Fevralda keçiriləcək parlament seçkiləri görünməmiş fəallıq yaradıb
2020-ci il fevral ayının 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq seçkilərə hazırlaşmağa başlayan vətəndaşlar da var. Belə ki, son günlərdə həyata keçirilən islahatlardan sonra Parlamentə yeni simaların gələcəyi inamı da yaranmağa başlayıb.
Bəs siyasilər ciddi yeniliklərin olacağına, cəmiyyətdə yaranan ümidlərin doğrulacağına, VI çağırış parlamentdə layiqli şəxslərin təmsil olunacağına inanırlarmı? Yoxsa, vətəndaşların ümidləri məyusluqla nəticələnəcək?
Mövzu ətrafında danışan keçmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı hesab edir ki, cəmiyyət hər zaman seçkilərə ümid bəsləməlidir: “Ümidsizlik cəmiyyətin məhvi deməkdir. Şübhəsiz ki, hər prosesdə cəmiyyət vəziyyətin daha da yaxşı olacağına, parlamentdə yeni şəxslərin təmsil olunacağına ümid bəsləyir. Ona görə də mən bu məsələyə normal baxıram”.
Parrtiya sədri islahatların parlamentə də təsir edəcəyini düşünür: “Artıq 1 ilə yaxındır ki, islahatlar istiqamətində baş verən proseslərin şahidi oluruq. Bu islahatlar həm də parlament seçkilərinə təsir göstərəcək. Lakin seçki bir nəfərin idarə etdiyi qurum deyil, cəmiyyətin iştirak etdiyi prosesdir. Ona görə də hər kəs öz imkanı daxilində seçkilərin şəffaf və müsbət keçirilməsinə cəhd göstərməlidir”.
“İstənilən halda VI çağırış parlamentdə yeni simalar görə biləcəyik. Məlum məsələdir ki, yeni simalar da yeni arzularla, yeni ümidlərlə xalqın qarşısına çıxacaqlar. Lakin ölkənin ümumi ictimai-siyasi prosesləri hansı istiqamətdə cərəyan edirsə, parlament də onun bir hissəsi kimi fəaliyyət göstərir. Ölkənin ümumi inkişafı baxımından davam edən proseslər hansı istiqamədə davam edəcək və hansı qanunlara ehtiyac olacaqsa, parlament də ona uyğun fəaliyyət göstərəcək. Çünki parlament qanunverici orqandır, ona görə də hansı qanunlara ehtiyac varsa, parlament də o qanunları qəbul edir”, - S.Rüstəmxanlı bildirib.
“Sədri olduğum Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının da seçkilərlə bağlı qərarı var. Qəbul etdiyimiz qərara əsasən, seçkilərdə iştirak edəcəyik. Lakin partiyadan parlamentə kimin namizədliyinin veriləcəyi yaxın günlərdə məlum olacaq”, - deyə eks-deputat əlavə edib.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Ölkədə baş verən dəyişiklik və siyasi mərhələnin yenilənməsi cəmiyyətdə inam və ümidlərin yaranmasına səbəb olub. Cəmiyyət hakimiyyətin güzəştlərə gedəcəyini və bu güzəştlərin də qanunverici orqan olan parlamentdə tətbiq olunacağını arzulayır və buna inanır. Buna görə də insanlar arasında həddindən artıq ümidlər yaranmağa başlayıb”.
Bununla yanaşı, VİP sədri seçkilərlə bağlı o qədər də ümidli deyil: “Mən seçkilərin o qədər də şəffaf keçiriləcəyinə inanmıram. Çünki seçki komissiyaları və qanunvericilik orqanları eynidir. Düzdür, ola bilsin ki, yaxın günlərdə yeni siyasi iradə, rəsmi mövqe ortaya qoyulsun, amma hələlik bunu görmürük. Hesab edirəm ki, siyasi iradə seçki praktikasından da, qanunverilcikdən də, komissiya reallıqlarından da üstündür. Bu baxımdan da ortada siyasi iradə olmadıqca, nəyəsə iddia etmək doğru deyil”.
“Ola bilər ki, yeni parlamentdə kəmiyyət dəyişikliyi olsun, lakin bu, keyfiyyət dəyişikliyinin də olcağı anlamına gəlmir. VİP-in isə seçkilərdə iştirak edib-etməyəciyi hələlik məlum deyil. Çünki partiya olaraq hələlik bu barədə qərar verməmişik”, - Ə.Əliyev vurğulayıb.
ayna.az