Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Oyuncu oyunçunu tapar,


Xırmandalı kəndi Masallı rayonunun ən qədim tarixə və dəyərlərə malik kəndlərindən biridir. Rayon mərkəzindən təxminən 20 kilometrlik məsafədə, ucqarda yerləşsə də, bu yurdun alimləri, digər ziyalıları, vaxtı ilə rayona nümunə olan mədəniyyət ocağı həmişə qürur doğurub. 20-30 il öncə burada bir kəndə şöhrət gətirəcək çox şey var idi – müasir tipli məktəb, uşaq bağçası, mədəniyyət ocağı və sair. Təkcə yolu bərbad idi. İndi bu kəndin çox abad və rahat yolu var, lakin məktəbi də, uşaq bağçası da, mədəniyyət ocağı, bələdiyyəsi də bərbad gündədir. Görün bu kənddə dəyərlər nə qədər aşağılanıb ki, Xırmandalıda uşaq bağçasına (hazırkı müdir dəfələrə müraciət etsə də, kadr olmadığı üçün onu işdən çıxarda bilmirlər) müdir, məktəbə direktor tapılmır. Bələdiyyə sədri az qala 2 ildən bir dəyişir.
2007-ci ildən bəri, 40 ildən artıq bir dövrdə Xırmandalı məktəbinə rəhbərlik edən Tutu Rəcəblidən sonra bu məktəbdə 7 direktor dəyişib. Son illər isə burada direktor dəyişikliyi daha da sürətlənib. Belə ki, son 3 ildə 6 nəfər bu məktəbin direktor kürsüsündə əyləşib. Bir nəfər hətta 2 dəfə direktor vəzifəsini əvəz edib.
Ötən ilin dekabrına qədər bu vəzifə 1 il idi ki, məktəbdə müavin işləyən İmdad Abuşova həvalə olunmuşdu. Dekabrın 6-da Masallı Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov həmin məktəbə gəlib Rahim Abdullayevi bu təhsil ocağına direktor təyin etdi. Səhəri gün isə həmin şəxs direktorluqdan imtina etdi. Dekabrın 9-da həmin məktəbin rus dili müəllimi Hasil İsmayılov direktor təyin edildi. 5 gün sonra, dekabrın 14-də isə o da direktorluqdan imtina etdi. Bu imtinaların səbəbləri dəqiq açıqlanmasa da, yayılan şayiələrə görə direktorluq üçün şərtlər elə ağır olub ki, bu müəllimlər bir aşıq mahnısında deyildiyi kimi, “dözəmməyib zindana”.
Nəhayət, bu il dekabrın 24-də məktəbin fransız dili müəllimi, 63 yaşlı Ağalar Eminəliyev Xırmandalı məktəbinə direktor təyin edildi. Məktəbin müəllimi Müsəddin Məmiyevin redaksiyaya ünvanladığı məktubda bildirilir ki, 63 yaşlı şəxsin məktəbə direktor təyin olunması faciə olmasa da, qəribə suallar doğurur. Ən ürəkağrıdıcı hal isə odur ki, yeni direktor bu məktəbin ən pis müəllimlərindən olub. Yəni, 10 illik məktəbi 11 ilə bitirən, son vaxta qədər ən çox dərs buraxan, ixtisasını olduqca zəif bilən, pis fəaliyyətinə görə töhmət alan (müəllimlərin ötən ay keçirilən diaqnostik qiymətləndirilməsində cəmi 27 bal yığıb), təşkilatçılıqdan, elementar davranış qaydalarından uzaq birisi olanda!
Yeni direktor kənddə müəllimdən daha çox qoyunçu, qəssab, at alverçisi (hətta çeçenlər at almağa onun yanına gəlirmiş) kimi tanınıb. Vaxtı ilə İrana mal-qara daşıyanlardan biri idi. Son vaxtlara qədər də gününün çoxu müəllimliklə yox, qoyunçuluqla keçib.
Biz Təhsil Şöbə müdiri Astan İbişovun da təhsildən daha çox mal-qaraya, qoyunçuluğa meyilli olduğunu nəzərə alsaq, “oyunçu oyunçunu, qoyunçu qoyunçunu tapar” məsəli yerinə düşər. Halbuki, məktəbdə onlarla gənc kadr var idi – onlar təhsil şöbəsinin məlum sədlərini keçə bilmədilər.
Bu gün Xırmandalı məktəbi ən pis davamiyyətə, saxta diplomlara, dərs keyfiyyətinin aşağılığına görə Masallıda, bəlkə də, ən pis məktəblərdən biridir. Təhsil Şöbəsinin müdirliyinə parodiya olan, gəldiyi gündən saxtakarlığı, savadsızlığı ilə ad çıxaran Astan İbişovun kadrı bundan artıq ola bilməz. Onu və komandasının əksər üzvlərini ancaq pul maraqlandırır. Təhsildə çalışanların fəaliyyətinə bir balaca nəzər salsaq, əksəriyyətinin ferması, apteki, “zapçast” dükanı, başqa çörəkli işlərdə əlləri var. Ona görə onların təhsillə məşğul olmağa elə də vaxtları olmur. Adam belə kadrlara və onları himayə edən rəhbərlərə baxanda bu rayonda yaşadığına görə utanır.
Bəlkə də, biz başa düşmürük, belə faydalıdır? Çünki Türmənistanda əmək haqqı ala bilməyən müəllimlərə pul əvəzi qoyun verirlər. Ola bilsin ki, biz də gələcəkdə məktəbləri fermaya çevirdik.
Sonda Ramiz Rövşəndən bir bənd:
İt olub hürmədik aya,
Yıxdı bizi abır-həya.
Qoyun olmaya-olmaya,
Qoyun olmaq çətin şeydir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10