Fərhad Mehdiyev: “Bələdiyyələr mövcud vəziyyətə düzəliş etmək üçün heç bir iş görmür”
Məlum olduğu kimi, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. Xüsusi fəallıq müşahidə olunmayan seçkilər, elə bələdiyyələrin fəaliyyətinin hansı səviyyədə olduğunun göstəricisi idi. Halbuki, xarici ölkələrdə bələdiyyə institutu olduqca nüfuzludur, bələdiyyələr vətəndaşlarla ən çox və ən sıx təmas olan qurumlardır.
Buna görə də bələdiyyə seçkiləri uğrunda qızğın mübarizələr gedir. Buna misal olaraq qardaş Türkiyəni götürə bilərik. Son bələdiyyə seçkilərində inanılmaz fəallıq və kəskin rəqabət müşahidə olundu.
AYNA əməkdaşı mövzu ətrafında hüquqşünas Fərhad Mehdiyevlə həmsöhbət olub.
- Fərhad bəy, ümumi anlamda bələdiyyələrin funksiyaları nədən ibarətdir?
- Xarici ölkələrdə icra hakimiyyətlərinin bir çox funksiyalarını bələdiyyələr həyata keçirir. Bizdə isə tamamilə əksinədir, yəni əsas funksiyalar icra hakimiyyətlərinə aiddir. Xaricdə bələdiyyələrin funksiyası kifayət qədər çoxdur. Əslində icra hakimiyətinin əsas xüsusiyyəti ictimai qaydaların qorunması ilə bağlıdır. Yerli xidmətlərə isə bələdiyyələr nəzarət etməlidir. Yəni bələdiyyə yerli, icra hakimiyyətləri isə ictimai xidmətlərə nəzarət etməlidir. Xarici ölkələrdə qurumlar arasındakı bölgü bu şəkildə formalaşdırılır.
- Azərbaycanda bələdiyyə orqanları daha çox icra hakimiyyətlərinin qolu kimi fəaliyyət göstərir. Əgər bələdiyyələr müstəqil fəaliyyət göstərsə, cəmiyyətin sosial rifahında müsbət rol oynaya bilər?
- Bəli, ola bilər. Amma bu, bir şərtlə mümkündür ki, orada peşəkar insanlar fəaliyyət göstərsinlər. Bələdiyyələrin formalaşmağa başladığı ilk illərdə səlahiyyətləri çox olsaydı, yəqin ki, onlar daha böyük işlərlə məşğul olardılar. Lakin zamanla bələdiyyələrin tabeliyində olan torpaqlar müxtəlif tikintilər üçün satılmağa başladı və onlar kifayət qədər xidmət göstərə bilmədilər.
- Əgər bələdiyyə sədrləri bələdiyyənin maliyyə durumunun yaxşılaşması və sakinlərin qaldırdığı problemlərin həlli üçün çalışmır və bələdiyyəni borclu qoyursa, onların fəaliyyətinə xitam verilməlidir?
- Bələdiyyə sədrləri seçki əsasında vəzifə başına gəlir deyə, onların vəzifələrini itirməsi üçün müəyyən əsaslar olmalıdır. Bu hallar da qanunvericiliklə müəyyən olunmalıdır. Lakin bir bələdiyyə sədri bələdiyyəni yaxşı idarə edə bilmirsə, onu vəzifədən almaq mükün olmaya bilər, o, ancaq növbəti seçkilərdə pis idarəçi olduğu üçün seçkiləri uduzmalı və onun yerinə daha yaxşı idarəçi seçkilərdə qələbə qazanmalıdır. Yəni sistem əslində bu şəkildə tənzimlənməldir. Amma əgər korrupsiya və rüşvət halları qeydə alınarsa, o, artıq cinayət məsuliyyətinə cəlb olunmalı və vəzifəsindən uzaqlaşdırılmalıdır. Lakin vəzifəsini düzgün icra edə bilməyibsə, onu vəzifəsindən uzaqlaşdırmaq mümkün olmaya bilər.
- Azərbaycanda, əsasən də rayon və kənd yerlərində əhali bələdiyyələrə o qədər də etimad göstərmir. Bu, bələdiyyələrin fəaliyyətsizliyi ilə bağlıdır, yoxsa, əhali maraqsızdır deyə bələdiyyələr normal fəaliyyət göstəmir?
- Bələdiyyələrin acınacaqlı durumda olmasının müxtəlif və ciddi səbəbləri var. Birinci səbəb odur ki, ümumiyyətlə qanunvericilik bələdiyyələrə ciddi funksiyalar vermir. İkinci səbəb isə bələdiyyələrdə fəaliyyət göstərən şəxslərin həddən artıq qeyri-peşəkar olması ilə bağlıdır. Qanunun onlara böyük səlahiyyətlər verməməsi bir yana, özləri də mövcud vəziyyətə düzəliş etmək üçün hərəkətə keçmirlər. Təbii ki, belə olan halda əhali onlara etibar və etimad bəsləmir. Məsələn, bələdiyyə bir layihə başlada və onun maliyələşmə yolunu düşünə bilər. Əgər bunun üçün dövlətdən maliyyə ayrılmırsa, onlar müxtəlif şirkətlərə, xarici səfirliklərə və əhaliyə müraciət edə bilərlər. Amma müraciət olunan ünvanlar da bələdiyyələrin həmin maliyələn i düzgün istifadə edəcəyinə inanmalıdır. Yəni onlar əmin olmalıdırlar ki, bələdiyyələr topladıqları vəsaitləri korrupsiya üçün yox, əhalinin inkişafı üçün istifadə edəcəklər.
- Budəfəki bələdiyyə seçkilərindən və ondan sonrakı fəaliyyətdən gözləntiləriniz...?
- Hazırda ciddi bir gözləntinin olması mümkün deyil. Çünki bələdiyyə seçkilərinə heç bir maraq yoxdur. Peşəkar insanlar bu seçkidə iştirak etməyə istəkli olmadılar. Onların maraq göstərmədiyi bir prosesdən heç nə gözləmək mümkün deyil.
ayna.az