Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rafil Hüseynovun verdiyi “qızıl pas” və Şahin Məmmədovun vurduğu “qol” (video)




Uzun  illərdən sonra Masallı şəhərinin mərkəzində - “Köhnə bazar” ərazisindəki  xaraba yol abadlaşmağa başlayıb. Daha doğrusu, bu yola asfalt döşənir.


Xatırladım ki, bu yol uzun illər “öz xaraba taleyin” yaşayıb. Hələ 2010-cu illərdə bu yolun bərbadlığı ilə bağlı rəhbərlik etdiyim “Cənub xəbərləri” qəzetində ardıcıl 12 dəfə yazı verəndən sonra həmin sahə bir qədər abadlaşdı. 


Lakin son illər baxımsızlıq üzündən yenidən köhnə, xaraba taleyinə qayıtdı.

Masallının sabiq icra başçısı, dostumuz Rafil Hüseynov Masallıda bir sıra yaddaqalan işlər görsə də (Masallıda ilk kollecin təşkili, “ASAN HƏYAT” kompleksinin cənubda  Masallıda açılması, sənaye məhəlləsi, ötən il şəhər mərkəzində 15 küçənin abadlaşması və s. ) sanki and içmişdi ki, KÖHNƏ BAZAR ətrafındakı yolu təmir etdirməsin.


Dəfələrlə ağsaqqalların, ziyalıların, eləcə də şəxsən özümün ona fərdi xahişlərimə baxmayaraq “demişəm ki bazara girməyəcəm, orda yüzlərlə sahibkar var, qoy onlar yığışıb, bu problemi həll etsinlər”.


Dəfələrlə bildirdik ki, turizm rayonudur, bura yayda yüzlərlə qonaq gəlir, hələ yerli sakinlərin əzab-əziyyəti bir yana, yenə alınmadı.

Hətta xatırladanda ki, rayonda Kənd təsərrüfatı idarəsi var, bəs niyə çəltikçiliklə siz məşğul olursunuz? –yenə faydası olmamışdı.


Beləliklə, Rafil müəllim yeni gələn başçı üçün xal toplamağa əla şans yaratdı. Şahin Məmmədov hələ gəlişinin 1 ayı tamam olmamış həmi fürsətdən yararlanaraq, bu yolda abadlıq işləri aparmağa başladı və yüzlərlə insanın sanki yarasına məlhəm qoydu.


Yol inşaatçılarının bizə bildirdiyinə görə, Viləş körpüsündən Bank Respublikanın Masallı filialınadək 600, həmin yoldan Xan sarayınadək 140 metrlik məsafəyə 7 sm qalınlığında asfalt döşənəcək. 


Bundan əlavə yolun hər 2 tərəfində su ayrıcları olacaq. Həmin yol istiqamətində küçə alverinə qadağa qoyulacaq.

Bəziləri təmir işlərinin daxili imkanlar, bəziləri isə bir iş adamının hesabına edildiyini bildirir. Amma əsas odur ki edildi.


Həmçinin adını açıqlamaq istəməyən bir inşaatçı bildirdi ki, növbəti ildə Masallı-Yardımlı yolu da əsaslı təmir ediləcək.


Amma, bütün hallarda Köhnə bazarın ətrafının qısa müddətdə abadlaşdırılmasını yeni başçının uğuru saymaq olar.

Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10