Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra hakimiyyətləri Nazirlər Kabinetinin qərarını 12 ildir icra etmirlər - TƏFƏRRÜAT


Dövlət və vətəndaş münasibətlərində informasiya mübadiləsini həyata keçirən ən önəmli strukturlardan biri də dövlət orqanlarına məxsus veb-saytlar hesab olunur.
Hazırda Xankəndi şəhəri istisna olmaqla digər bütün şəhər və rayon icra hakimiyyətlərinə məxsus saytlar aktiv şəkildə fəaliyyət göstərir.
Qeyd edək ki, İcra hakimiyyətlərinin saytları vahid forma və dizaynda tərtib olunub. İcra hakimiyyətlərinə məxsus saytların ünvanlarında "-ih.gov.az" subdomenindən istifadə olunur. Saytdakı bölmələrin adı və sayı demək olarki bir-birini təkrarlayır.  Saytların hər birində təxminən 10-12 bölmə yerləşdirilib. Bölmələrin bir çoxunun sadəcə adı var. Məsələn, saytlarda "Elektron xidmətlər" bölməsi mövcuddur. Lakin, əksər saytda bu bölmə aktiv deyil.
Digər bir problem işğal altında olan şəhər və rayonlarla bağlıdır. Bu şəhər və rayonlara məxsus bir-neçə saytda işğalla bağlı əlavə bölmələr mövcud deyil. Məsələn,  Xocalı İcra Hakimiyyətinin saytında ingilis dilində "Bloody Memory" ("Qan yaddaşı") adlı bölmə yerləşdirilib. Amma həmin bölməyə məlumat yerləşdirmək "yaddan çıxıb". Əcnəbilərin işğal olunmuş rayinlarla bağlı məlumat olması demək olar ki, mümkün deyil.
Onu da qeyd edək ki,bu problem təkcə işğal altında olan şəhər və rayonlarla bağlı deyil. Digər şəhər və rayonlara məxsus rəsmi veb-səhifələrdə məlumatlar yalnız Azərbaycan dilində təqdim olunur. Başqa dillərdə olan məlumatlar yalnız bir-neçə saytda mövcuddur. Məsələn, Xocalı, Qubadlı və Qəbələ rayon İcra Hakimiyyətlərinə məxsus rəsmi saytlarda məlumatlar 3 dildə təqdim olunur. Digər saytlarda isə məlumatlar ancaq Azərbaycan dilində təqdim edilir.
Halbuki Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli "Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 12.9-cu maddəsində qeyd olunur ki, internet saytları dövlət dilində və tələbatdan asılı olaraq, ən azı bir geniş yayılmış xarici dildə tərtib olunmalıdır.
Amma görünən odur ki, Nazirlər Kabinetinin qəbul etdiyi məlum qərardan 12 ildən çox zaman keçsə də  hələ də qeyd olunan tələblər yerinə yetirilməyib.

Yeniavaz.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10