Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xruşovun həm güvəndiyi, həm də ehtiyat etdiyi nazirin xoşagəlməz sonu… - FOTOLAR


Onlar 1950-ci illərin əvvələrində Moskva vilayət Partiya Komitəsində bir yerdə işləyiblər, Nikita Xruşov birinci katib, Nikolay Dudorov tikinti şəbəsinin müdiri... Xruşov onun işindən həmişə razı qalıb, Dudorov idarəetmə qabiliyyəti, iş bacarığı, tikintisi sahəsinin mükəmməl bilicisi kimi fərqlənib. Ümumiyyətlə, Nikolay Dudorov təkcə Moskvanın yox, ölkənin tikinti sektorunda tanınmış peşəkar kadrlardan biri sayılıb və o, bir çox uğurlu layihələrin müəllifi olub.
1956-cı ildə artıq Nikita Xruşov hakimiyyətdə olanda Nikolay Dudorovu SSRİ daxili işər naziri təyin edib. Sözsüz ki, uzun illər tikinti sahəsində işləyən bir şəxsin fərqli bir sahəyə nazir təyin olunması gözlənilməz olub və bu təyinat Kreml məmurları tərəfindən birmənalı qarşılanmayıb.
Nikolay Dudorov 1906-cı ildə Vladimir quberniyasının Kovrovski kəndində anadan olub. Natamam orta təhsil aldıqdan sonra 1922-ci ildə Moskvada Kalinin adına Büllur zavodunda fəhlə kimi ilk əmək fəaliyyətinə başlayıb. 1929-cu ildə Mendeleyev adına Kimya Texnologiya institutuna qəbul olunub. Ali təhsilini başa vurduqdan sonra Moskva Şüşə zavodunda sex rəisi vəzifəsinə təyinat alıb.
Дудоров_Николай_Павлович.jpg (39 KB)
1937-ci ildə Dudorov SSRİ Ağır Sənayə Komissarlığına (nazirliyinə) şöbə müdiri vəzifəsinə gətirilib. Müharibə dövründə o, komissarlığın müdafiə sənayesi profili üzrə işləyən zavodlarına başçılıq edib, ordunun texniki təminat məsələlərində fəallığı ilə fərqlənib.
Müharibədən sonra Dudorov SSRİ Tikinti Nazirliyində baş idarə rəisi işləyib. 1950-ci ildə isə Moskva vilayət Partiya Komitəsinin tikinti şöbəsinə müdir təyin edilib.
Moskvada kütləvi olaraq 5 mərtəbəli yaşayış binalarının tikintisi məhz Dudorovun rəhbərliyi ilə həyata keçirilib. Bu, həmin binalardır ki, sonralar “Xruşovka” adı ilə məşhurlaşıb.
340350-1.jpeg (139 KB)
Yuxarıda qeyd etdiyimiz kimi, 1956-cı ildə Xruşov Dudorovu SSRİ daxili işlər naziri təyin edib. Ona qədər nazir vəzifəsində çalışan Sergey Kruqlov Xruşov üçün arzuolunmaz kadr sayılıb. Kruqlov Lavrenti Beriyanın həbsində fəal iştirak etsə də, onun üstündən “Beriyanın adamı” damğası götürülməyib. Elə bu səbəbdən də Xruşov onu bu mühüm postdan uzaqlaşdırıb. 
Boş qalan nazir vəzifəsinə can atan namizədlər az olmayıb. Daxili qoşunlar və sərhəd qoşunlarının bu nazirliyin tabeliyində olması ilə Daxili İşlər Nazirliyi ölkənin ən mühüm güc strukturlarından biri sayılıb. Elə buna görə də Xruşov təyinat məsələsində tələskənliyə yol verməyib. Kremldəki mövqeyini daha da möhkəmləndirmək üçün Xruşov ona son dərəcə sədaqətli olacaq kadr axtarıb və nəhayət, seçimini edib. O, bütün namizədlərin üstündən xətt çəkərək, Dudorovu bu vəzifəyə təyin edib.
