Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənubdan seçilən deputatlar (ötən çağırış) - Cənub bölgəsindən seçilmiş 12 millət vəkilindən kimlər nə ilə yadda qaldı?



Ötən seçkilərdə Azərbaycan Milli Məclisinə vəsiqə qazanmış 125 deputatdan 12-ci cənub bölgəsindəki seçki dairlərindən seçilib.

Öncə həmin deputatlarla bir daha tanış olaq:

67-ci dairə- Malik Həsənov 

68-ci dairə - Mirkazım Kazımov 

69-cu dairə - Fəzail İbrahimli

70-ci dairə - Nəriman Əliyev

71-ci dairə - Elmira  Axundova

72-ci dairə- Musa Qasımov

73-cü dairə - Rüfət Quliyev  

74-cü dairə - Hadı Rəcəbli

75 –ci dairə - Cavanşir Paşazadə

76-cı dairə - Ziyafət Əsgərov

77- ci dairə - Rəşad Mahmudov

78 –ci dairə - İqbal Məmmədov

Bu mövzuda yazını hazırlamaq istəyəndə müxtəlif fikirlərlə rastlaşdım. Müsbət yanaşanlar olsa da, “bunların konserti qurtarıb, yazmağın nə mənası” və buna bənzər fikirlər deyənlər də tapıldı, tam fərqli fikir söyləyənlər də oldu. 

Müqayisə bir qədər  qüsurlu olsa da, bir dostumuz dedi ki, hamı bilir Quranı ölülər üçün yox, dirilər üçün oxuyurlar. Yəni, bu 12 nəfərin ən azı deputatlıqla vidalaşacağı gözlənilsə də, indi  deyəcəklərimiz əsasən gələcək deputatlar üçündür. 

Yəni heç kim unutmasın ki, gəldim, çapdım, taladım, ağzıma gələni danışdım, yaltaqlandım, lal rolunu oynadım, kimlərin əmlakın aldım,  beş kişinin yanında hörmətim olmasa da 10-15  mülküm oldu, bir çox insanların ruhunda cəsarəti, mərdliyi, ziyalıya hörməti öldürdüm... və hər şey də unuduldu.

Məhz bu fikirdən sonra bu yazını yazmağa qərar verdim.

Öncə onu da xatırladım ki, 125 deputatın hamısını eyni tərəziyə qoymaq düzgün olmazdı. Bu “125”-də heç kim “beşmərtəbəli evin altıncı mərtəbəsinə” qalxa bilməsə də, hər halda 4-5 millət vəkili   “lal” və “lalabənzər” millət vəkillərlə müqayisədə bir addım irəli gedə bildilər - Vahid Əhmədov, Qənirə Paşayevə, Əli Mənsimov və digər   2-3 nəfər bu sıradan saymaq olar.

Heyf ki, 12 cənublu deputat sırasında  bu öncüllər sırasına düşən olmadı. Həinki düşən olmadı, “beşmərtəbəli evin zirzəminə” düşən, ağa açıq-açığına qara deyən, seçicilərini xəcalətli duruma salan deputatlarımız daha çox oldu.

Belələrinə baxanda rəhmətlik Habil Əliyevin  fəxri ad alan bir müğənniyə dediyi fikir yada düşür. “Onlar sənə bu adı (yəni millət vəkilliyini) təqdim etdilər, bəs sənin öz qabiliyyətinə nə gəlmişdi?”

Nə isə, keçə mətləbə.

Başlayaq Cəlilabad şəhər dairəsində millət vəkili olan Malik Həsənovdan. Onu tanıyanların hamısına bəlli idi ki, bu şəxs  “əmlak kralı” Kərim Həsənovun qardaşıdır və Cəlilabad rayonunu qeyri-rəsmi olaraq bu qardaşlar və onları ətrafı idarə edir. Cəlilabadda onların  xeyli insanın haqqını tapdamasına dair mətbuatda çoxsaylı materiallar da dolaşır. Fərhad Əliyev və qardaşı ilə bağlı olaylarda da bu şəxslərin kifayət qədər “zəhməti” olduğu barədə  söhbətlər az deyil.

Digər cəlilabadlı deputat Mirkazım Kazımov seyid kimi bu rayonda hörmətlə xatırlansa da, yadda daha  onun “Azadlıq” qəzetinin 10 minlərlə manat vəsaitinə “qara qutu”ya salıb qəzeti iflic vəziyyətinə salması ilə  yadda qalıb.

69-cu seçki dairəsi isə  özünəməxsusluğu ilə seçilir. Bu dairə  Biləsuvar, Cəlilabad və Masallının şərq ərazilərini əhatə edir, bu dairədən millət vəkili vəsiqəsinə layiq görülmüş Fəzail İbrahimli isə Yardımlı rayonundandır. Dəyərli alim, əvvəlki illərdə daha  cəsarətli çıxışları ilə  fərqlənən Fəzail müəllim sonrakı illərdə özü də “sözə baxan” deputat kimi yadda daha çox qaldı.

