Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyənin cəhənnəmdə yaratdığı cənnət...



Yaxud, hamının arzuladığı və sevdiyi “işğalçı”...
Türkiyənin Suriyada həyata keçirdiyi “Sülh çeşməsi” anti-terror əməliyyatının elə ilk gündən ABŞ və Qərb ölkələri tərəfindən ciddi qınaq və ittihama məruz qaldğı məlumdur. Nə qədər qəribə olsa da, son bir əsrdə bir neçə dəfə okeanın o tayından dünyanın ən uzaq nöqtələrinə belə müdaxilələr edən, islam coğrafiyasında qanlı hərbi əməliyyatlar aparan ABŞ, Türkiyənin ona qonşu dövlətdə terrorçulara qarşı apardığı anti-terror əməliyyatlarını qınamaqda, bunu Suriya xalqının təhlükəsizliyinə, beynəlxalq hüquqa qəsd kimi dəyərləndirməkdədir.

Bəzi Qərb mətbuatında, eləcə də Ermənistan mediasında Türkiyənin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatlarına kölgə salmaq məqsədi ilə bu əməliyyatlar işğalçılıq addımı və  Suriyanın ərazi bütövlüyünə qəsd kimi dəyərləndirilir. Halbuki, türk ordusunun Suriyada terrorçulara qarşı apardığı mübarizənin hər hansı işğal və təcavüzdən uzaq olduğu, mahiyyət etibari ilə bütün bəşriyyətin rifah və təhlükəsizliyin xidmət etdiyi göz önündədir.


Bütün dünyanın səadət və təhlükəsizliyini öz əsgərinin qanı və canı bahasına təmin edən dövlət

 

Kimin nə deməyindən asılı olmayaraq, gerçəklik bundan ibarətdir ki, türk ordusunun Suriyada aparıdğı anti-terror əməliyyatları yalnız Türkiyənin deyil, bütün dünyanın, eləcə də Suriyanın özünün, Türkiyəni ittiham edən Qərb dövlətlərinin, ABŞ-ın, Rusiyanın, həmçinin digər dövlətlərin təhlükəsizliyinə xidmət edir. 

Çünki terrorun və terrorçunun vətəni olmadığı üçün bu gün Suriyada terrorla məşğul olan bir şəxsin sabah eyni əməli Parisdə, Londonda, Nyu-Yorkda, Tokio və ya Təl-Əvivdə həyata keçirməsi mümkündür. Bu isə o deməkdir ki, bu gün Suriyada terrora qarşı mübarizədə şəhid olan hər bir türk əsgəri yalnız Türkiyə uğrunda deyil, bütün dünyanın, bəşəriyyətin, insanlığın təhlükəsizliyi, rifahı uğrunda şəhid olur. Odur ki, bu şəhidlərin xatirəsi bütün dünya dövlətləri tərəfindən əziz tutulmalı, Türkiyənin terrora qarşı mübarizədəki fədakarlığı yüksək qiymətləndirilməlidir. 

Nə ABŞ, nə İsrail, nə Rusiya, nə də digər dövlətlər unutmalı deyil ki, Suriyadakı anti-terror əməliyyatında həlak olan hər bir türk əsgəri həm də bu ölkələrin təhlükəsizliyi uğrunda şəhid olur və bu dövlətlərin həmin şəhidlər qarşısında tarixi-mənəvi borcu mövcuddur. Odur ki, Türkiyəni ittham etmək deyil, ona dəstək vermək, onun atdığı hər bir addımı alqışlamaq lazımdır.

 

Hamının arzuladığı və sevdiyi “işğalçı”

 

Təəssüflər olsun ki, bu gün Qərb dövlətlərinə məxsus bəzi media orqanlarında Türkiyə işğalçı kimi xarakterizə edilir. Ancaq Türkiyənin öz təməl haqqını müdafiə etmək üçün apardığı mübarizəyə “işğalçılıq” adı qoyan şəxslər, onu ittiham etməzdən öncə bu suallara cavab verməlidir. 

Bu necə işğalçıdır ki, terrorçulardan ona pənah gətirən milyonlarala insana qucaq açır, onları öz vəsaiti hesabına yedirib-içirir, mənzil, tibbi xidmət və s. ilə təmin edir? Bu necə iğalçıdır ki, terrorçuların dağıtdığı evləri, xəstəxanaları, məktəbləri yenidən inşa edir və yerli əhalinin istifadəsinə verir? Bu necə işğalçıdır ki, mülki insanların həyatını öz hərbçilərinin həyatı bahasına qoruyur? Bu necə işğalçıdır ki, addım atdığı hər yerə sülh, ədalət və rifah gətirir? Bu necə işğalçıdır ki, getdiyi hər yerdə böyüklü-kiçikli, qocalı-cavanlı hər kəs onu sevgi, coşğu və gül-çiçəklə qarşılayır? Bu necə işğalçıdır ki, zülmün, ədalətsizliyin mövcud olduğu hər yerdə onun gəlişini arzulayırlar? Bu necə işğalçıdır ki, dünya güclərinin poliqona çevirdiyi Suriya cəhənnəmində cənnət yaratmaqdadır?  Dünya yaranan gündən bu görkəm və xarakterdə bir işğalçı görübmü?

Türkiyə işğalçı deyil və bu, Allahın tək və şəriksiz olması qədər aydın bir həqiqətdir. Yox əgər “işğalçıdırsa”, o zaman bütün dünyaya məhz belə bir “işğalçı” arzulayıram: Cəhnnəmdə cənnət yaradan, getdiyi hər yerdə zülmün kökünü kəsən, göz yaşlarını təbəssümlə əvəz edən “işğalçı”...


moderator





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10