Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dağdan gələn - dağ çeşməsitək saf şeirlər




İqbal Nəhmət 3 noyabr 1976-cı ildə Yardımlı rayonUrakəran kəndində anadanolub. Bu günə qədər 3 kitabı nəşr edilib. Şeirləri ,“Azərbaycan'' ,,Sözün işığı'' ,, Məhsəti'' və.s jurnallarda, ,, Ədəbiyyat'', Təbrizdə çıxan“Sancaq'' qəzetində və digər mətbuat orqanlarında dərc olunub. Bir neçə şeiri özbək dilinə tərcümə olunub. Ülvi Qılıncın ifa etdiyi ,,Gedirəm'' adlı mahnının sözləri İ.Nəhmətə aiddir.Azərbaycanyazıçılar birliyinin üzvüdür.

Gələndə o güllü donda gələrsən

 

Hələ ki qonaqdı qarlı qış mənə, 

Gözlə, bahar gələr, onda gələrsən. 

Gəlib oyadarsan bənövşələri, 

Gələndə o güllü donda gələrsən. 

 

Bizim buralarda soyuqdu, gəlmə, 

Azan dənizçınin qayığındayam. 

Yerin isti olsa məni düşünmə, 

Mən hələ bu ömrün soyuğundayam. 

 

Gəlib oyadarsan bənövşələri,

Cücərər, rəsmini çəkib gedərsən, 

Kollara danışıb mənim sevgimi, 

Bənövşə dibinə əkib gedərsən.

 

Gəlmeylər qağa, gəlmeylər!

 

Gedeysən dərdüy deməyə, 

Qoymeylər, qağa,qoymeylər. 

Başlar qərışıb yeməyə,

Doymeylər, qağa, doymeylər.  

 

Gedəndə biyaz dərinə, 

Arvad bağırey ərinə, 

Adami, adam yerinə, 

Saymeylər, qağa saymeylər. 

 

Kim döyulsən, sən bi şeysən,

Bi düşün görəy yaşeysən?  

Toy edib borcə düşeysən, 

Gəlmeylər, qağa, gəlmeylər! 

 

Göl içində qur-qura bax, 

Qulu çapan quldura bax,

Otuz illik məmura bax,  

Ölmeylər, qağa,ölmeylər. 

 

Min gül əkdüy, birin dərdüy,

Söz istəyənə söz verdüy, 

İqbal, nöşün sənun qədrüy,  

Bilmeylər, qağa, bilmeylər.

 

 

İki qardaş bir həsrətə bələndi

 

Ustadımız Məhəmmədhüseyin Şəhriyarın ,,Heydər babaya salam'' poemasına nəzirə 

 

Heydər baba, dil damağa dirəndi, Yaxşılarım yoxa çıxdı, ələndi, 

Aramıza məftilləri düzdülər, 

Canımızı canımızdan üzdülər.

 

Heydər baba, uzaq durma tən yeri,

İnnən belə qoşalaşaq, şən yeri,  

Dönər olsam, sal boynuma kəndiri,

Kəhər atın quyruğunu hörüklə, 

Bu vətəndən o vətənə sürüklə.

 

Heydər baba, Savalana deginən, 

Küləklərə qoşulginən, əsginən, 

Xain dostdan ümidləri kəsginən, 

Gün oleydi, xoş günüvə gəleydim, Düşmənüvi ayağuva səreydim.

 

Heydər baba, kəpənəyin xallısı, 

Nə gözəldi bizim elin yallısı, 

Nə cür oley dodağların ballısı? 

Bu dodaqdan o dodağa göndərim, 

Güllərimi yollarına əndərim.

 

Heydər baba, Qarabağın xəbəri 

Yandırdılar payaları, çəpəri, 

Görən indi hara axır Həkəri,

Namərd gəlsə yerimizi düz demə, 

Daha bir də bu ağrıya döz demə. 

 

Heydər baba, Xocalıda soyuqdu,Düşmənimiz hiyləgərdi, ayıqdı, 

Neçə vaxdı dinəmmirəm, ayıbdı, 

Yağı çökdü torpağıma qurd kimi 

Yurd qalmadı yurd yerində yurd kimi. 

