Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Nazirlik yaradacağam, amma sizi nazir təyin etməyəcəyəm” – Xruşovun general Loqinova cavabı


1964-cü ilin iyun ayında Mülki Hava Donanması baş idarəsinin rəisi Yevgeni Loqinov SSRİ rəhbəri Nikita Xruşovla görüşmək üçün bir neçə dəfə yazılı müraciət etsə də, onun adı hər dəfə qəbula düşəcək şəxslərin siyahısından çıxarılıb. O, birinci şəxsin ona olan bu münasibətini ölkənin mülki aviasiyasına laqeyd münasibəti kimi qiymətləndirib. Amma Loqinov çıxış yolu tapıb, o, qəbul qaydalarını və subordinasiyanı pozaraq dövlət telefonu ilə Xruşova zəng edib:

- Nikita Segeyeviş, mən artıq neçə aylardır ki, sizin qəbulunuza düşə bilmirəm və bu aylar ərzində rəhbərlik etdiyim mülki aviasiyada problemlərin sayı durmadan artır. Xahiş edirəm, münasib bildiyiniz vaxtda məni qəbul edəsiniz.

Sözsüz ki, Loqinovun bu zəngi Xruşovu qıcıqlandırıb, Mülki Hava Donanması baş idarəsi rəisinin birbaşa ona zəng vurması onun qəzəbinə səbəb olub:

- Mən dövlət başçısıyam, ölkənin rəhbəriyəm, hansısa bir idarənin işçilərinə, yaxud da rəisinə mənzil, bağ, avtomobil, mükafat verməklə məşğul olmuram, buna nə vaxtım var, nə də həvəsim...

- Nikita Sergeyeviç, söhbət mükafatlardan getmir, ölkə üçün vacib sahə olan mülki aviasiyadan gedir.

Xruşov qəzəbli halda dəstəyi yerə qoyub. Bundan sonra Loqinov həmin dövrdə ölkənin ikinci şəxsi sayılan Leonid İliç Brjnevə müraciət edib. Brejnev məsələləri yoluna qoyacağına söz verib.

Bu hadisədən bir neçə gün sonra Mərkəzi Komitənin katibliyindən Loqinova zəng gəlib, o, Xruşovun qəbuluna çağrılıb.
Yarım saatlıq görüşdə Loqinov mülki aviasiya sahəsindəki problemləri Xruşovun diqqətinə çatdırıb, o, bu səhədə xarici ölkələrdən geridə qaldığını söyləyib, hökumət tərəfindən əlavə vəsaitlərin ayrılmasının vacibliyini vurğulayıb. Loqinov həm də SSRİ Nazirlər Sovetinin yanında Mülki Hava Donanması baş idarəsində struktur dəyişikliyinin də zəruri olduğunu qeyd edib, ölkədə Mülki Aviasiya Nazirliyinin yaradılmasının çoxdan vaxtı çatdığını söyləyib. Struktur məsələsini eşidəndə Xruşov səbrini saxlaya bilməyib:

- Siz söhbətinizə çox uzaqdan başladınız, gərək elə birbaşa nazir vəzifəsinin təsis olunmasından başlayaydınız, çünki sizin mənim yanıma gəlməkdə məqsədiniz bu idi. Bəli, siz nazir kürsüsündə əyləşmək istəyirsiniz, sizə nazir imtiyazları lazımdır, qalanları boş şeydir, aviasiya da, sınıq-salxaq təyyarələr də. Əsas odur ki, siz nazir statusunda olasınız. Mən sizin təklifinizi qəbul edirəm, söz verirəm, Nazirlər Sovetinə göstəriş verəcəm ki, Mülki Aviasiya Nazirliyi yaradılsın, amma onu da söz verirəm ki, siz həmin nazirliyə rəhbər təyin olunmayacaqsınız. İndi isə gedə bilərsiniz.

Beləliklə, şətinliklə baş tutan görüş arzuolunan nəticə ilə yekunlaşmayıb.

