Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nazirə 15 bənd şeir yazan Məmməd Aslan - Qorxmaz Şıxalıoğlu yazır



Qorxmaz Şıxalıoğlunun “Məmməd Aslan” məqaləsini təqdim edirik.

2013-cü ilin sentyabrında M.Aslana bir şeir həsr eləmişdim. Əvvəla, ona görə ki, möhkəm dost idik. İkincisi də odur ki, Məmməd müəllim də məni cavabsız qoymurdu. Elə indi də arxivimdə onun əl xətti ilə olan iki şeiri var.

Şeiri yazmağına yazmışdım. Amma onu da bilirdim ki, Məmməd müəllim xırda bir diqqətsizliyə görə adamdan inciyir. Zəng edib dedim ki, bəs belə bir yazı qaralamışam. Cavabı çox kədərli oldu: “Lazım deyil, qoy qalsın, məndən sonra dərc eliyərsən”. Şeir çox uzundur, üç-dörd bəndini verib, keçirəm mətləbə.


Məmməd Aslan, Kəlbəcərsiz, Murovsuz
Necə yuxu gedir gözünə sənin?
O dağlardan uzaq bu ay, bu ulduz
Hardan işıq salır üzünə sənin?

Şücaət qoşmada bir idi, getdi,
Bəhmən Kəlbəcərsiz əridi, getdi,
Vallah, ürəkləri çürüdü getdi,
Məgər bəlli deyil özünə sənin?

Dağıldı binəsi, köçdü elatı,
Közdür sinəmizdə “Kəlbəcər” adı.
Bilirəm, o yurdun acı fəryadı
Hopub çörəyinə, duzuna sənin.

Daha Kəlbəcərdən az yazırsan, az!
Səni Dədə Şəmşir heç bağışlamaz.
Otur, o torpaqdan yaxşı əsər yaz,
El də “Əhsən” desin yazına sənin.

Əslində, M.Aslan “əhsən”lik çox qələm sındırmışdır. Elə 2015-ci il, sentyabrın 23-ü onun ölüm xəbəri gələndə dilimdən qopan söz də bu oldu: “Qələmin qırılsın, ay fələk! Heç belə gözəl insana da qıyarlar?” Düzünə qalsa, M.Aslana “gözəl” sözü heç yaraşmır. Ümumiyyətlə, kişiyə “gözəl” deməzlər. Ona yaraşan söz - əslində, onu necə var elə ehtiva edən söz - “çətin adam” sözüdür. O, qırmızı adam idi, acı adam idi, sözü adamın gözünün içinə deyərdi. Beləsinə “çətin adam” deməyib, nə deyəsən? Həqiqətən, onun haqqında yazmaq da çətin işdir. Amma məsələ ondadır ki, bu “çətin adam” mənim ürək dostumdur. Qrammatik qaydaya qalsa, “dostum olub” yazmalıyam, ancaq neyləyim ki, bu qaydaya əməl edə bilmirəm, əlim qalxmır bu cür yazmağa. Nə isə... bu yerdə 1999-cu ilin söhbəti yadıma düşdü. Yeni il ərəfəsi idi. Dostlardan kimsə mənə dedi ki, bəs dekabrın 23-də M.Aslanın 60 yaşı tamam olur. Mən də eləmədim tənbəllik, M.Aslanın xoşuna gəlməyən bir iş gördüm. Onun yubileyinə “Yadigar dost sözü” adlı bir yazı qaraladım və qəzetdə dərc etdirdim.

Bu günlərdə bir şöhrət havası dəymişdi mənə, şeirlərim çap olunmuş köhnə qəzetlərə baxırdım. Qəzetlərin arasında həmin bu yazını gördüm. Yazının tarixi məni diksindirdi: “İlahi, yəni o gündən 20 il keçib? M. Aslanın indi 80 yaşı tamam olur?” Uzun illər çörək kəsdiyim Məmməd müəllimlə bağlı günlər ildırım kimi gəlib keçdi gözümün qabağından. Elə bir neçə həyat səhnəsidir, yaşandı, oldu, keçdi. Dostları gördüm... Onların cərgəsində M.Aslanı gördüm... Onların yanında özümü gördüm... Həyatın şirinliyini və dünyanın zalımlığını gördüm. İndi bu gördüklərimdən nələrisə sizinlə bölüşərəm. Bu da mənim boynuma düşən haqdır.

