Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Rüşvət alıb deputat “seçdirən” kimdir axı?- Onu göstərin mənə!..”


“Bəs əlaqədar dövlət və hökumət qurumları, neçə illərdir, hara baxıb?..” 
Fikir savaşı...
 "Palmali" şirkətinin sahibi, dəyərli iş adamı Mübariz Mənsimovun bu günlərdə  deputat seçilmək istəyən namizədlərə "Rüşvətlə, tapşırıqla mandat qazansanız, əvvəlkilərdən heç bir fərqiniz olmayacaq..." leytmotivli ibrətamiz müraciətindən sonra  ürəyimə hamını düşündürməli olan və həm də milli(!) dövlətimizin əlaqədar qurumlarına ünvanlanmış bir sual-tələb gəldi:

“Əgər deyilənlər doğrudursa, axı neçə  illərdir rüşvət alıb deputat “seçdirən” kimdir, kimlərdir, yaxud kim olub, kimlər olub? Müstəqil(!) Azərbaycan Respublikasının azad, müstəqil düşüncəli, hüquqları Konstitusiya və qanunlar tərəfindən qorunan bir vətəndaşı olaraq xahiş və tələb edirəm, həmin adamı, yaxud adamları  tapın, tutun gətirin, göstərin, görək kimdir axı o, yaxud onlar? Kimdir torpağı 30 ilə yaxındır erməni işğalında olan bu zavallı xalqın başına daha bir corab hörərək kefi istədiyini parlamentə dürtən?..” 

***

Başa düşə, anlaya bilmirəm, dövlət başçısı İlham Əliyev, ən azı, 2011-ci ildən bəri rəsmən rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə elan edib və demək olar ki, xalqa, hökumətə ünvanlanan hər çıxışında bu haqda kəskin danışır, sərt xəbərdarlıqlar edir. Bəs hələ digər iqtisadi, sosial sahələri demirik, ölkənin, xalqın, dövlətin taleyi üçün çox önəmli olan parlament seçkiləri məsələsində korrupsiya, dələduzluq hallarının qarşısını almalı olan əlaqədar dövlət qurumları neçə illərdir hara baxıb? Bu məsələni həll edən, uzaqbaşı, bir neçə nəfərdir. Çətindir onları müəyyən edib tutub korrupsiyaya qarşı mübarizə(!) aparan  Prezidentin, xalqın hüzuruna çıxarmaq?..

***

Bizə sual edə bilərlər ki, əlinizdə sübut varmı ki, ötən seçkilərdə rüşvətlə, tapşırıqla “seçilən” deputatlar olub?..
Bizi də maraqlandıran elə bu məsələnin sübut olunmasıdır da... Əvvəla, bunu əlaqədar qurumlar icra etməlidir. Bu, adi vətəndaşın, saytın, qəzetin  işi deyil...  

İkincisi də  digər sahələrdə olduğu kimi, seçkilərdə də saxtakarlıq, dələduzluq, rüşvət  hallarının olmasını təkcə, mən, biz yox, demək olar ki, bütün xalq danışır. Yəni od olmayan yerdən tüstü çıxmaz... Hansısa qurum başçısı dediklərimizə şübhə edirsə,  təğyiri-libas olub küçələri, avtobusları, metroları, çayxanaları, evləri gəzsin... 

Üçüncüsü də,  keçmiş parlamentdə mandatını girov qoyan, adları dələduzluqda, korrupsiyada hallanan deputatların olması və nəhayət, hakim partiyanın növbəti seçkilərə, hələ bir ilə yaxın vaxt qalmış “bu parlament  hazırkı islahatların gedişinə yaramır” deyə Milli Məclisi buraxmaq barədə qərar verməsi də deyilənlərə dolayı da olsa, sübut deyilmi?..

***

Xülasə, görün bu adam, yaxud adamlar nə qədər şərəfsiz, alçaq, nanəcib adamlardır ki, xalqın, millətin vəkilləri olacaq şəxslərin pulla, tapşırıqla “seçilməsi”nə, əslində təyin olunmasına şərait yaradıb...

***

Onu, yaxud onları göstərin bizə, göstərin bu xalqa!.. Belə anti-milli ünsürləri nəinki qanunla cəzalandırmaq, ibrəti-aləm üçün Azadlıq(!) meydanında asmaq, çarmıxa çəkmək gərəkdir... Bu gün belə cinayətkarları cəzalandırmasaq, heç bir işdə gerçək uğur qazana bilməyəcəyik, daim korrupsioner şəbəkə başımıza corab hörməkdə davam edəcək və Allah eləməmiş,  sabah indiyədək yaşadıqlarımızdan da dəhşətli faciələrə ürcah olacağıq...
Sultan Laçın
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10