Fəzail Ağamalı: “Bundan sonra kabinetdə oturub qabağına kalkulyator qoyan, gəlirini və çıxarını hesablayan məmur cəzalanacaq”
Bu ilin əvvəlindən ölkədə köklü kadr dəyişikliklərinə başlanması, hakimiyyətdə uzun illər vəzifə tutan iri fiqurların işindən azad olunması, yeni siyasi elitanın formalaşdırılmasına başlanması qarşıda da ciddi təyinatlar olacağı ehtimallarını gücləndirib. Prezident bir il ərzində demək olar ki, bütün komandanı yenilədi.
Hətta ictimai rəydə vəzifəsindən çıxarılacağı gözlənilməyən yüksək vəzifəli məmurlar yola salındılar. Dövlət başçısı ilin əvvəlindən kadr islahatlarının geniş miqyaslı xarakter alacağını bəyan etmişdi.
V çağırış üzrə deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı musavat.com-a bildirdi ki, ölkədə aparılan islahatlar sistemli və daimidir.
Onun sözlərinə görə, bütün sahələri əhatə edən bu dəyişikliklər davamlı olacaq. F.Ağamalı hesab edir ki, dünyada gedən proseslərin, çağırışların mahiyyətinə uyğun olaraq, pozitiv və neqativ təsirlər nəzərə alınaraq islahatlar davamlı xarakter daşıyacaq:
“Bu əsnada kadr islahatlarının, işləyə bilməyən məmurların vəzifəsindən azad olunması prosesi gedəcək. Kadr islahatlarının mayasında vətəndaş- məmur münasibətlərinin şəffaf qurulması, bürokratik əngəllərin aradan qaldırılması məqsədləri dayanır. Atılan addımlar artıq müsbət nəticə verir. Yeni məmurlar yeni keyfiyyətlər ortalığa qoymaqdadır. Korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin olunması, vətəndaşlara açıq olmaları, onların reaksiyaları görünməkdədir.
Bu islahatlar Azərbaycanı müasirləşdirir və vətəndaş üçün əlçatan edir. Eyni zamanda dövlətçiliyin immunitetini gücləndirir, ölkənin beynəlxalq səviyyədə nüfuzunu artırır.
İslahatların bütün istiqamətləri xalqın maraqlarına xidmət edir və bundan sonra da dəyişikliklər davam edəcək, narazılıq son dərəcə aşağı enəcək”.
F.Ağamalı yeni keyfiyyətlərə adekvat olmayan nazirlərin, icra başçılarının birmənalı olaraq vəzifəsindən azad olunacağını açıqladı:
“Prezidentin yeni tapşırıqlarına uyğunlaşmayan, göstərişləri yerinə yetirməyən məmurlar vəzifədən uzaqlaşdırılacaqlar. Prezident özü bu məsələləri önə çəkir və yeni təyin etdiyi kadrlara xəbərdarlıq edir ki, xalqla bərabər olmasanız, istəklərini nəzərə almasanız nəinki hakimiyyətdən gedəcəksiniz, nöqsanlara görə cəzalandırılacaqsınız. Ona görə də prezidentin tapşırıqları ciddi xəbərdarlıqdır.
Bundan sonra kabinetdə oturub qabağına kalkulyator qoyan, gəlirini və çıxarını hesablayan məmur olsalar, xalqın çağırışına səs verməsələr, prezidentin tapşırığına əməl olunmasa, vəzifədə qalmayacaqlar, cəzalanacaqlar”.