Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanlıların “gürcü arzusu” və ya hamıya məlum sirr



Şahdağ turizm mərkəzində bir günlük istirahət Qudauri xizək kurortunun otellərində bir həftəlik istirahətdən baha başa gəlir
 
Yeni ilə sayılı günlər qalıb. Əvvəllər bu bayram evdə, ailə və yaxın dostların əhatəsində qeyd olunurdusa, getdikcə daha çox insan səyahətə üstünlük verir. Vətəndaşlarımız da Yeni il şənliyi üçün, əsasən qonşu Gürcüstana üz tuturlar.
 
Halbuki, Azərbaycanın füsunkar təbiətinin qoynunda, yüksək standartlara cavab verən istirahət mərkəzləri var. O zaman səbəb nədir? Nədir ki, öz istirahət mərkəzlərimizi, otellərimizi deyil, qonşu ölkəni seçirik?
 
Bu sualın cavabını qiymətlərdə axtarmağa çalışdıq. Gəlin, Azərbaycan və Gürcüstan otellərinin təklif etdiyi qiymətlərə nəzər salaq.
 
Gürcüstandan cəmi bir nümunə - məşhur Qudauri xizək kurortunu qeyd edəcəyik. Bu istirahət guşəsində Yeni il tətili ərəfəsində, gündə 2 dəfə yemək verilməklə, bir həftəlik istirahətin qiyməti (bir nəfər üçün) 370 dollar təşkil edir.
 
Gələk ölkəmizə. “Abşeron” otellər qrupunun üzvü olan Şahdağ turizm mərkəzində, iki nəfər üçün bir günlük (31 dekabr) istirahətin qiyməti 758.82 dollara başa gəlir.
 
"Zirvə" otelində 31 dekabr 2019-cu ildən 2 yanvar 2020-ci ilədək, bir dəfə yemək daxil olmaqla, iki nəfərlik istirahət üçün 1300 manat (764.71 dollar) xərcləməsiniz.
 
Belə qənatə gəlmək olar ki, Şahdağ turizm mərkəzində bir gün və “Zirvə” otelində iki günlük istirahət Qudauri xizək kurortunun otellərində bir həftəlik istirahətdən baha başa gəlir.
 
Mövzunu şərh edən Azərbaycan Dövlət Turizm Agentliyinin (ADTA) mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin sözlərinə görə, ADTA qiymətlərə qarışmır: “Otellərdə qiymətlər bazar mexanizmləri ilə tənzimlənir”.
 
“Zəfər Turu” şirkətinin əməkdaşı, turizm eksperti Elvina Həmzəyeva  isə o fikirdədir ki, Şahdağla və Qudaurini müqayisə etmək olmaz: “Qiymətlər, bildiyiniz kimi, məhsulların keyfiyyətindən asılı olaraq formalaşır. Şahdağda həm yemək, həm də xidmət Qudauridən daha yaxşıdır”.
 
Maraqlıdır, görəsən otellərimizdə turistlərə nə yedirib-içirirlər ki, qiymətlər “dəvənin belinə” qalxır? üçün yeməyə nələr verirlər ki? Məgər səhər yeməyi üçün süfrəyə qara kürü servis edirlər?
 
Həm də Dövlət Turizm Agentliyinin qiymət siyasətinə müdaxilə etməməsinin məntiqi də aydın deyil. Axı əlverişli qiymətlər turizmin inkişafı üçün vacib amillərdən biridir.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10