Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"İndiyədək deputat kimi bacarmadığım bir işi etiraf etmək istəyirəm"


İndiyədək deputat kimi bacarmadığım bir işi etiraf etmək istəyirəm. Bir qrup insanı hələ də deputatın asfaltçəkən olmadığına inandıra bilmədim. Tam məsuliyyətimlə deyirəm, bu illər ərzində yalnız seçici üçün deyil, bütün Azərbaycan vətəndaşları üçün aktual olan çox az sayda problem var ki, onu şəxsən gündəmə gətirməyim. İlk dəfə şəhid və qazi ailələrinə qan pulunun verilməsi, qazın limitinin qaldırılması, uşaq pulunun verilməsinin zəruriliyi, iş adamlarına qarşı maneələrin ortadan qaldırılması, uşaqların ictimai nəqliyyatdan pulsuz istifadəsi, işləməyən analara doğuş üçün müavinətin verilməsi, orta əmək haqqının və orta pensiya məbləğinin qaldırılması, yeni tikilmiş binalardakı mənzillərin sahiblərinə istisnasız mülkiyyət sənədlərinin verilməsi, kitab və çap məhsullarının 18 faizlik əlavə dəyər vergisindən azad olunması, işsizliyin ortadan qaldırılması üçün real istehsal müəssisələrinin açılması, Gürcüstandan olan soydaşlarımız üçün yaradılan süni miqrasiya problemlərinin çözülməsi və s. kimi onlarla məsələni ictimailəşdirdim və bir qismi də öz həllini tapdı. Sabunçu rayonunun, xüsusilə də Bakıxanov qəsəbəsinin qaz, abadlaşdırma, yol çəkilişi kimi bir çox məsələrərin dövlət proqramına daxil edilməsi üçün müvafiq qurumlara müraciətlər etdim və əsasən bunlar proqramda öz əksini tapdı və icraya yönəldildi. Sosial şəbəkə üzərindən, canlı qəbul və poçt vasitəsilə yalnız seçicilərimdən deyil, Azərbaycanın bütün bölgələrindən olan vətəndaşlardan aldığım müraciətlərin hamısını lazımi ünvanlara yönəltdim, səlahiyyətim daxilində olanları həll etməyə çalışdım. Yüzlərlə televiziya proqramında, ictima-siyasi tədbirlərdə maarifçilik yönündə çıxışlarımla cəmiyyətdə tanış olmayan yəqin ki, çox az adam tapılar. Digər tərəfdən Avropa Şurası Parlament Assambleyasının üzvü kimi, beynəlxalq tribunadan da Azərbaycan dövlətinin maraqlarını qorumağa çalışdım. Xüsusi Olimpiya Komitəsinin vitse-prezidenti kimi yüzlərlə zehni məhdudiyyəti olan uşaqların idman hərəkatına cəlb olunmasında fəal rol aldım. Və ən nəhayət isə deputat olduğum hər il istisnasız olaraq Parlament jurnalistləri tərəfindən ilin ən fəal deputatı seçildim. Bunları ona görə yazdım ki, Konstitusiyamız və qanunvericiliyimiz deputata hansı səlahiyyət və vəzifə vermişsə, onu vicdanla yerinə yetirdiyimi əminliklə söyləyə bilərəm. Kimlər ki, "küçəmizə niyə asfalt çəkdirməyib", "məni niyə işlə təmin etməyib" kimi arqumentlə əleyhimizə yazılar yazırsa, mənfi rəy formalaşdırmağa çalışırsa, buyurub öz təbliğatlarını davam etdirsinlər. Mənə dəyərli vətəndaşlarımız yenidən etmad göstərsələr, yenə də asfaltçəkən, yalan vədlər verən deputat obrazından uzaq olacağam, Bakıxanov qəsəbəsinin sakinlərinin problemlərini hüquqi yollarla həll etməyə çalışan, öz çıxışları, davranışı, hadisələrə obyektiv mövqeyi ilə seçicilərinə başucalığı gətirən millət vəkili olacağam.

Sosial şəbəkədə olan dostlarımızı da bu prosesdə fəal dəstəkçi olmağa çağırıram.

Fazil Mustafa
Millət vəkili





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10