Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

DİRYAN – “LƏNKƏRANIN MESOPOTAMİYASI”



Rayon mərkəzindən 34 kilometr aralıda yerləşən bu kənd hansı özəllikləri ilə seçilir?   


 Diryan Lənkəran rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Lənkəran şəhərindən 34 km şimal-qərbdə, Talış dağlarının qoynunda yerləşir. Cənubdan Günəhir, qərbdən Jidi kəndləri, şimaldan dağlar, şərqdən meşə zolaqları ilə əhatələnmişdir. 


XIX əsrin 2-ci yarısında burada neçə ev olub?

Ərazisi 515 hektar, əhalisi 878 nəfərdir (01.01.2019).  Bakı quberniyasının Lənkəran qəzası üzrə əhalinin 1859-cu ilə dair kameral siyahıyaalınması zamanı kənddə 21 ev və 90 nəfər (kişi 56, qadın 34) əhali qeydə alınmışdır. Kənddə 1990-cı ildə 585 nəfər, 1999-cu ildə 710 nəfər, 2009-cu ildə 768 nəfər, 2013-cü ildə isə 812 nəfər yaşamışdır. 

Dirayan Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında əraziyə görə 21-ci, əhaliyə görə  isə 60-cı yerdə durur.


“Diryan” nə deməkdir?

     Diryan talış dilində Dıryon adlanır. Diryan Dıryonun Azərbaycan dilinə transliterasiyasıdır. Dıryon/Diryan Lənkəranın qeyri-şəffaf toponimlərindən (toponim yunan dilində “yer adı” deməkdir) hesab olunur. 

 Diryan toponiminin izahı ilə bağlı müxtəlif mülafizələr vardır. Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı Diryanın talış dilində “iki kənd arasında” mənasını verdiyini qeyd edirlər (Lənkəran. B., 1990, səh. 301).  Musarza Mirzəyev Diryanın talışca Deron, “deği ron” sözündən yaranıb “Değə gedən yollar” (Değ Lerik rayonunun mikroregionlarından olan Dırığın talış dilində işlənən adıdır – İ.Ş.) və eyni zamanda “iki yol” mənalarını verdiyini yazır (Talış toponimlərinin qısa izahlı lüğəti. B., 1993, səh. 19). İshaq Axundov toponimin mənasını “iki cığır arası” kimi izah edir (Xatirələrimdə yaşayan Lənkəran. B., 1989, səh. 78).  “Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” kitabında yazılır: “Oykonimin düzgün yazılışı “Düruon” olmalıdır. Toponim talış dilindəki dü “iki”, ru “çay” sözlərindən və cəmlik bildirən “on” şəkilçisindən ibarətdir (ikiçayarası  kəndi)” (Budaq Budaqov, Nadir Məmmədov. B., 2007, səh. 27). “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabında isə kəndin adı Dıryan kimi qeyd edilmiş və Dıryanın talış dilində Dırion sözündən yaranıb, “iki yol” mənasında olduğu güman edilir (I cild. B., 2007, səh.  164).  Göründüyü kimi Diryan toponiminin izahı ilə bağlı yekdil fikir yoxdur. Toponim talış dilində gah “iki kənd arasında”, gah “Değə gedən yol”, gah “iki cığır arası”, gah “ikiçayarası”, gah da “iki yol” mənalarında izah olunmuşdur. 

Fikrimcə, toponim Dıruon sözündən yaranmış, sonralar Dıruon fonetik dəyişikliyə uğrayaraq Dıryon şəklinə düşmüşdür. Dıruon talış dilində dı – “iki”, ru – “çay” sözlərinin və “on” – lar şəkilçisinin birləşməsindən yaranaraq “iki çaylar”, “iki çay arası” mənasını verir. Toponim coğrafi reallığı da özündə əks etdirir. Beləki, kəndin ərazisindən Masyon çay, Gəgiran çay və Hırsal çay axır. Masyon, Gəgiran və Hırsal çayları  Diryanda Ulum çay adı altında birləşmişlər. Kənd də bu çayların arasında yerləşir. Bu çayların qovuşduğu yer Suqovuşanı (Sabirabad rayonunda Kürlə Arazın qovuşduğu yer), Diryan isə Mesopotamiyanı (yunan dilində İkiçayarası;  Dəclə-Fərat çaylar) xatırladır.


Burada hansı tarixi yerlər var? “Talışlar” adlı kitabda hansı müəllif Diryanın adını çəkib?

    Diryan Lənkəranın qədim kəndlərindən sayılır. Burada Cəbləkon, Şonakon və Ulum kimi tarixi yerlər vardır. Rus alimi Q.F.Çursinin 1926-cı ildə çap olunmuş “Talışlar” kitabında (“Талыши”, etnoqrafik qeydlər. Tiflis 1926, IV cild) bir neçə dəfə Diryan (Дерьян) kəndinin adı çəkilmişdir. Müəllif kitab üçün materialların müəyyən hissəsini Diryanda toplamışdır.