M.Aslanla tanışlığımın tarixi yadımda olmasa da, bu yöndə deyəcəyim beş-üç kəlmə sözüm var. Əvvəlcə deyim ki, iki il əvvəl “Azərbaycan” jurnalında Kəlbəcərlə bağlı böyük bir bədii-publisistik yazım çap olunmuşdu. Orda bu gözəl yurd yerimizlə bağlı ürəyimdəkiləri demişəm. Kəlbəcəri atam sevdirib mənə. Ancaq özü o torpağı heç vaxt görmədi. Atam ədəbiyyat müəllimi idi. Pis-yaxşı klassik ədəbiyyatı bilirdi. Aşıq musiqisini çox sevirdi. Radioda Səməd Vurğunla Dədə Şəmşirin deyişməsinə böyük həvəslə qulaq asardı. Aşıq Ələsgər dilinin əzbəri idi. Mən də elə yeniyetməlik çağlarımdan bu aşıq qoşmalarından Kəlbəcərin dağlarını, allı-güllü yaylaqlarını, laləli düzlərini, buz bulaqlarını sevməyə başlamışdım. Onun cənnətmisallı, işıqlı bir obrazı yaranmışdı ürəyimdə. Mən çox sevdiyim Bakını ilk dəfə, onuncunu qurtarıb universitetə sənəd verməyə gələndə görmüşəm. Və Bakıda ilk gördüyüm və tanıdığım, necə deyərlər, canlı kəlbəcərli şair Adil Cəmil olub. Adil elə ilk söhbətimizdə ürəyimdəki işıqlı Kəlbəcər obrazına bir az da parlaqlıq qatdı. Sonralar da onu həmişə səmimi, doğru, dürüst gördüm. Ancaq qoy bu başdan deyim: hələ bu günə qədər Adillə bir stəkan çay da içməmişəm. Bütün bunları xatırlamaqla demək istəyirəm ki, kəlbəcərli Məmməd Aslanla tanışlığım üçün ürəyimdə çoxdan təməl qoyulmuşdu.

Birinci onu deyim ki, Məmməd Aslanla bağlı bu yazı ütüsüz olacaq. Böyük Sabirin dediyi qaydada yazacağam – düzü düz, əyrini əyri. Əks halda, dostumun ruhu məndən inciyər. Çünki, onu belə görmüşəm həmişə. Bir az əvvəl söylədiyim kimi, “Məmməd Aslan çətin adamdı” - onun yazıçı və şair həmkarlarından, kəlbəcərli dostlarından bu sözü çox eşitmişəm. Qısa deyim: M. Aslanın bu “çətinliyi” ona çox çətinliklər yaşatdı. İstər həyat məsələlərində, istərsə də dost münasibətlərində. Bəzi dostlarım dəfələrlə məndən soruşublar ki, sən onunla necə dostluq edirsən? Cavabım eyni olub: siz bu sualı Məmməd müəllimə verin.

Elə bu başdan deyim ki, nə qədər yaxın dost olsaq da, prinsipial məsələlərdə bir-birimizə güzəştə getmirdik. “Güzəşt” sözü əzəldən bizim təbiətimizə yad olub. Elə bil ikimiz də and içmişdik ki, heç vaxt bir-birimizə güzəştə getməyəcəyik.

Deyəsən, 2014-cü ilin əvvəlləri idi. “525-ci qəzet”də qoşa səhifə şeirləri çap olunmuşdu. Sıradakı birinci və ən böyük şeir - gizlətməyin yeri yoxdur - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birinci şəxsinə həsr olunmuşdu.

Image result for məmməd aslan

Qoy burda bir haşiyə çıxım. Adətən qəzetdə şeirləri çıxanda yaxın dost kimi mənə zəng edib xəbər verərdi. Mən də, təbii ki, tez qəzeti alıb oxuyardım. Və hər dəfə də, dilinə gətirməsə də, istəyirdi ki, bu şeirlər haqda ona üç-dörd kəlmə xoş söz deyim. Mən haa... tutma acı bibəri yeməklə ürəyi soyumayıb, üstündən də onun bankadakı suyundan içən bir adamdan bunu gözləmək sadəlövlük idi. Bunu özü də yaxşı bilirdi. Doğrusu, mən adamı, ölsəm, də üzünə tərifləyə bilmirəm. İllah da, bu, çox hörmət bəslədiyim adam ola. Mənə görə bu tərif dosta olan münasibətdə özünü göstərməlidir, daha dildə yox.

