Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə Həzi Aslanovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Cenub.az xəbər verir ki, moderator.az-a açıqlamasında ölkə başçısının məlum sərəncamını şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu sərəncamın ölkəmizin dünəni və bu günü baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Həzi Aslanov yalnız Azərbaycanın deyil, dünya hərb sənətinin ən böyük simalarından biridir və onun faşizmə qarşı apardığı mübarizə, bu mübarizədə göstərdiyi şücaətlər yalnız Azərbaycanda deyil, MDB məkanında, dünyada böyük qəhrəmanlıq nümunələri hesab edilir. Ölkə başçısının general Həzi Aslanovun anadan olamsının 110 illiyi ilə bağlı imzaladığı bu sərəncam hər şeydən öncə, cənab prezidentin hərb tariximizə, ordumuza, qəhrəmanlarımıza verdiyi önəmdən, onun tariximizə olan bağlılığından xəbər verir.
Müharibə şəraitində olan, torpaqları hələ ki, işğal altında qalan Azərbaycanda belə bir sərəncamın verilməsi, bu günün reallıqları baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu cür sərəncamlar, bu sərəncamlar əsasında tarixi qəhrəmanlarımızın təntənəli şəkildə yad edilməsi, minnətdarlıq hissi ilə xatırlanması, onların xatirəsinin uca tutulması gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, onların milli tariximizə, dəyərlərimizə bağlı şəkildə yetişdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Odur ki, mən bu sərəncamı alqışlayır, bunu cənab prezidentin xalqımız, ordumuz, milli tariximiz qarşısındakı növbəti xidməti hesab edir və ürəkdən dəstəkləyirəm”.