777777777777.jpg (82 KB)
Nikolay Dudorov nazir kimi fəaliyyətinin ilk günlərindən bir çox yeniliklərə imza atıb. O, ilk növbədə bu sistemdə kadr islahatlarına başlayıb. Stalin hakimiyyətindən sonra yaranan mürəkkəb vəziyyətdə köhnə kadrların fəaliyyəti onu qane etməyib. Cinayətkarlığın sayının artdığı bir dövrdə Dudorov müşavirələrdə cinayətkarlara daxili işlər orqanları əməkdaşlarının hamilik etməsi fikrini söyləməkdən çəkinməyib. Fəaliyyətinin birinci ilində o, nazirliyin strukturunda böyük dəyişikliklərə nail olub, idarə və şöbə rəislərinin 70 faizdən çoxu dəyişdirilib.
Nazirliyin şəxsi heyətində savadsızlıq, bütövlükdə şəxsi heyətin 52 faizdən çoxunun orta təhsili olmaması məsələsi də yeni nazirin diqqətindən yayınmayıb. Bu səbəbdən də o, ölkənin ayrı-ayrı bölgələrində, müttəfiq respublikalarda birillik kursaların açılması ilə bağlı əmr imzalayıb, orta və kiçik milis heyətinin əməkdaşlarını bu kurslara cəlb edib.
87130000208092230.jpg (128 KB)
Nikolay Dudorov ondan əvvəlki dövrdə nazirliyin fəaliyyətindəki buraxılmış səhvlərə də qayıdıb. O cümlədən, əvvəlki dövrlərdə yüksəkçinli dövlət məmurlarının sovet qanunlarını kobud şəkildə pozmalarını da aşkarlayıb. Bu məsələdə dövlət təhlükəsizliyi naziri İvan Serov və müdafiə naziri Georgi Jukov da hədəfə düşüb. Dudorov mövqeyindən dönməyib və konfliktdən qalib çıxıb. Jukov və Serov vəzifələrindən uzaqlaşdırılıb. Düzdür, onların siyasi müstəvindən getmələrinin başqa səbəbləri də olub, amma hər halda Dudorovun da Kreml çəkişmələrində rolu az olmayıb.
Sonralar Nikolay Dudorov öz xatirələrində həmin hadisələri belə xatırlayıb: “Nikita Xruşov öz mənafeyini dövlət mənafeyindən həmişə üstün tutub. 1957-ci ildə sonralar “antipartiya qrupu” adlanan Molotovun, Kaqanoviçin, Malenkovun dövlət çevrilişi cəhdindən sonra Xruşov özünü və vəzifəsini qorumaq üçün istənilən addımı atmağa hazır idi. O, Beriyanın həbs olunmasında Jukovdan istifadə etdi və həmin hadisədə onun sərtliyinin bir daha şahidi oldu. Bu, Xruşovu çox narahat edirdi, Xruşov ondan qorxurdu. Qorxudan qurtulmaq üçün Xruşov onu təkcə vəzifəsindən yox, Moskvadan da uzaqlaşdırdı. Serov isə qaranlıq keçmişinə görə vəzifədə qala bilməzdi. Onların qohumluq əlaqəsi olmasına baxmayaraq, Xruşov bu addımı məcburən atdı. Mənim Serova qarşı mübarizəm onun xoşuna gəlmirdi və sonda o, bunu mənə qarşı münasibətdə sübut etdi...”
555555555555.jpg (219 KB)
Dudorovun kifayət qədər fəallığı Xruşuvon ürəyincə olmayıb. Amma heç bir səbəb olmadan onu nazir kürsüsündən uzaqlaşdırmağın siyasi meydanda yetərincə böyük qalmaqala, növbəti mübarizələrə səbəb olacağını anlayan Xruşov fərqli bir varianta əl atıb. 
Belə ki, 1960-cı ildə SSRİ Daxili İşlər Nazirliyi ləğv edilib, onun funksiyalarını Rusiya və digər müttəfiq respublikaların Daxili İşlər Nazirlikləri icra edib. Araşdırmaçıların qənaətinə görə, Xruşov nazirliyin ləğv olunmasını məhz Dudorovun vəzifədən getməsi üçün edib. Beləliklə də, nazirliyin ləğv olunması ilə Dudorov nazir vəzifəsini itirib.
Sabiq nazir sonrakı fəaliyyətini öz sahəsində davam etdirib, Moskva şəhər Baş Tikinti Materialları İdarəsinin rəisi vəzifəsində işləyib. 1972-ci ildə təqaüdə çıxıb.
Nikolay Dudorov 1977-ci ildə, 70 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10