Bir şənbə günü də, bu qəzet-şeir söhbəti təkrar olundu. Yenə daş dilləndi, ancaq məndən səs çıxmadı. Ertəsi gün axşam Məmməd müəllimdən zəng gəldi: “Əə, it-qurd dünəndən bəri məni təbrik eləyir. Sənin o dilin quruyar götürüb mənə zəng çalasan, heç olmasa, deyəsən ki, şeirlərini oxudum”. Başlayardım dağdan-dərədən danışmağa. Və Məmməd müəllim məndən inciməzdi. O biri gün, elə bil aramızda bu söhbət olmamış kimi yenə bir yerdə oturub çay içirdik, çörək yeyirdik. Oxucular bağışlasın, yadımdan çıxıb, deyim ki, M.Aslan “Ekran-Efir” qəzetinin baş redaktoru idi. Mən də AzTv-də “İctimai-siyasi proqramlar” redaksiyasında çalışırdım. Yəni gündə bir yerdə idik. Burda bir işıqlı məqamı da xatırlayıb keçirəm Məmməd Aslanın qoşa səhifə şeirlərinə. AzTv-dəki çevrəmiz dörd nəfərdən ibarət idi: Məmməd Aslan, Qulu Məhərrəmli, Sahəddin Hüseynov (bir redaksiyada işləyirdik) və mən. Qulu xarici ölkələrə ezamiyyətə gedəndə M.Aslanla oturub ona zarafatyana şeirlər qoşardıq. Bu da elə-belə ötüb keçmirdi. Qulu arada səxavət kisəsinin ağzını açırdı. Yayda Botanika bağı, qışda da “Papanin”dəki kafe...

Kəsəsi, qəzetdə çıxan şeirləri ilə bağlı bu illər ərzində ilk dəfə idi ki, ona zəng eləyirdim: “525”-də şeirlərini oxudum.” Məmməd müəllimin üzünə necə işıqlı bir təbəssüm qonduğunu gözümün qabağına gətirdim. Elə “sağ ol”a oxşayan nəsə demək istəyirdi ki, avtomat kimi açıldım: “O naziri təriflədiyin şeir çox qısa idi, vur-tut 15 bənddir deyəsən, gərək bir 50 bənd yazaydın”. Məmməd müəllim ha istədi özünə haqq qazandırsın, mən ona aman vermədim, sözü ağzında qaldı. Bu istehzalı, iynəli monoloquma tab gətirməyib telefonu söndürdü və təxminən 6-7 ay küsülü qaldıq. Bir də onun 75 illiyində barışdıq. Ancaq Məmməd müəllimə qarşı elədiyim bu zalımlığı indi də özümə bağışlamıram. Yəqin ki, heç vaxt da bağışlamayacağam.

Əslində, Məmməd müəllim elə bir qəbahət iş görməmişdi. Hamı bilir ki, kəlbəcərli M.Aslan təbiət vurğunudur. Bu adam şəhərdə səkinin qırağında, hansısa daşın dibində xırdaca bir çiçəyin işardığını görəndə, dayanıb onu nəvəsi kimi oxşayıb əzizləyirdi. Yurdumuzun təbiətindən gözəl verilişlər çəkirdi. Hazırladığı hansısa - Göy Göldənmi, yoxsa Maral Göldənmi çəkilmişdi - verilişə görə, Ekologiya naziri M.Aslana zəng açıb təşəkkür eləmişdi. Və bununla da onların arasında bir xətir-hörmət yaranmışdı (mən bunu bir az sonra bildim). Düzü, elə bil Hüseynqulu müəllim bu zənglə Məmməd müəllimin təbiət Məcnunu olduğunu, bir növ təsdiqləmişdi. Elə bu məqam idi onu xoşbəxt edən, ona qol-qanad verən və bu şeiri yazdıran. Mən bunu anlayırdım. Yeri gəlib qoy deyim: nazir Hüseynqulu Bağırov hələ Qərb Universitetinin rektoru olanda, bu təhsil ocağından böyük bir veriliş hazırlamışdım. Sonralar onunla bir-iki dövlət tədbirində görüşmüşdüm də. Ancaq nə olsun ki? M.Aslanın yazdığı şeir nazirə həsr edilmişdi. Mən də bunu həzm edə bilməmişdim. Bu da səbəbsiz deyildi...

