Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Sahildəki ev”in sakinləri: nazirlər, MK katibləri, marşallar – onların 800-ü repressiya olunub


Moskvanın tam mərkəzində, Moskva çayının Bersenovski sahilində, Serafimoviç 2 ünvanında yerləşən yaşayış kompleksi təkcə fərqli memarlıq üslubu ilə deyil, həm də sakinləri ilə məşhur olub. Elə bu gün də bu binada tanınmışlar məskən salıblar.

“Sahildəki ev”, “Hökumət evi”, yaxud da “İofanın binası” adlandırılan kompleks sadə insanlar üçün nəzərdə tutulmayıb. Bu binada kimlərin yaşayacağını şəxsən İosif Stalin müəyyənləşdirib, orderləri də özü təqdim edib.

1918-ci ildə paytaxt Petroqraddan Moskvaya köçürüləndə dövlət məmurlarının bir qismi Kremldə məskunlaşıb, digərləri isə “Metropol” və “Natsional” mehmanxanalarında yaşayıblar. Bir neçə ildən sonra mehmanxanaların boşaldılaraq öz təyinatı üzrə fəaliyyət göstərməsi məsələsi qalxıb. Həmçinin Kremldə yaşayanların sayının azaldılması məsələsi də müzakirə olunub, qərara alınıb ki, Kremldə yalnız Stalin və onun ən yaxın silahdaşları qalmalıdır.

Məmurların mənzil təminatı məsələsini birdəflik həll etmək üçün Stalinin təklif və təşəbbüsü ilə Mərkəzi İcraiyyə Komitəsi Kreml yaxınlığında çoxmənzilli yaşayış kompleksinin tikilməsi ilə bağlı qərar qəbul edib.

1928-ci ildə kompleksin inşasına başlanıb. Layihənin müəllifi İtaliyadan gəlmiş memar Boris İofan olub. 505 mənzildən ibarət yaşayış kompleksi 1931-ci ildə istifadəyə verilib.

Kompleksin ərazisi 3 hektardan artıq bir ərazini tutub. 8 korpus və 25 girişdən ibarət olan kompleks sakinlərə tam təmirli verilib. Həmçinin mənzillər bütün avadanlıqlarla, ev əşyaları ilə təmin olunub. Bununla yanaşı, kompleksdə mövcud dövr üçün əlcatmaz sayılan fasiləsiz elektrik enerjisi, isti və soyuq su, mərkəzi istilik sistemi, telefon və radio da olub.

Binadakı ən prestejli mənzillər pəncərələri Kremlə açılan 300 kvadratmetrlik 7 otaqlı mənzillər sayılıb. 1 otaqlı mənzillərin ölçüsü isə 40 kvadratmetr olub.

Kompleksdə yeməkxana, camaşırxana, uşaq bağçası, kinoteatr, əmanət kassası, idman zalı, mağazalar fəaliyyət göstərib. Bunlar yalnız kompleksin sakinləri üçün nəzərdə tutulub.

Kompleks sutkanın 24 saatı ərzində mühafizə olunub. Axşam saat 11-dən sonra mənzillərdə bayram və digər əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi ciddi şəkildə qadağan edilib. Kompleksdə yaşayanların evinə qonaq gələrkən sakinlərə bu haqda məlumat verilib, yalnız onların razılığından sonra içəri buraxılıblar. Gecə qalan qonaqların isə şəxsiyyəti müəyyənləşdirilib və qeydiyyatı aparılıb.

Maraqlı məqamlardan biri odur ki, 25 girişi olan binanın 11-ci girişi bağlı olub. Sakinlərin söylədiklərinə görə, məhz bu girişin zirzəmisindən Kremlə yeraltı yol olub və bu girişdən digər bir məqsəd üçün də istifadə olunub, “NKVD” əməkdaşları bu girişdə olan mənzillərdə digər mənzillərdə yaşayanların danışıqlarını izləyiblər. Sonralar, 1960-cı illərdə 11-ci girişdə olan mənzillər 12-ci girişdə olan mənzillərlə birləşdirilib və daha böyük sahəli mənzillər yaranıb.

