Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Onların yediyi milyonlar yolda ölən insanların ahıdır və bir gün bunu qusacaqlar" - EKSPERT



“Ona görə də Vaqif müəllim təklif edir ki, piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsə, problemin müəyyən qədər qarşısını almaq olar”

Cenub.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı yol-nəqliyyat hadisələri zamanı piyadaların ölüm faktından danışarkən deyib. Ekspert piyadaların gecə saatlarında işıqqaytarıcı geyimlərdən istifadə etməsinin vacibliyini vurğulayıb: 
“Piyadaların ölüm faktıyla bağlı vəziyyət elə bir həddə çatıb ki, Vaqif Əsədovun geyim formalarıyla bağlı dediklərində müəyyən qədər həqiqət var. Sadəcə olaraq biz bir millət olaraq tünd geyimlərə üstünlük veririk və bu da bizim xarakterimizdir. Yaxşı cəhəti odur ki, bu gün gənclərimiz fərqli geyinməyə meyllənirlər, amma ümumən orta və yaşlı nəslin insanları tünd geyimlərdən istifadə edir. Təəssüf ki, yollarımız da normal şəkildə işıqlandırılmır, yağışlı hava şəraitində yollarda məhdud görünmə yaranır və bu da təbii ki, problemlərə səbəb olur. Ona görə də Vaqif müəllim təklif edir ki, piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsə, problemin müəyyən qədər qarşısını almaq olar. İşıqqaytarıcı geyimlər deyəndə çoxları elə başa düşür ki, geyimlərin hamısında çoxlu işıqlar olmalıdı və alışıb yanmalıdır. Əslində bu geyimlərdə fosforlu xəttlər olur və işıq düşəndə həmin yerlər yanır. Biz isə belə geyimlərə üstünlük vermirik. Bu bizdə dəb halını alsa, bunu satanlar da ölkəmizə onu gətirə bilərlər. 

Bir çox Avropa ölkələri piyadaların gecə saatlarında işıqqaytarıcı geyimlərdən istifadə etməsini özündə əks etdirən qanun qəbul edib. Həmin ölkələrdə vətəndaşların qarşısında artıq tələb qoyulub ki, işıqqaytarıcı geyimlərdən istifadə etsinlər. Piyadaların ölümü dünyanın hər bir yerində baş verən prosesdir. Əsas mahiyyət həm sürücülərin, həm də piyadaların təhlükəsizliyə necə yanaşmasından irəli gəlir. Piyadaların yol təhlükəsizliyinə yanaşması dəyişməlidir. Aidiyyatı qurumların da burda məsuliyyəti var və bunu təkcə sürücülərlə piyadaların boynuna yıxmaq lazım deyil. Müvafiq qurumlar yolları vaxtında işıqlandırmırlar, piyada keçidləri vaxtında rənglənmir.  Aidiyyatı qurumların rəhbərləri dərk etməlidir ki, onların yediyi milyonlar yolda ölən insanların ahıdır və bir gün bunu qusacaqlar. Özləri də bu bəlanı çəkməsə, övladları çəkəcək”.

Qeyd edək ki, Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında Bakı şəhəri üzrə ümumi qəzaların nisbətinə baxanda piyadaların vurulmasının üstünlük təşkil etdiyini bildirib. Təkcə dekabrın 10-da bir gündə 4 piyada yol qəzasında həlak olub. V.Əsədov piyadaların işıqqaytarıcı geyimlərdən istifadə etməsini tövsiyə edib. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10