1991-ci ilin martında, Novruz bayramı ərəfəsində Filarmoniyada Yazıçıların qurultayı keçirilirdi. Heydər Əliyev də o qurultayda iştirak edirdi. Elə qurultay başlayar-başlamaz, M.Aslan söz istəyib ayağa qalxdı və dedi ki, ədəbiyyatımıza həmişə böyük qayğı göstərən Heydər Əliyev bu gün Naxçıvandan durub gəlib ki, bizim qurultayda iştirak eləsin. Ancaq mən istəyirəm ki, o burda - aşağıda yox, yuxarıda rəyasət heyətində əyləşsin.

Dostlar, onda hakimiyyətdə olan bir çox çinovniklər üçün Heydər Əliyev arzuolunmaz şəxs statusunda idi. O vaxt bu sözü demək cəsarət tələb edirdi. Çoxlarının “çətin adam” dediyi dostumun bu çıxışı alqışlarla qarşılandı. Yox, sözüm hələ qurtarmayıb. Çox-çox sonralar Heydər Əliyev Məmməd Aslana “Şöhrət” ordeni təqdim edəndə, o uzaq günü xatırladı. Məmməd Aslan Ulu Öndərin sözlərinə sakitcə gülümsədi. Bircə Kəlbəcərlə bağlı nəsə dedi. Daha Filarmoniyadakı o günü əlində bayraq edib lovğalanmadı... Hələ bu da sözümün hamısı deyil. M.Aslan Sumqayıtda avtovağzalın yanındakı beşmərtəbəli binanın sonuncu mərtəbəsində yaşayırdı. Yayda damı qırla örtülmüş o binada yaşamaq zülm idi. Hələ Sumqayıta gedib-gəlmək zillətini demirəm. Nə o təltifetmə mərasimində, nə də kəlbəcərlilərlə görüşündə, o, Heydər Əliyevdən heç nə xahiş etmədi, məişət problemini dilə gətirmədi. Ancaq başqaları... Bu, onu gözümdə daha da ucalara qaldırdı. Yaxşı, ölkə başçısının isti münasibətindən yararlanmayan şair dostum niyə naziri tərifləsin ki? Özü demişkən, bu necə olur ya?

M.Aslanın tez-tez işlətdiyi bir söz var idi: igidi öldür, haqqını yemə. İkimizin də tanıdığı bir adamı “bombalayıb” pis günə qoymuşdu. Məmməd müəllim ona qarşı çox sərt davranmışdı. Başladım o adama haqq qazandırmağa. Əlimə, elə bil, fürsət düşmüşdü, yaxasından əl çəkmirdim. Yazıq Məmməd müəllimi, necə deyərlər, divara dirəmişdim. Axırda carəsiz şəkildə qayıtdı ki, ə, elə bilirsən mən özüm yönlü bir adamam?

Deyəsən, 1999-cu ilin may ayı idi. Yazıçı Rafiq Tağı ilə Hacıqabula, şair dostumuz Əjdər Olgilin kəndinə getmişdik. Qayıdandan sonra Əjdər Ola xitabən bir şeir yazdım və onu elə isti-isti də “525-ci qəzet” çap elədi. Burda şeiri ixtisarla verirəm:

Kəndin Muğan, Muğanlıqdan əsər yox,
Torpağında, havasında cövhər yox.
Baxça yoxdu, bostan yoxdu, bəhər yox,
Ay Əjdər Ol, get, özünə kənd ara!

Bu yerdə birinci kim saldı binə,
Burda meh qəhətdir, külək əfsanə,
Ürəyim yanır ki, deyirəm sənə:
Ay Əjdər Ol, get, özünə kənd ara!

Bir tərəf Hacıqabul,
bir yan Kürdəmir.
Vallah, bu kənd deyil,
təndirdir, təndir,
Hələ ki, ağlına düşməyib kəndir,
Ay Əjdər Ol, get, özünə kənd ara!

