Boradigah qəsəbə 1 saylı orta məktəbi 1973-ci ildə tikilib, 2006-cı ildə isə millət vəkili Elmira Axundovanın təşəbbüsü ilə yüksək səviyyədə təmir olunub. Soruşa bilərsiniz ki, daha nədən narazısınız? Bəli, bu məktəbin yaraşığı göz deşir. Lakin soyuqdan dona-dona bu yaraşığı duymağa bizim heç hərəkətimiz olmur.
Biz, istilik adlı bu xoşbəxtliyin lap astanasında ola-ola ondan uzaq düşmüşük. Belə ki, 2006-cı ildə millət vəkillərinin, hakimiyyət təmsilçilərinin iştirakı ilə bəhbəhlə, təntənə ilə əsaslı təmirdən sonra açılışı olan bu məktəbdə istilik sistemi cəmi 3 gün işlədi. Bundan sonra həmin istilik itəndir ki, itib. İcra hakimiyyətindən başlamış hansı struktura müraciət ediriksə, bir cavab verən yoxdur ki, bu qədər vəsait, zəhmət hesabına başa gələn istilik sistemi necə deyərlər, elə bələkdəcə dünyasını necə dəyişdi. İndi bu soyuq, şaxtalı havalarda Boradigah məktəbinə yolunuz düşsə soyuqdan büzüşmüş müəllim və şagirdlərin halını görsəniz, sizi ağlamaq tutar.
Mən istilik məsələsi ilə bağlı icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə, eləcə də məktəbin müəllimləri Ədalət Əhmədov və Ağamir Sadıqovla birlikdə millət vəkili Elmira Axundovaya dərdimizi şəxsən bildirmişik. Hər ikisi şikayətimizi qeyd edib, vəd edib, lakin aradan 4 ay vaxt keçməsinə baxmayaraq heç bir kömək yoxdur.
İndi biz 2-3 gündən bir valideynlər qarşısında boyun büküb odun pulu yığmaqla, pedaqoji işdən çox odunçuluqla məşğuluq. Əvvəllər odunu maşın-maşın alırdıqsa, indi kiçik arabalarda metrini 10-12 manata almağa məcburuq. Bəzilərinin səriştəsizliyi üzündən uşaqlar məktəbdə soyuqdan, ağaclar isə meşədə əlacsızlıqdan qırılır.
Təhsilin uğurlarından ağız dolusu danışanlar ən azı istilik sistemində bir qayda yaratsın, sonra digər məsələləri araşdıraq.
Yeri gəlmişkən onu da bildirim ki, bəzilərinin dediyinə görə, istilik sistemi bərpa edilərkən bu işdə çoxlu oğurluğa və saxtakarlığa yol verilib. Əgər belə deyilsə, buyurub desinlər ki, nəyə görə on minlərlə vəsait xərclənsə də, istilik sistemi işləmir. Necə deyərlər, bu yerdə adamın yadına Nizami Gəncəvinin aşağıdakı misraları düşür:
O şey ki bizlərə çox aşikardır,
Onda da gizli bir həqiqət vardır.
İstilik barədə şikayəti soyuqda yazdığım 2 bayatı ilə bitirmək istəyirəm:
Əzizinəm nə yaxşı,
Qazanxana nə yaxşı,
Təmir olub, çox əla
İşə düşsə nə yaxşı.
Əzizim qazanxana,
Məktəbdə İstixana,
Rəngləndin, təmir oldun,
Niyə gəlmədin cana?!
Səyyad Cəfərov
Boradigah qəsəbə 1 saylı orta məktəbinin müəllimi
Məktub çapa gedən ərəfədə Şəhər 1 saylı məktəbinin müəllimi Əlişir Bəşirov da redaksiyaya müraciət edib bildirdi ki, Masallının ən çoxsaylı -2000 minə yaxın müəllim və şagird kontingentinə malik olan şəhər 1 saylı orta məktəbində də 4 ildir ki, istilik sisteminin bərpası üçün xətlər 2 dəfə dəyişilsə də, qazanxana tikilsə də hələ də məktəbdə istilik yoxdur. Şagird və müəllimlər məcbur olub sinif otaqlarında qadağan olunmuş qaz və neft sobalarından istifadə edirlər. Bu da uşaqlar üçün çox təhlükəlidir. Mən də olan məlumata görə 10-a yaxın təzə məktəb eyni problemlə yaşayır.