Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rüşvət alır, əcəb edir - AXI NİYƏ?!



Kimdir günahkar: 2-3 manat pul almaq məcburiyyətində olan həkim, ya onu bu hala salan səhiyyə sistemi? 

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

Oxucuların diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Ötən yazıların birində oxuculara söz vermişdim ki, həkimlərin problemlərindən alayı bir yazı yazacam. Sovet dövründə Hippokrata, indi isə bilmirəm kimə and içərək, ağ xalat geyinən insanlar bu gün sosial şəbəkələrdə ən çox tənqid olunan peşə sahibləri sırasındadır. Hamı onları rüşvətxor, insanlara ürəyiyanmayan “cəlladlar” adlandırır. Məsələ o həddə gəlib ki, Səhiyyə Nazirliyinin “qaynar xətti” də yaranıb, insanlar tibbdə korrupsiya halının şahidi olan kimi, bu nömrəni yığsınlar və cinayətkar həkimin "atasını yandırsınlar" deyə.

İnsanlarımız da ki, maşallah, korrupsiya ilə mübarizə deyən kimi, o dəqiqə başlayırlar fəaliyyətə. Hərə əlinə bir smartfon alıb, düşür poliklinika və xəstəxanaların canına – korrupsiya ocağını ifşa etməyə. Bu problemlə bağlı son hay-küylü videonu bu günlərdə bütün sosial şəbəkələr, mətbuat və mənim “mətbuatcıq” adlandırdığım N sayda mətbuata dəxli olmayan saytlar verdi. Sən demə, Qusar Mərkəzi Rayon Xəstəxanasında bir həkim 2-3 manat rüşvət alıb.

 

Dəhşət! Bütün saytlar bu informasiyanı “Ölkəmizdə rüşvət və korrupsiya halları ilə mübarizə genişlənir. Bu işdə vətəndaşlarımız da fəallıq edirlər...” girişi ilə tirajlamağa başladı. İstəyirəm, bütün bu ittihamçılara İsa peyğəmbərin ”Sizlərdən kim günahsızdırsa, ona birinci daş atsın” sözləri ilə silahlanaraq opponentlik edim.

 

Bəri başdan deyirəm ki, Qusar rayonu ilə heç bir qohumluq əlaqəm yoxdur, o xəstəxanada işləyən həkimi isə heç vaxt görməmişəm. İndi mən hesab edirəm ki, həmin həkim düz edir o 2-3 manatı alır, almamaq imkanı yoxdur! Axı niyə mən faktiki olaraq, korrupsiya halını müdafiə edirəm?! Niyəsini izah edim.

 

Ay millət! "Korrupsiyanın böyüyü-kiçiyi olmur", - deyənlər yanılırlar. Amma bu mübarizə və “qaynar xətt"lər 2-3 manat alan insanların həbsi ilə nəticə verməyəcək. Verə də bilməz, çünki, korrupsiya ilə mübarizə yuxarıdan aşağıya getməlidir, necə ki, bu proses başlayıb. Mən Ağstafa və Yevlaxın icra başçılarının həbsini nəzərdə tuturam. İndi gəlin özümüzü qoyaq, iş yerindən və kimliyindən asılı olmayaraq, o 2-3 manat alan həkimin yerinə. Siz 30 ildir səhiyyə sistemində işləyirsiz. Öz işinizi ləyaqətlə görürsüz və hətta Sovet dövründən qalan uçuq klinikalarda insanlara xidmət edirsiz. Bunun müqabilində nə qədər əməkhaqqı alırsız?

 

Səsinizi də çıxaranda, tutaq ki, Əli İnsanov (bu sabiq nazirin adını misal üçün çəkdim, onun yerinə istənilən səhiyyə sahəsində olan rəhbər işçinin adı ola bilər) deyir ki, “həkimi xalq dolandırır”. Amma bu sözlərə və mizer maaşa baxmayaraq, hər ay sizdən “fond pulu”, “komissiya pulu”, “sanepidemstansiya pulu” və s. adla pullar yığılır. Hətta Qurban bayramında icra hakimiyyətinin adından əhali və uşaq evləri üçün kəsilən qurbanlar görə də, həmin rayonda olan büdcə təşkilatlarında işləyənlərin, həmçinin həkimlərin payı-pulu var.

 

Dövlət tərəfindən verilən dərmanlar çatmayanda belə, tibb müəssisələrinin rəhbərləri həkimlərə xəstələri narazı salmamağı tapşırırlar. Yazıq həkim də xəstədən 1-2 manat bint pulu, pambıq pulu filan istəyəndə olur “xalq düşməni”, “ən böyük korrupsioner” və ölkənin imicinə xələl gətirən adam.

 

Bəli, bu yazıdan sonra Səhiyyə Nazirliyi etiraz edə və deyə bilər ki, belə şey yoxdur və hər şey idealdır, amma ən azı, mizer maaş alan, 30-40 ildən sonra isə 290 manat pensiya almaqla ölümünü gözləyən həkimlər bilirlər ki, bu deyilənlər həqiqətdir.

 

Yeri gəlmişkən, Azərbaycan yeganə ölkədir ki, həkimi öz işinin öhdəsindən gələ bilməməsinə, professional olub-olmamasına görə deyil, pensiya yaşına görə işdən çıxarırlar. Onların yerinə isə təkcə xarici universitetlərdə oxuyan tək-tük professionallarla yanaşı, Azərbaycan Tibb Universitetini yarı tapşırıq, yarı pulla qurtaran “savadlı” tələbələri gətirirlər. Və təbii ki, rus demiş, “bezvozmezdno”.

 

Bütün bu deyilənlərdən sonra, görəsən əhalimiz korrupsiya ilə mübarizədə fəal iştirak etmək üçün rüşvət alan baş həkimlərin və onların rüşvəti daha yuxarı ötürdüyü adamların videosunu çəkib, onların ifşa edilməsinə nail olacaqlar, yoxsa həmişəki kimi, “eşşəyə gücü çatmayıb, palanı döyəcləyəcəklər” (misalı kimsə təhqir hesab edirsə, "Azərbaycan atalar sözləri və el sözləri" kitabının müəllifini məhkəməyə verə bilər)?

 

Fikrimi “Onu bağışlamaq olarmı” filmindəki sözlərlə bitirmək istəyirəm. İndi siz deyin, kimdir günahkar: 2-3 manat pul almaq məcburiyyətində olan həkim, ya onu bu hala salan səhiyyə sistemi?

 

P.S. Ümid edirik ki, yanvardan tətbiqinə başlanılması gözlənilən icbari tibbi sığorta sistemi sadalanan problemlərin həllinə kömək edəcək: həm həkimlər razı qalacaq, həm də xəstələr. Amma bir şərtlə ki, bu iş də azərbaycansayağ, yəni “radi qaloçki” olmasın...

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10