Azərbaycanda sürücülərin ən çox pozduğu yol hərəkəri qaydalardan biri yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması ilə bağlıdır.
Cenub.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, il ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanan inzibati xətaların təxminən yarısı yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması ilə bağlıdır.
Azərbaycanda yolda müəyyən edilən hərəkət sürəti həddinin aşan sürücülər İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsinin tələblərinə əsasən cərimələnirlər.
- Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə 10 manat
- Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə 50 manat və 2 bal
- Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat və 3 bal
- Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat həddindən artıq aşmağa görə 250 manat və 4 bal
Onu da bildirək ki, yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması hadisəsi ən çox avtomagistrallarda qeydə alınır.
Məlumat üçün bildirək ki, Azərbaycanda "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsinin tələblərinə əsasən avtomagistrallarda maksimal sürət həddi 110 km/saat-dan artıq ola bilməz.
Müqayisə üçün bildirək ki, Avropa ölkələri arasında avtomagistrallarda maksimal sürət həddinin ən yüksək olduğu ölkə Polşadır. Bu ölkədə avtomagistrallarda maksimal sürət həddi çəkisi 3,5 tondan az olan avtomobillər üçün 140 km/saat təşkil edir. Ən aşağı sürət həddi isə Norveçdə tətbiq olunur - 100 km/saat.
Digər region və Avropa ölkələrində isə maksimal sürət həddi çəkisi 3,5 tondan az olan avtomobillər üçün belə olub:
- Polşa -140 km/saat
- Ukrayna - 130 km/saat
- Almaniya - 130 km/saat
- Fransa - 130 km/saat
- İtaliya - 130 km/saat
- Türkiyə - 120 km/saat
- İspaniya - 120 km/saat
- Finlandiya - 120 km/saat
- İsveçrə - 120 km/saat
- Böyük Britaniya - 112 km/saat
- İsveç - 110 km/saat
- Rusiya - 110 km/saat
- Belarus - 110 km /saat
- Azərbaycan - 110 km/saat
- Ermənistan - 110 km/saat
- Gürcüstan - 110 km/saat
- Norveç - 100 km/saat