bəzi Bakı kəndlərində qədimdən gələn adətin bir parçasıdır və dini baxışlara əsaslanır. Bu toyları Dərviş, yaxud İslam toyları da adlandırırlar.
“Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli dində gəlinin toyda iştirakına ciddi qadağa olmadığını deyir:
“Gəlinsiz toy anlayışı yoxdur. Ümumiyyətlə, bizdə adət-ənənə odur ki, qadınlar və kişilər ayrı-ayrı məclis keçirirlər. Yəni toy eyni gündə fərqli zallarda olur. Bilmirəm, bunu “İslami toy” adlandırmaq nə dərəcədə düzgündür?!
Amma belə bir toy qaydası əvvəllər də olub, bu gün də bəzi insanlar o qaydaya riayət edir. Gəlin toyda iştirak edə bilər, amma kişi ilə qadının birgə rəqs etməsinə məhdudiyyət var”.
Günümüzdə gəlinsiz toy məclisi edən məşhurlara da rast gəlinir. Üzeyir Mehdizadə, Namiq Qarçuxurlu, Abbas Bağırov, Yaşar Cəlilov, Tunar kimi simalar bu qəbildəndir. Bəs, toyu gəlinsiz etməyə səbəb nədir? Onların hamısı bunu dini məqsədlə etmir. Bu daha çox onların məhşurluqlarının gətirəcəyi narahatlıqdan qaynaqlanır. Xanımlarının simasının media orqanlarında işıqlandırılmasını istəməyən məşhurlar çarəni bunda görür. Cəmiyyətdə isə belə hallar birmənalı qarşılanmır. Toyun saxta olduğunu deyənlər də olur, məsələyə başqa don geyindirənlər də.
Bəzi toylarda isə qadınlar iştirak etsə də, gəlin gözə dəymir. Buna məna vermək isə bir qədər qəlizdir. Əlbəttə ki, hər mövzuda qərarı dəstəkləyənlər də olur, irad bildirənlər də. Əsas olan isə bəylə gəlinin qarşılıqlı anlaşmasıdır.
modern.az