 

Heydər baba, təndirimiz yanardi, Göyərçinlər damımıza qonardi, 

Sularımız axıb-axıb donardi, 

Sallanardı evimizin buzdarı, 

Ağ geyərdi gəlin köçən qızdarı. 

 

Heydər baba, bir üzüyük qaşı yox, Yurdumuzun yazılmayan daşı yox,

Qoy bilsinlər tariximin yaşı yox, 

Şah ismayıl şahlığına qayıtsın, 

Təbrizimi, Zəncanımı ayıltsın. 

 

Heydər baba, Yardımlıdan o yana, 

Ərdəbilin qayaları dayana, 

Bəs nə deyim, bu nisgilə doyana, 

Ayrılığın dərdə saldı İqbalı, 

Zirvəsindən uzaq saldı qartalı. 

 

Kreditim var, qağa

 

Bu ayrı çür istila, 

Mən nökərəm, bank ağa.

Hamıdan qaldım dala,

Kreditim var qağa.

 

Uşaq-bala bilmirəm, 

Sağa-sola bilmirəm, 

Çörək ala bilmirəm,

Həsrət qalmışam yağa, 

Kreditim var qağa.

 

Tək deyil çiftimiz var, 

Çıxmağa liftimiz var, 

Deyirlər, neftimiz var, 

Axmır ki, bizim dağa, 

Kreditim var qağa.

 

O gun yenə gəldilər, 

Bannadılar getdilər, 

Məhkəməyə verdilər, 

İndi gərək o sağa?

Kreditim var qağa.

 

Biri cipim var deyir, 

Biri sepim var deyir, 

Biri ipim var deyib, 

Cedir özün asmağa, 

Kreditim var qağa

 

Güçüm, heyim çəkilib, 

Başıma turp əkilib, 

Belə getsə, bükülüb, 

Dönəcəyəm yumağa

Kreditim var qağa.

 

Diri öldü - dirildi, 

Yeni fərman verildi, 

Hələ gör neçə ildi, 

Çəkilirəm sınağa

Kreditim var qağa.

 

Dərdə bax,yanasan külə dönəsən, 

Özün qızınmağa közün olmaya

 

O qədər qaçasan yorulanacan, 

Geriyə baxanda izin olmaya.

Dönəsən hamıya salam verəsən, 

Özünə dönməyə üzün olmaya.

 

Axasan, qoşulub selə öləsən,  

Vurulub bir şirin dilə öləsən,

Elə uzanasan, elə öləsən,  

Dünyanın malında gözün olmaya. 

 

Dəymə, ötüb keçsin, yarışan olsa, 

Üzünü döndərmə, barışan olsa, 

Səndən kim olmusan, soruşan olsa, 

Vay olsun o günə sözün olmaya.

 

Qarışqa gözündə filə dönəsən, 

Tikan ortasında gülə dönəsən, 

Dərdə bax,yanasan külə dönəsən, 

Özün qızınmağa közün olmaya.

 

Torpağıma qarışmağagələrsən..

 

Külək əsər, yağış yağar gün çıxar, 

Bir alarsan, əvəzinə min çıxar, 

Əlbət bir gün yuxuların çın çıxar, 

Həqiqəti danışmağa gələrsən.

 

O dinləyən, sən oxuyan, mən yazan, 

Qismətimi qismətinə tən yazan, 

Qoy bu dəfə mən uduzum, sən qazan, 

Son bir dəfə yarışmağa gələrsən.

 

Ömür zəhər, ya baldısa, deyəcəm, Bilmədiyin nə qaldısa, deyəcəm, 

Bu canımı kim aldısa deyəcəm, 

Yaşadınmı? soruşmağa gələrsən. 

 

Arzumuzu biçə-biçə ağladıq, 

Döngə oldüq, küçə-küçə ağladıq, 

Bu dünyada küsə-küsə ağladıq, 

O dünyada barışmağa gələrsən. 

 

Xeyli vaxtdı çevirmisən üzünü, 

Əyrilərə calamısan düzünü, 

Ölər olsam , çatdırmasan özünü, 

Torpağıma qarışmağa gələrsən.

 

Iqbal Nehmet






{sape_links}
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10