Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

FTX-ya hücumun arxasında nələr gizlənir – İlkin ehtimallar



Toğrul İsmayıl: “Rusiya Federasiyası qapalı ölkə olduğu üçün dəqiq məlumatlar əldə etmək mümkün deyil”

 

Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında Rusiyanın Moskva şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına silahlı hücum olub. Bir nəfərin öldüyü, iki nəfərin isə ağır yaralandığı hadisədən sonra bir sıra ehtimallar meydana gəlib. Hadisənin FTX əməkdaşlarının peşə bayramı ilə eyni vaxta təsadüf etməsi isə bu ehtimalları daha da gücləndirib.

 

Maraqlıdır, sözügedən hadisənin arxasında hansı gizli məqamlar var? Türkiyənin KSİU Universitetinin professoru, politoloq Toğrul İsmayıl hadisənin ilkin ehtimalları barədə fikirlərini açıqlayıb.

 

Politoloqun sözlərinə görə, hadisənin arxasında bir çox ehtimallar var: “Doğrudur, hazırda hadisənin hansı prinsiplər üzərində baş verdiyini demək çətin məsələdir. Digər tərəfdən, Rusiya Federasiyası qapalı ölkə olduğu üçün dəqiq məlumatlar əldə etmək mümkün deyil. Belə ki, bu hadisənin baş verməsinə səbəb FTX-nın daxilində baş verən qarşıdurma da ola bilər, köhnə əməkdaşların qərəzi də. Təbii ki, hadisə baş verən andan bir sıra təzadlı informasiyalar yayılıb. Lakin hələlik dəqiq məlumat yoxdur”.

T.İsmayıl hesab edir ki, hadisə xüsusi məqsədlərlə törədilib: “Öncə hadisəni törətməkdə təqsirli bilinən bir neçə nəfərin adı hallandı. Daha sonra FTX-nın əməkdaşı olan bir nəfər ittiham olundu. Bundan əlavə, əqli problemləri olan bir şəxsin də bu addımı atdığı gündəmə gəldi. Bu baxımdan, məlumatlar dəqiq olmadığı üçün, yalnız ehtimallar üzərində fikir mübadiləsi aparmaq olar”.

 

“Lakin FTX əməkdaşının bu qarşıdurmaya imza atması ehtimalını da nəzərdən qaçıra bilmərik. Əslində, bu cür qarşıdurmalar daha çox təhdid məqsədi ilə baş verir. Yəni, bir qrup şəxs əvvəlcədən planlaşdırılmış ünvana gəlir, hadisəni törədir və hadisə yerindən qaçır. Amma burada hadisəni törədən şəxs, qarşıdurmanı yaradıb və özü də qarşıdurmaya daxil olub. Bununla da hadisənin xüsusi məqsəd və prinsiplərlə təşkil olunduğu açıq-aşkar hiss olunur”, - ekspert bildirib.

 

“Əslində, intihar kimi effekti az olan bir hücuma imza atmaq, tamamilə mənasızdır. Məsələn, bir neçə il əvvəl Fransanın Paris şəhərində terror hadisəsi baş vermişdi. Terrorçular eyni anda bir neçə yerə hücum edərək ağır fəsadlar törətmişdilər. Yaxud da, Moskvada bir neçə dəfə qrup halında terror hadisələrinin baş verməsinə şahid olmuşuq. Əgər FTX-ya təşkil olunan hücum da terror məqəsədi daşısaydı, eynən o cür olardı. Böyük ehtimalla, bu şəxs FTX-nın köhnə əməkdaşlarından biri olub. Çünki bu, terror hadisəsinə bənzəyən bir hadisə deyil”, - T.İsmayıl əlavə edib.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10