Nəhayət gəlib çıxdıq Masallıya. Masallıdakı 70 saylı şəhər dairəsi uzun illər - 15 il Əhəd Abıyevin haylı-küylü çıxışları iləson 9 ildə isə Nəriman Əliyevin timsalında“danışmaq gümüşdürsə danışmamaq qızıldır” el sözünün canlı nümunəsi ilə qarşılaşıb.  Belə fikir də var ki, Əhəd Abıyev bəzilərinin əmlakını “boğa-boğa” alırdı. Nəriman müəllim isə “öpə-öpə boğur”, əmlakları gülə-gülə ələ keçirir. Həmçinin bəlli olduğu kimi biz həftələrdir ki, onunla müsahibə almaq üçün “gizlənpaç” oynayırıq. Ona görə bu barədə onunla bağlı fikirlərə hələlik geniş yer ayırmır və ümidliyik ki, 9 ildən sonra onu seçicilərinin (yaxud da keçmiş seçicilərinin) görüşünə virtual da olsa,gətirə biləcəyik. Yaxşı tanıdığımdan, eləcə də eyni məkandan olduğumuzdan onun haqqında deyiləsi çox sözümüz var.

71 saylı dairədən 2 çağırış Milli Məclisə millət vəkili seçilən Elmira Axundova bəlkə də ən fəal 5 deputatın  sırasında yer tuta bilərdi. Çünki o peşəkar yazıçı və jurnalist, dəyərli əsərlərin müəllifi, özünə məxsus uğurları, cəsarəti, çəkisi olan bir insandır. Lakin oğlunun xoşagəlməz əməlləri ilə bağlı bitib-tükənməyən yazılar onun müsbətlərinə də ciddi kölgə salır.

Milli Məclis 2-ci yardımlılı deputat, Sabir Rüstəmxanlıdan sonra 72 saylı Masallı-Yardımlı seçki dairəsində millət vəkili olan Musa  Qasımov arabir  tarixi və sosial məsələlərlə  bağlı “məxməri” çıxışlar etsə də, heyf ki, hər hansı yaddaqalan, cəsarətli, xalqın ürəyindən tikan çıxaran çıxışları diqqət çəkmədi.

Lənkəranlı deputatlar. Öncə yada düşən Hadı Rəcəbli olur. Hörmətli Hadı müəllimin insanlarda olduqca qıcıq qoyada,  qatığı “qara” göstərən çıxışlarını bir yerə toplasaq, Allah   bilir,  hansı əndirabadı bir “kitab” alınardı. Böyük həyat təcrübəsi, geniş imkanları - özəl sektorda, hökumətdə, hətta QHT sektorunda böyük imkanları olmasına baxmayaraq hər il özünü  dəfələrlə “baltalamaqdan” sanki həzz alırdı.

Onun digər lənkəranlı həmkarı, Rüfət Quliev də bir neçə dəfə Hadi müəllim kimi “danışmağ” cəhd etsə də qəribə mənzərələr alınırdı.  Onun timsalında bəlli oldu ki  hətta mənfi fonda “Hadı Rəcəbli” olmaq elə də asan iş deyilmiş. Hadi müəllim başqadır.

3-cü lənklaranlı  (75   saylı Masallı-Lənkəran seçki dairəsi) deputat, hörmətli Şeyximizin qardaşı Cavanşir Paşazadə Milli Məclisə elə biznesmen kimi  hələlik biznesmen kimi də gedir.

Ən vəzifəli deputat isə Astara rayonundan seçilib. 76 saylı Lənkəran-Astara seçki dairəsindən millət vəkili seçilən və Milli Məclis sədrinin 1-ci müavini vəzifəsində çalışan Ziyafət Əsgərov bu 9 ildə Astarada yadda qalan hər hansı əməlin xatırlamıram. Ola bilsin ki, səlahiyyətlərindən istifadə edib həmin rayonların sosial inkişafı üçün biz bilmədiyimiz nələrsə edib, Milli Məıclisdə isə  fərqli fikirləri neytralaşdırmaqla daha çox diqqət çəkib.

Astaranın 2-ci deputatı isə ölkə şöhrətli  həkim Rəşad Mahmudovdur. Gözəl hƏkim, gözəl insan kimi simasını qorumağa nail olsa da (yəni sənəti ilə kifayət qədər qazandığından qara biznesdə adı hallanmasa da, eləcə də “hadivari”çıxışlaırı özünə rəva görməsə də)  hazırkı durumdan ondan qəhrəmanlıq, “cızıqdan kənar”addım gözləmək də yersiz olardı. Bildiyimə hörə Rəşad müəllim səhiyyə ilə bağlı bir sıra qanunlar müzakirəsində maraqlı çıxışları ilə yadda qalıb. Elə onun bu günlərdə icra etdiyi nadir cərrahi əməliyyat onun yeni uğuru saymaq olar.

Nəhayət sonuncu cənublu deputat, Lerik rayonundakı 78 saylı dairədən deputat seçilən İqbal Məmmədovun adı hələ bu adı qazanana qədər bir sıra neqativ əməllərdə hallanırdı. Son aylarda isə “Relaks” istirahət mərkəzindəki “konsertə” görə özünü tamam - kamal “yandırdı”.

Bax, belə   müqəddəs rəqəmlərdən sayılan cənublu “12”lərin əksəriyyəti bölgəyə şöhrət gətirmək əvəzinə daha çox xəcalət verdilər. Təxmini gözləntilərə görə isə yeni tərkibə 12 cənublu deputatdan ən yaxşı halda 2-3 nəfəri yer ala biləcək.

İnanırıq ki, yaxın vaxtlarda biz də fəxrlə deyə biləcəyik ki, mənim seçdiyim deputatın ölkənin ən dəyərli, ən cəsarətli, ən fəal deputatıdır.

Düz 2 ay- 2020-ci ilin 9 fevralınadək gözləyək!

Bütün bunlar mənim yadımda düşənlər idi – siz nə düşünürsünüz? 

Danışam dillər lal olmasın.

Bu, çoxları üçün maraq olar.

 Zahir ƏMƏNOV






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10