Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ticarət mərkəzləri niyə sığortalanmır?



Ötən həfə “Eurohome” ticarət mərkəzi və 3-cü mikrorayon bazarı yananda görünən o oldu ki, nə olursa, sahibkara olur. Bəs sığorta? Yəni əgər yanan məhsullar və obyektlər sığortalanıbsa, sahibkar niyə narahatdır? Sığortalanmayıbsa, bu artıq başqa mövzunun araşdırmasını tələb edir.

Baku.Tv-nin “Xəbər” buraxılışında yayımlanan süjetdə qeyd olunur ki, ötən həftənin əvvəli 21.000 kv.m sahəni əhatə edən “EuroHome” ticarət mərkəzinin yanaraq külə dönməsi ilə yadda qaldı. Həftə bitməmiş isə Nəsimi rayonunda, “3-cü mikrorayon bazarı” adlanan ərazidə növbəti güclü yanğın baş verdi. Hər iki faktda ən böyük zərbə sahibkarlara dəydi.

Yaranmış vəziyyətdə insanları düşündürən sual: Minimum 100 min manatlıq məhsulun olduğu obyekti hər ay 30 manat verib sğorta etdirmək olmazdımı ki, bu cür bədbəxt hadisə baş verən zaman kompensasiya tələb etmək üçün bir səbəb olsun?! 

Sahibkarların demək olar hamısı oxşar fikir söyləyir: 

“Sığorta etdirməmişik. Burada heç kim etdirməyib. Çünki burani sığorta etdirmək heç bir sığorta şirkətinə maraqlı deyil. Gəlib baxırlar ki, bura sığorta etmək üçün yararlı deyil”. 

Bəs qanun nə deyir? Bəlkə həqiqətən bu cür əmlakların sığortası könüllüdür? 2011-ci ildə verilmiş qərarla belə obyektlərin sığortası icbaridir. Buna görə hətta cərimə məbləği də müəyyən edilib.

Sığorta eksperti Cəmşid Mustafayev deyir: 

“Qanun olsa da, tətbiq mexanizmi yox idi. Ona görə də sahibkarlar bundan istifadə edirdi. Mülki məcəllənin 160-cı maddəsinə əsasən əgər qeyri-qanuni tikilidirsə, əmlak haqqında sökülmə qərarı qəbul edilibsə, bu zaman icbarı sığorta tətbiq olunmur. Ancaq sözü gedən obyektdə hər şey qaydasında idi”. 

Təyinatından asılı olaraq belə obyektlərdə yanğından mühafizə sistemləri olmalıdır. Ancaq ölkədəki böyük ticarət mərkəzlərində demək olar ki, bu tip halların heç biri nəzərə alınmayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev vəziyyəti belə şərh edir:

“Hər bir obyektdə avtomatik yanğın xəbər edici, avtomatik yanğın söndürmə, tüstü xaric etmə qurğuları, daxili və xarici su təhcizatı sistemləri olmalıdır. Eyni zamanda sahibkar obyektini icbari sığorta etdirməlidir ki, yanğından sonra konpensasiya ala bilsin”. 

Hər halda problemin həlli qəliz deyil. Bununla bağlı kifayət qədər anlayışlı şəkildə yazılmış qanun da var. Sadəcə adiyyəti qurumlar qəbul olunmuş qərarın tətbiqinə vaxtında başlamalıdırlar.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10