“Sahildəki ev” həm də sakinləri ilə məşhur olub. Ayrı-ayrı dövrlərdə bu evdə 90-dan artıq nazir, Mərkəzi Komitənin katibləri, Siyasi Büronun üzvləri, 30 nəfər marşal və admiral yaşayıb. Marşallardan Jukov, Malinovski, Konev, Tuxaçevski, Voroşilov, Blyuxer, Baqramyan məhz bu binada qonşu olublar.

Bu kompleksdən Stalinin ailəsinə də iki mənzil düşüb, biri qızı Svetlana Alliluyevayaya, ikincisi isə oğlu Vasili Stalinə. Bəli, “ömürünü bir şineldə keçirən” Stalin heç də söylənilən kimi “sadə” olmayıb.

1980-ci ildə kommunizmin tam bərqərar olacağını söyləyən Nikita Xruşov hakimiyyətə gələn kimi, əvvəlcə özünü “kommunizmin cənnəti”nə salıb. Belə ki, o, kompleksdə 300 kvadrat metrlik mənzilə sahib olub.

“NKVD”-nin şefi Lavrenti Beriya da kompleksdə mənzil sahibi olub. Stalin ona da ev verib. Amma Beriya həmin mənzildə az-az görünüb. Yəqin ki, siyasi elitanın arasında “qara” işlərin görülməsini Beriya mümkünsüz sayıb, elə bəlkə də buna görə o, “Sahildəki ev”i “Kremlin yataqxanası” adlandırıb.

Kompleksin ən nümunəvi sakini isə Nazirlər Sovetinin sədri Aleksey Kosıgin olub və o, sakunlərin yaddaşında mehriban qonşu kimi qalıb.

Moskva sakinləri bu elit kompleksdə yaşayanlara qibtə ediblər və özləri üçün nə vaxtsa belə mənzillərə sahib olacaqlarını əlçatmaz sayıblar. Amma bu sıravi insanlar sonradan öz qibtələrində, arzularında yanıldıqlarını anlayıblar.

Belə ki, qanlı repressiya illərində kompleksdə yaşayan 3 min nəfərdən 800-ü Stalinin qəzəbəinə tuş gəlib, onlardan bir qismi güllələnib, digər qismi isə rahat mənzillərindən birbaşa sürgünə göndəriliblər. Həmin hadisələrdən sonra “Sahildəki ev”i “Beresnovski qazamatı”, “Bolşeviklərin tələsi” də adlandırıblar. Güllələnlərin ailələri elə həmin gün mənzilindən çıxarılıb və səhərisi gün mənzil başqasına verilib.

Hazırda “Sahildəki ev” yenə də Moskvanın ən elit komplekslərindən biri sayılır. Bu kompleksdə yenə də məşhurlar yaşayır, amma siyasilərdən daha çox mədəniyyət və incəsənət xadimləri bu məkanda məskən salıblar. Kompleksin bir hissəsi xarici şirkətlərə ofis kimi icarəyə verilib. O, cümlədən istənilən şəxs də bu kompleksdə mənzil kirayələyə bilər, ayı 3 min dollara.
1980-ci ildə kompleks əsaslı təmir olunub. 1990-cı illərdən sonra mənzillər özəlləşdirilib. 1989-cu ildə sakinlərin təşəbbüsü ilə kompleksdə muzey yaradılıb. Bu muzeydə 1930-cu illərin məişət şəraiti, istifadə olunan ev avadanlıqları nümayiş olunur. Muzeydə həmçinin vaxtilə kompleksdə yaşayanların, repressiya qurbanı olan sakinlərin tam siyahısı ilə də tanış olmaq olar.

Vaxtilə bu kompleksin sakini olan yazıçı Trifonov “Sahildəki ev” povestini məhz bu məşhur kompleksə həsr edib.  /musavat/






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10