Qaşqabaq sallayıb üfüq necə də,
Burda saç ağarar bircə gecədə.
Gözümə dəymədi bir boz sərçə də,
Ay Əjdər Ol, get, özünə kənd ara!

Dağlarda qartal ol, səhrada nər ol,
İgid ol, ərən ol, ər ol, Əjdər ol!
Bu kənddən köçməyə tez səfərbər ol,
Ay Əjdər Ol, get, özünə kənd ara!

Beş-on gün keçmədi ki, həmin qəzetdə M.Aslanın mənə bir cavab şeiri çap olundu. Özü də indi oxuyacağınız ön sözlə: Xətrini çox istədiyim Qoxmaz Şıxalıoğlu oturub-oturub bir turşməzə şeir yazıb dərc etdi ki, nə şirinliyini udmaq olur, nə acı təəssüratını. Şair dostu Əjdər Olun doğma kəndi barədə nə qədər ustalıqla yazsa belə, nə qədər zarafatyananlıqla qələm işlətsə də, “Get özünə kənd ara” şeirindəki rişxəndə, öz-özünü xorlamaya dözə bilmədim.

Axır sən də uydun hər dəbə, Qorxmaz,
Artarsan mərtəbə-mərtəbə, Qorxmaz.
Dünyadan bixəbər, ay bəbə Qorxmaz,
Kəndini şairin başına qaxma.

Cumma sən Muğana yarlı-yaraqlı,
Küsər səndən kəndin Molla İsaqlı,
Ondan çıxmadıqmı kirli-pasaqlı?!
Kömürü kösövün başına qaxma!

O kənddir Əjdəri Əjdər Olduran!
Ona qanad taxıb ərşə qaldıran!
Bir yumruca daşdan yoğrulub tərlan.
Mayasını quşun başına qaxma!

Deyək: Əjdər köçdü, kəndi kimə qalsın?!
O sahibsiz qalan dərd kimə qalsın?!
Namərdi namərddir, mərd kimə qalsın?!
Qulun qismətini başına qaxma?!

Hər kəlmən zəhərmiş, hər misran-gürzə!
Ağzına sahib ol: danışma hərzə!
Eybini faş etmə, kürreyi-ərzə.
Torpağı millətin başına qaxma!

(Şeiri ixtisar etmişəm. Q.Ş)

Dostlar, siz bu şeirin sonuncu bəndinə fikir verin. Baxın görək, əziz dostum məni necə “abıra mindirir”. Yazımın əvvəlində dilə gətirdiyim və bizi küsülü salan o əhvalata görə məni qınamayın. Dədələrimizə min rəhmət: Dost dosta tən gərək.

İndi baxın: hardasa 15 il əvvəl onun dövlət xətti ilə latın dilində bir şeir kitabı çap olunub. Kitabında ən çox şeir həsr etdiyi adam nə nazirdir, nə kəlbəcərli qohumudur, nə də bir başqası. Bəs kim olsa yaxşıdır? Əlbəttə, mən!

O cavab şeirindən sonra M. Aslanı AzTv-nin həyətində gördüm. “Evdə günümü qara eləyiblər, deyirlər ki, ona kəskin bir cavab ver, - dedim, - ancaq uzun illər çörək kəsdiyimiz üçün səni məhkəməyə verməyim düz olmaz. Ancaq şeirlə cavabım mütləq olacaq”. O da qayıdıb nə desə yaxşıdır: - Ə, nə tərbiyəsiz adamsan, bir iş idi oldu keçdi dəə.

Bir çox şair və yazıçı dostlarım bizim evdə olub. O cümlədən, M.Aslan da. Uşaqlarım onu çox istəyirdi. Axı ekrandan şirin-şirin danışan babanı canlı görən balacalar onu necə istəməyə bilərdilər? Türkiyəli dostunun ona bağışladığı fotoaparatla bizim balacaların bir albomluq şəklini çəkmişdi. Özü də necə şəkillərini! M.Aslan yüksək zövq sahibi idi. Yaxşı rəssamlığı, xəttatlığı var idi. Bir sözlə, aramızda uzun illərin haqq-salamı vardı. Mənə ərki çatırdı.