Yevgeni Loqinov 1907-ci ildə Rusiya imperiyasının Gelsinqfors şəhərində (indiki Helsinkidə) anadan olub. Əvvəlcə Leninqradda hərbi təyyarəçilər məktəbində, sonra isə Voroşilov adına Ali Hərbi Akademiyada təhsil alıb. Müharibəyə qədər hərbi hava qüvvələrinin ayrı-ayrı hissələrində komandir köməkçisi, komandir, qərargah rəisi vəzifələrində xidmət edib. 
1941-1945-ci illərdə Loqinov xidmətini ən ağır cəbhələrdə davam etdirib. O, Stalinqrad və Kursk döyüşlərində, Moskvanın müdafiəsində, Berlin əməliyyatında iştirak edib. Yüksək peşəkarlığına, döyüş əməliyyatlarında fərqləndiyinə görə bir sıra yüksək dövlət təltifləri ilə mükafatlandırılıb, 1942-ci ildə ona aviasiya general-mayoru rütbəsi verilib.

Müharibədən sonra korpus komandiri vəzifəsində olan Loqinov 1952-ci ildən 1959-cu ilə qədər hərbi hava qüvvələri baş komandanının müavini vəzifəsində xidmət edib.

1959-cu ildə Loqinov SSRİ-nin müdafiə naziri marşal Malinovskinin təşəbbüsü və təklifi ilə Mülki Hava Donanması baş idarəsinə rəis təyin edilib. Məhz həmin ərəfədə mülki aviasiyada olan problemləri aradan qaldırmaq üçün Kremldə müzakirələr aparılıb. Malinovcki Loqinovun yüksək peşəkarlığına, təşkilatçılıq bacarığına bələd olduğu üçün onun bu vəzifəyə namizədliyini irəli sürüb. Brejnev də Loqinovu müharibə illərindən tanıdığından onu dəstəkləyib və Xruşovu razı salıblar. 
Əslində Xruşov Loqinovun baş idarə rəisi təyin edilməsini istəməyib. Bu da səbəbsiz olmayıb. Hələ müharibə dövründə Xarkov və Stalinqrada təyyarə üçün yanacaq bölgüsü aparılanda Xruşovla Loqinov arasında mübahisə yaranıb və həmin mübahisəni illər ötsə də, Xruşov unutmayıb. Amma bu kadr məsələsində Xruşov Brejnev və Malinovski ilə razılaşmaq məcburiyyətində qalıb.

Yevgeni Loqinov qısa müddət ərzində ölkənin mülki aviasiya sahəsində müsbət göstəricilər əldə edib. Mövcud problemlərin tam həllinə nail olması üçün təbii ki, dövlətdən və hökumətdən də dəstək gözləyib. Amma müşavirələrdə o, hər dəfə Xruşovdan eyni sözləri eşidib: “Biz bütün qüvvələrimizi və vəsaitimiz əsasən kənd təsərrüfatına yönəltməliyik...”

Yuxarıda qeyd etdiyimiz görüşdən sonra Loqinov çox qısa zamanda vəzifədən çıxarılacağını gözləyib. Nəhayət, 24 iyul 1964-cü ildə Xruşov SSRİ Mülki Aviasiya Nazirliyinin yaradılması ilə bağlı fərman imzalayıb. Bir müddət nazir təyinatı ilə bağlı müzakirələr aparılıb, bu müzakirələrdə Loqinovun adı çəkilməyib. Xruşov bir neçə namizədin üzərində dayanıb, amma seçim edə bilməyib, daha doğrusu, onu birinci kürsüdən uzaqlaşdırmaqla “seçim hüquqları”nı da əlindən alıblar.

Məlum saray çevrilişindən sonra hakimiyyətə gələn Brejnevin kadr islahatlarında ilk təyinat alanlardan biri də aviasiya marşalı Yevgeni Loqinov olub. Mülki aviasiya tarixinə onun adı ilk avisiya naziri kimi düşüb.

Kremldə, Mərkəzi Komitədə, ölkənin siyasi elitasında həm bacarığına, həm də insani keyfiyyətlərinə görə hörmət sahibi olan Loqinov bu vəzifədə 1970-ci ilə qədər işləyib.

Yevgeni Loqinov 1970-ci ilin oktyabr ayında, 62 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

   musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10