"Məndən “başqa” dəstək gözləyənlərə bir daha bildirmək istəyirəm ki..."
Son günlər 5-6 nəfər adam dayanmadan mənə zəng edir ki, bizi dəstəkləyin, bizə Milli Məclisə seçkilərdə kömək olun və s. Əzizlərim, nə qədər demək olar ki, məni bu siyasətə, siyasi oyunlara qatmayın. Sizə dəstək də, sizə kömək də məndən yox, xalqdan, seçicilərdən gəlməlidir. Siz yenə də rüşvətlə, pulla, tapşırıqla deputatlıq mandatı qazansanız, sizin əvvəlkilərdən heç bir fərqiniz olmayacaq.
Millətin vəkili özünün yox, ilk növbədə və hər şeydən əvvəl, millətin gələcəyini düşünməlidir. Bunu birdəfəlik beyinlərinizə həkk edin. Şəxsi gələcəyini, öz ailəsinin firavanlığını seçicilərinin sosial-iqtisadi durumundan üstün tutan deputatlar yenə də xalqının, millətinin düşməni olacaqlar. Bunu çəkinmədən, açıq şəkildə bəyan edirəm. Deputatlığa namizədliyini irəli sürmək hələ o demək deyil ki, sizin qarşınızda dayanan vəzifələri, problemləri layiqli şəkildə həll edə biləcəksiniz. Buna hər şeydən əvvəl, mənən hazır olmalısınız, çünki təcrübə göstərir ki, “millət vəkili” mandatı alanlar sırasında yaltaqlıq və məddahlıq edərək boğazlarına qədər rüşvət və korrupsiya cinayətlərinin içində boğulanlar var. Belələri seçicilərin onlara verdikləri, bəziləri isə pulla aldıqları səlahiyyətlərdən sui-istifadə edərək özlərindən başqa heç kimi fikirləşməyiblər və bu, indi də belədir. Ona görə tövsiyəm odur ki, sələflərinizə heç bənzəməyin: nə seçicilərinizlə davranışınızda, nə də onların ac-gözlüyündə. Gözəl, savadlı, bacarıqlı, zəhmətkeş xalqım 2020-cu il fevralın 9-da tamamilə fərqli Milli Məclis formalaşdıra bilər. Bu xalqımın, millətimin, mənim hüququmdur. Əlbəttə, mən də qeydiyyatda olduğum, “vosmoy” kimi tanınan 8-ci kilometr ərazisində deputatlığa namizədliyini irəli sürən şəxslərlə bağlı öz seçimimi edəcəm. 9 fevral seçkilərinə dəstəyim yalnız və yalnız bundan ibarət olacaq. Başqa dairələrdən namizədləri onların seçiciləri dəstəkləməlidir. Bir sözlə, məndən “başqa” dəstək gözləyənlərə bir daha bildirmək istəyirəm ki, seçkilər pulla həyata keçirilən bir iş deyil. Əgər belə düşünürsünüzsə, xalqı, seçiciləri aldatmayın. Kənara çəkilin ki, təmiz, saf, milləti üçün böyük işlər görə biləcək insanlar irəli dura bilsinlər. Böyük Azərbaycan xalqı En gözel yaşamağa layiqdir.Mübariz Mənsimov, "Palmali" Şirkətinin sahib
moderator.az