Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

173 avtomobili olan baş katibin hədiyyə hərisliyi – Brejnevin bütün varidatı sonda dövlət fonduna verilib



1964-cü ildən etibarən 19 dekabr tarixi SSRİ-də əlamətdar günlərdən biri sayılıb. Düzdür, bu tarix bayram günü kimi rəsmiləşdirilməyib, amma onun qeyd olunması rəsmi bayram tədbirlərindən heç də geri qalmayıb, 18 il müddətində 19 dekabr tarixi öz təntənə və təmtərağı ilə yadda qalıb. Xüsusilə ölkənin siyasi elitası Leonid İliç Brejnevin ad gününün təmtəraqla keçirilməsi üçün imkanlarını əsirgəməyiblər.

Əvvəlki rəhbərlərdən - Lenindən, Stalindən, Xruşovdan fərqli olaraq Brejnev öz doğum gününü yüksək səviyyədə keçirməkdən zövq alıb, ad günü öncəsi Siyasi Büro üzvlərinə, Mərkəzi Komitə katiblərinə xatırlatmalar da edib.

Məsələn, 1976-cı ildə Breynevin 70 illik yubileyi ilə bağlı hələ bir il əvvəldən hazırlıq işlərinə başlanılıb. Tədbirlər, ziyafətlər, qəbullar, dövlət mükafatları, hədiyyələr müzakirə olunub. Nəhayət, Breynevə marşal rütbəsi verilməsi məsələsi də gündəmə gəlib. Və bu da təsadüfi olmayıb. Leonid İliç general-mayor rütbəsini 1944-cü ildə alıb. Yavaş-yavaş ulduz xəstəliyinə tutulan Brejnev general-leytenant rütbəsinə də sahib olub. Ancaq ondakı bu xəstəlik baş katib olarkən daha da şiddətlənib və o, 1974-cü ildə general-leytenent rütbəsində olanda birbaşa ordu generalı rütbəsini çiyinlərinə taxmağa müvəffəq olub. Bunlar bir tərəfə, Brejnev öz yaxın ətrafı ilə süfrə arxasında əyləşəndə arzusunu dilə gətirməkdən də çəkinməyib:

“Qırmızı meydanda bayram münasibəti ilə parad qəbul edərkən baş katib ordu generalı rütbəsində dayanır, onun ətrafındakılar isə marşal formasında. Bu işin həllinin zamanı yetişib axı...”

Beləliklə, Leonid İliç marşal rütbəsinin ulduzlarını taxmağa da nail olub. Amma onun təltif ehtirasları bununla da soyumayıb. 
1977-ci ildə, 9 may Qələbə günü ilə bağlı keçirilən ziyafətdə Brejnev müharibə qəhrəmanlarının şərəfinə qədəh qaldırıb tost deyərkən, kiçik bir narazılığını da bildirib:

“Biz qələbə üçün ağır yollardan keçdik, qanlı cəbhələr gördük, sona qədər döyüşdük. Amma təəssüflər olsun ki, bəzilərimizi lazım olan mükafatlara layiq bilmədilər...”

Bu “inciklik” Siyasi Büro üzvləri üçün bir işarə olub. Onlar ziyafətdən sonra Brejnevin nə istədiyini müəyyənləşdirmək üçün kiçik bir məşvərət keçiriblər. Nəhayət, uzun-uzadı müzakirələrdən, baş katibin təltif olunduğu mükafatları nəzərdən keçirdikdən sonra məlum olub ki, Brejnevin “orden arsenalı”nda yalnız “Qələbə” ordeni yoxdur. Baş katibin bu istəyi də həyata keçib. Düzdür, ölümündən sonra, 1989-cu ildə Mixail Qorbaçov onu Brejnevdən geri alsa da, müharibədə heç bir müstəsna xidmətləri olmayan Leonid İliç sağlığında bu ordeni fəxrlə daşıyıb.

Brejnevin təltiflərini bir yazıda sayıb qurtarmaq mümkün deyil. Bu təltiflərlə bağlı bir faktı qeyd etmək yetərlidir, 1991-ci ildə Brejnev dünyanın ən çox mükafat alan adamı kimi Ginnesin Rekordlar kitabına düşüb.

