Prezident İham Əliyev dəyişikliyi təsdiqlədi
Ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi ilə əlaqədar istisna hal müəyyənləşdirilib.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında” Qanunlara edilən dəyişikliklərdə əksini tapıb.
“Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliyə əsasən, ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Qanun ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətlərin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malik olacaq.
“Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişiklik də “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklə əlaqədardır. “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklikdə nəzərdə tutulan həmin şəxslərə ailə başçısını itirməyə görə sosial müavinətin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsinə, yenidən hesablanmasına yol verilməyəcək.
Bu müddəa gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, yaşa görə əmək pensiyası almaq hüquq verən yaş həddinin artırılması nəticəsində ümumi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası və sosial müavinət almaq hüququ verən yaşlar arasında ciddi uyğunsuzluq yaranıb və bu uyğunsuzluqların aradan qaldırılması zərurəti yaranıb. Sosial müavinətlər haqqında qanuna edilən dəyişikliklər məhz ailənin maddi durumunun yaxşılaşması məqsədi ilə ona ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət seçmək hüququnun verilməsi məqsədi daşıyır. (APA)