Azərbaycan həkimlərinin son uğuru barədə dünya KİV-də də informasiyalar yayılıb.
Cenub.az xəbər verir ki, bir sıra xarici İslam saytları Türkiyənin “Anadolu” agentliyinə istinadla “Müsəlman həkimlər qeyri-adi əməliyyat keçirdi” başlıqlı yazılar dərc edib.
Xatırladaq ki, kardio-cərrah Rəşad Mahmudov və transplantoloq-cərrah Mircəlal Kazımi Mərkəzi Gömrük Hospitalında keçirdikləri eyni seansda 5 yaşlı uşağın işləyən ürəyində baypass əməliyyatını və canlıdan canlıya qaraciyər transplantasiyasını gerçəkləşdiriblər.
Mircəlal Kazımi" Anadolu"ya açıqlamasında belə deyib:
"Xəstəyə "ailəvi hiperlipidemiya" diaqnozu qoyuldu. Bundan əlavə, ona qaraciyər nəqli lazım idi. Əməliyyatdan öncə pasientin ürəyinə gedən damarların 90% -i tıxanmışdı ki, bu da qaraciyər köçürülməsini çətinləşdirirdi. Və xəstə əməliyyat zamanı ölə bilərdi. Məsləhətləşmələrdən sonra qaraciyər nəqli də daxil olmaqla eyni vaxtda iki əməliyyatın aparılmasına qərar verildi. Öncə koronar baypass əməliyyatı apardıq, sonra da qaraciyər nəqli etdik ".
Cərrahın sözlərinə görə, hazırda xəstənin vəziyyəti yaxşıdır və müalicə evdə davam edir. Kazimi, belə bir əməliyyatın dünyada ilk dəfə edildiyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin V çağırış deputatı olan Rəşad Mahmudov Türkiyədə “Doqquz Sentyabr”, Mircəlal Kazımi isə Ege Universitetində təhsil alıb. Mahmudov karyerası ərzində 8 min ürək əməliyyatı, Kazımi isə 500 transplantasiya həyata keçirib.
Həkimlərimizə yeni uğurlar diləyirik.