Yaxşı yadımdadır, “Sərin”də (o vaxtın ən dəbdəbəli şadlıq sarayı idi) dostumuz Qulu Məhərrəmli böyük qızına toy eləyirdi. Gecə saat 11-in yarısı olanda M.Aslan mənə dedi ki: gəl məni apar “20 Yanvar”dan yola sal. Düzü, həm yaxşı içmişdim, həm də “20 Yanvar”a gedib-qayıtmaq zülm idi. Bu adam nə vaxt Sumqayıta gedib çatasıydı? Dedim ki, bizə gedəcəyik. Bilirdi: sözü dilucu demirəm. Evdə məndən xahiş etdi ki, bir dəsmal versən, yaxalanaram, tər içindəyəm. Neçə vaxt idi ki, şəkər onu huşsuz vəziyyətə salmışdı. Ona görə də, arada gedib hamamın qapısını taqqılladırdım: “Çimib qurtarandan sonra suyu bağlama, kalonka partlayar, qurulan çıx, özüm gəlib söndürəcəm”. Çimməyi uzun çəkdi, düzü, bu, məni qorxuya salırdı. Üçüncü dəfə qapını taqqılladanda, Məmməd müəllim qışqırdı: “Ə, mən meşədə böyümüşəm, hamam-zad görməmişəm! Nə qələt elədim sizə gəldim!”.

Yenə deyirəm: Məmməd müəllimin mənə ərki çatırdı. Düzdür, ona güzəştə getmirdim, bu heç. Ancaq, ərköyünlüklərinə öyrəncəli idim. Əslində bu dediklərim elə özümə də aiddir.

Bir gün dostlardan eşitdim ki, M.Aslan “Semaşko”da yatır. O vaxt ölkədə ictimai-siyasi vəziyyət gərgin idi. Hər gün 10-12 saat montajda olurdum. Bəzən iki kasetlə efirə çıxırdıq. “Bu gün- sabah” deyə-deyə həftə keçdi və bir də xəbər tutduq ki, M. Aslan xəstəxanadan çıxıb. Var damarım qurudu. Sahəddinlə Sumqayıta yollandıq. Qapını təbii ki, M.Aslan açdı. Salamımızı almadı. Evin içində ayaq üstə donub qalmışdıq. Nə “oturun” deyirdi, nə də “çıxın gedin”. Birdən üzü divara başladı aram-aram danışmağa:

- Elə bilirdim ki, mən öləndə cənazəmin sağ tərəfindən biriniz qaldıracaqsınız, sol tərəfindən də biriniz. (Biz ikimiz də 2015-ci ilin 23 sentyabr günü Göy məsciddə M.Aslanın cənazəsini qaldıranların sırasında idik). O, beş dəqiqədən çox bu sayaq danışdı. Biz isə başımızı aşağı dikib ona qulaq asırdıq. Elə bil, ata öz uşaqlarını tənbeh edirdi. Danışmağa nə üzümüz var idi, nə də sözümüz. Ürəyimiz əsə-əsə onun son sözünü, daha doğrusu, hökmünü gözləyirdik. Birdən o susdu. Ürəyimiz ayağımızın altına düşdü. Nəhayət, amiranə səslə dilləndi:

- Soyuducuda bir kənd çolpası var, onu çıxardın, doğrayıb tökün qazana. Üstünə dörd stəkan da su tökün, qoyun qazın üstünə. 5-6 dənə də kartof-soğan təmizləyin. Aşağı gözdə bir zoğal arağı var, onu da çıxardın...

Dəqiq yadımdadır, 1 yanvar günü idi. Qayıdanda artıq qaranlıq düşmüşdü. M.Aslanın hesabına havanın sərt şaxtası xeyli sınmışdı...