Leonid İliç dövlət təltiflərinin hərisi olmaqla yanaşı, həm də ayrı-ayrı şəxslər tərəfindən ona verilən qiymətli hədiyyələrin də azarkeşi olub.

Məlum olduğu kimi, Brejnevin həyat yoldaşı siyasi tədbirlərdə az görünüb, Brejnev xarici ölkələrə səfər edəndə ölkənin birinci xanımı kimi onu müşayiət etməyib. Amma ad günü tədbirlərində Viktoriya Petrovna Brejnevi tək buraxmayıb. Çünki o da hədiyyə hərisliyində həyat yoldaşından geri qalmayıb. Brejnevlər ailəsi əvvəlki hakim ailələrdən fərqli olaraq qiymətli hədiyyələri dövlət fonduna təhvil verməyiblər. Viktoriya Petrovna hədiyyələri yığmaq üçün Moskvanın mərkəzində xüsusi mənzil saxlayıb və bu mənzil daxili işlər naziri Nikolay Şelekovun göstərişi ilə mühafizə olunub.

Brejnevin 70 illik yubileyi xüsusi təntənə ilə qeyd olunub. Bu haqda baş katibin kürəkəni Yuri Çurbanov öz xatirələrində yazıb:

“Brejnev öz ad gününü Kremldə keçirməyi xoşlamırdı. Adətən, bu tədbir bağda keçirilirdi, o cümlədən xarici ölkələrdən gələn siyasi liderlər də bağ evinə dəvət olunurdular. Amma 70 illik yubileydə Siyasi Büro belə bir qərar qəbul etdi ki, yubiley siyasi tədbir kimi Kremldə keçirilsin. Həmin tədbirdə Siyasi Büronun bütün üzvləri, Mərkəzi Komitənin katibləri, müttəfiq respublikaların, diyar və vilayət partiya komitələrinin birinci katibləri iştirak edirdilər. Xarici ölkələrdən də xeyli qonaqlar dəvət olunmuşdu. Yubiley tədbirinin təçkilatçılığı Mərkəzi Komitənin katibi Andrey Kirilenkoya həvalə edilmişdi, tədbiri isə Mixail Suslov aparırdı. Tanınmış elm, mədəniyyət və incəsənət xadimləri də tədbirə qatılmışdılar.

Əsas məqamlardan biri o idi ki, qonaqlar hamının gözü qarşısında qiymətli hədiyyələri baş katibə təqdim edirdilər. Yubileydə ən qiymətli hədiyyəni Brejnevə Yakutiya vilayətinin birinci katibi Çiryayev təqdim etdi. Hər halda mən belə düşünürdüm ki, ən qiymətli hədiyyə onunkudur. Çiryayevin baş katibə bağışladığı mamont sümüyündən hazırlanmış kubok formalı qabın üzərində qızıl və gümüş işləmələri ilə yanaşı o qədər brilyant var idi ki, hamının gözünü qamaşdırırdı. Çiryayev həmin hədiyyəni Yuri Andropovun göstərişi ilə hazırlamışdı. Çoxsaylı hədiyyələrin arasında avtomobil, qədim xalçalar, qiymətli rəsm əsərləri, silah və qızıl əşyalar da var idi. Yubiley tədbiri Kremldən sonra Brejnevin bağ evində davam etdirildi...”

Hakimiyyətə gəldiyi il cəmisi bir şəxsi avtomobili olan Brejnev 18 il ərzində 173 şəxsi avtomobilə (bəzi mənbələrdə 329) sahib olub. Bu avtomobillərin təxminən 70 faizi baş katibə ad günlərində hədiyyə edilib.

Qeyd edək ki, Brejnevin vəfatından sonra ona verilən bütün hədiyyələr ailəsindən alınaraq dövlət fonduna verilib. Həmin hədiyyələrin qiyməti on milyonlarla rubl dəyərində hesablanıb ki, bu da mövcud dövr üçün fantastik rəqəm sayılıb.

musavat





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10