Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

12 fevral 2007-ci il GƏPƏRÜSTÜ SÖHBƏT


- Qıza, deyirəm, bu çəpərüstü söhbət olmasa, adamın bağrı çatlayar. Televiziya biabırçı şeylər verməklə çörək qazanır, qəzetlə ona–buna atmaqla. Kişiləriməzi də ki,...
- Bu kişilərin dərdi bizi öldürəcək. Vaxt vardı, bizim adımızı söyüş kimi işlədirdilər. Kimi təhqir etmək istəyəndə deyirdilər: “Arvad oğlu arvad”. İndi belələrinə deyirəm ki, kişi olub neyləmisiniz ki? Biz arvadlığımızla yenə bəzi şeyləri ucundan-qulağından danışırıq. Vaxt vardı, köhnə bazarda 1 manata görə qızı , gəlini, qocanı, ahılı təpik altına salar, paltarını cırardılar. İndi milyonlarla əmlaklarını bəyirdə-bəyirdə alırlar, sonra da xaraba günə qoyduğu yeri özlərinə 50-60 min dollara sırıyırlar, cınqırları da çıxmır.
- Elə bil kişiliyimizin qeyrət damarlarını kəsiblər. Sənin malını, mülkünü alırlar, sən də etiraz eləmək əvəzinə, bir zənbil pulu götürüb düşəsən səni əzənin dalınca ki, sən Allah yerini mənə sat. Hardasan, ay Kərbalayi: “Malımı aldınız dinmədim, torpağımı aldınız dinmədim...”
Qalanını hamı bilir.
-O gün eşitdin də , əsgərlikdə ermənilərə əsir düşən Vüsal adlı tifilimizi basdılar qoduqluğa. O bədbəxt neyləsin? Əsgər gedir, komandir döyür, onun əlindən qaçır düşmən tərəfə, erməni döyür, erməninin əlindən qurtarır özümüzkilər damlayır. Guya bu vətənə xəyanət edib. Bubədbəxt nə bilirdi ki, nəyə də xəyanət eləsin . Qəzetlərin biri yaxşı yazmışdı ki, bu tifil vətənə yox , vətən ona xəyanət edib. Yəni vətənin kişi bildiyi, paqon, rütbə verdiyi komandir 3-5 manata görə onu zəlil günə qoyub.
- Hərdən, vallah, bütün olanlara şükür eləyirəm. Deyirəm, bəziləri elə qudurub, yaxşı ki, gündüz–günorta çağı gəlib qulağımızı, burnumuzu kəsmir, Allahımıza dua eləyək.
- Hər şeyi ürəyinə salma. Vur özünü arsızlığa, belə gəlib, belə də gedəcək. El üçün can qoyanlar ya torpaq altındadır, ya həbsdə, ya da havalanıb.
- Qıza, mən necə partlamayım ki, uşaq məktəbdə soyuqdan ölür, Aygün Kazımova toya yarım saatı 4 min dollara, dəqiqəsi 135 dollara gedir. Müəllimin 1 saatı 1 dollara, bunların bir dəqiqəsi müəllimin bir aylıq məvacibindən artıq eləyir .
- Min dənə belə misal çək. Onsuz da düzəlməyəcək. Bacarırsan, sən də qoyundan , keçidən sat, özünə bir klip düzəlt. İmkan eləsən, mən bacuvu da qoş özünə.
- Təzə xəbəri eşitmisən də. Rayonumuzun böyüyü deyir ki, rüşvətin kökünü kəsəcəm.
- Qıza, həmin fikri xalq dilinə düz tərcümə eləməyiblər. O deyib ki, mən xırda rüşvətin kökünü kəsəcəyəm. Yəni köhnə pulla “məmməd”
“şirvan“ yığanları sıxacam küncə. Meydanı verəcəm 50, 100, 200 min
dollar verənlərə.
- Belə getsə, biz lap böyük ölkələrə çatarıq ki. Yəqin lap yaxın vaxtlarda rayonumuzda milyon döllar rüşvət verənlər də meydana gələcək.
- Bu, çəpərüstə dayanmaqdan bezmişəm. Dəllalların tanısaydım, mən də təzə tikilən bazarlarda çaq-çuq eiəyib özümə bir gün ağlardım.
- Qıza, dəllala nə gəlib, bizdə “Dəllal bazarı” da var. Çətini baş idarəyə girənə kimidir. Qalanı öz-özünə düzəlir. Bizim böyüklər xalqa əziyyət verməmək üçün gələndə dəllalları özləri ilə gətirirlər.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10