Şaxta demişkən, 1993-cü ilin fevralı idi. Hər gün Kəlbəcərdən ağır xəbərlər gəlirdi. Qarlı-şaxtalı bir gündə AzTv-dən veriliş hazırlamaq üçün Kəlbəcərə ezamiyyətə getdik. Bizi “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov müşayiət edirdi. O, kəlbəcərli idi. Doğma yurdunu canından çox sevirdi. O vaxt Kəlbəcərdə döyüşənlərin sırasında onun qardaşı Mahir də vardı. Mən ömrümdə belə təvazökar insan görməmişdim. Nə illah elədimsə, bu cavan kapitan mənə müsahibə vermədi. O, Samaradakı ev-eşiyini atıb doğma yurdunun müdafiəsinə gəlmişdi. Kəlbəcərin işğalından sonra eşitdim ki, Mahir Kəlbəcərdəki sonuncu döyüşlərdə şəhid olub. Yeri gəlmişkən deyim ki, Əlövsət müəllim isə 1988-ci ildən kəlbəcərlilərin, ayrıca da Məmməd Aslanın yolunda özünü şəhid edib. M.Aslanla bağlı işlər, tədbirlər, qayğıların hamısı Əlövsət müəllimlə ötüşüb gedirdi. Ağırlığı o çəkirdi. Elə indi də bu işi davam etdirir.

M.Aslanla bağlı bu yazımı qələmə alanda Ə.Ağalarova zəng elədim. Ondan nəsə soruşdum. Sual yadımda deyil. Ancaq, səsimin tonundakı kələ-kötürlüyü, soyuqluğu özüm də hiss elədim. Nəsə, istəmədən belə alındı. Əlövsət müəllim: - Bu cür danışmaq sənə Məmməd Aslandan keçib? - Yox, məndən ona keçib - cavabım çox qısa oldu. Gördüm ki, Əlövsət müəllim də elə səhərdən bəri demək istədiyimi deyir mənə. Çünki o, dost kimi M.Aslanla daha yaxın idi.

İki epizod var ki, ha istəyirəm yadıma salmayım, olmur, yadıma düşəndə də doluxsunuram.

Payız təzəcə girmişdi. Köhnə dostlarımızdan, “Azərpoçt”un baş direktoru, sözə, sənətə böyük qiymət verən Qəmbər Bəybalayev mənə zəng elədi:

- Məmməd Aslanla barışmadınız?


- Nə olub ki? – soruşdum.


- Olan odur ki, dostunun 75 yaşı tamam olur. Kəlbəcər camaatı istəyir ki, ona Gəncədə yaxşı bir tədbir keçirsin, amma razılaşmır. Deyir ki, el-obadır, tədbir qurtarmamış hərə bir şeydən gileylənəcək: mənə niyə söz vermədin, niyə mən qabaqda oturmamışdım? Gördüm ki, bu, heç nə istəmir. Elə min bir bəhanə ilə tədbirdən qaçır. Axırı güc-bəla razı salmışam. Sumqayıt-Quba yolunda bir restoran var. Altı-yeddi dost ora yığışırıq. Sən də mənimlə gedirsən.

Elə həmin gün həmişəki kimi yenə barışdıq. Bu, onunla sonuncu barışığımız və sonuncu görüşümüz oldu. O şənlik, o cingildəyən badələr, o oxunan şeirlər... Sanki bir xəyalmış...

Bir də ki, qəlbimi darmadağın edən bir səhnə var, unuda bilmirəm, heç istəsəm də, mümkün deyil. 2006-cı il idi. İki-üç ay olardı ki, AzTv- də rəhbərlik dəyişmişdi. Məmməd Aslanın oturduğu balaca, tək pəncərəli otağına qalxmışdım. Gördüm ki, yır-yığış eləyir, kitab-jurnalı qablaşdırır. Təəccüblə baxdığımı görüb soyuq səslə dilləndi:

- Məni işdən çıxarırlar. Sən çalış qal, mənə də heç nə demə, başımı saxlayacam, sən hələ cavansan, uşaqların var. Bu gedən qatardan, çalış, qırılıb qalma.

Çox pis oldum. Elə bildim ki, şaxtalı, tufanlı, zülmət gecədə, bir uzaq çölün ortasında qatarı saxlayıb M.Aslanı düşürdürük. Və heç nə olmayıbmış kimi yenə isti qatarda yolumuza davam edirik.

O gün, o səhnə hər yadıma düşəndə kövrəlirəm, gözlərim yaşarır, küsülü qaldığımız o zəngə görə özümü yamanlayıram. İndi radionun binasının yanından keçəndə o tək pəncərəyə baxıram. Elə bilirəm ki, bu pəncərənin şüşələrində M. Aslanın işıqlı baxışları donub qalıb.

20 dekabr 2019-cu il

Image result for Qorxmaz Şıxalıoğlu"

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10