     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən kənddə 4844 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi  ləm qeydə alınmışdır. Unikal memarlıq abidələrimizdən sayılan həmin ləm uçub-dağıldığından  bu gün ondan əsər-əlamət qalmamışdır.

Kənd əhalisinin əsas məşğuliyyəti

    Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Maldarlıq daha mühüm yer tutur. Sovet dönəmində kənddə əvvəl “1 May” kolxozu, daha sonra isə Füzuli adına sovxoz fəaliyyət göstərmişdir. Füzuli adına sovxoz Diryan kəndindən başqa Gəgiran (Jidi kəndi 1999-cu ilə qədər Gəgiran kəndinin məhəlləsi sayılmışdır), Tüədo və Köhnə Gəgir kəndlərini də əhatə etmişdir. Füzuli adına sovxozun əhatə etdiyi kəndlər dağlıq ərazi olduğundan burada əkinə yararlı torpaqlar azlıq təşkil etmişdir. Məhz buna görə də rayonun Marso  (indiki Ürgə) kəndi ərazisində “28 Aprel” sovxozu (Günəhir, Türkəncil, Bəliton, Horavenc, Şivlik, Qodəsə kəndləri) ilə yanaşı Füzuli adına sovxoz üçün də yer ayrılmışdır. Sovxoz tərəvəzçilik, çayçılıq və heyvandarlıq üzrə ixtisaslaşmışdır. 1978-ci ilə qədər kənddə  həmçinin taxıl da əkilmişdir. Sovxozun çay plantasiyaları  və fermaları Diryan, Gəgiran, Tüədo və Köhnə Gəgir kəndlərində, tərəvəz sahələri isə Marsoda yerləşmişdir. Füzuli adına sovxozun 1987-ci ildə illik tərəvəz planı 2130 ton, çay planı isə 170 ton olmuşdur. Füzuli adına sovxozun inkişaf dövrü Xanı Kazımovun adı ilə bağlı olmuşdur. Xanı Kazımov 30 ilədək təsərrüfata rəhbərlik etmişdir. Müstəqillik qazandıqdan sonra, 1997-ci ildə ölkəmizdə aqrar islahat həyata keçirildi. İslahata əsasən kolxoz-sovxoz mülkiyyəti ləğv edilərək onların mülkiyyətində olan torpaqlar pay bəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanılmışdır.


Sosial obyektlər  

  Diryan kəndində sosial obyektlərdən tam orta məktəb, uşaq bağçası, feldşer-mama məntəqəsi, məscid, mağaza-dükanlar, bərbərxana fəaliyyət göstərir. 2016-cı ilə qədər kənddə klub və kitabxana da fəaliyyət göstərmişdir. 

 Diryanın coğrafi mövqeyi

    Diryan kəndi Gəgiran kənd inzibati ərazi dairəsinin və Gəgiran bələdiyyəsinin tərkibindədir. Gəgiran kənd inzibati ərazi dairəsi hal-hazırda Gəgiran, Diryan və Jidi kəndlərini əhatə edir. Vaxtilə Tüədo, Köhnə Gəgir, Günəhir, Türkəncil, Bəliton, Horavenc, Şivlik və Qodəsə kəndləri də Gəgiran kənd inzibati ərazi dairəsinin tərkibində olmuşdur. İnzibati ərazi dairəsi Gəgiran adlansa da, ərazi dairəsi üzrə  nümayəndəlik Gəgiranda deyil, Diryanda yerləşir. Buna səbəb Diryanın coğrafi mövqeyinə görə  əlverişli yerdə yerləşməsidir. 

    2000-ci ilin yanvarında Diryanda bələdiyyə yaradılmışdır. Bələdiyyənin ilk sədri Əzizağa Fərzullayev olmuşdur. Diryan bələdiyyəsi 2010-cu ilə qədər fəaliyyət göstərmişdir. 2010-cu ildə Diryan və Tüədo bələdiyyələri Gəgiran bələdiyyəsinə birləşdirilmişdir. Gəgiran bələdiyyəsi Gəgiran, Jidi, Diryan, Tüədo və Köhnə Gəgir kəndlərini əhatə edir. Bələdiyyə binası Gəgiranda yerləşir.

Diryanlı ziyalılar 

    Diryan ucqar, dağlıq kənd olsa da ziyalıları ilə tanınan kəndlərimizdən sayılır.  Kəndin tanınmışlarına misal olaraq böyük ilahiyyatçı, Nəcəf alimi Axund Nüsrət, təsərrüfat qabaqcılı, uzun müddət  Gəgiran kənd sovetinin sədri (icra nümayəndəsi) və Füzuli adına sovxozun direktoru işləmiş el ağsaqqalı Xanı Kazımov,  kəndin ilk ixtisaslı müəllimi İsgəndər Tahirov,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Lənkəran Ərazi Ekologiya  və Təbii Sərvətlər Şöbəsinin müdiri,  kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Rəfael Tahirov, 1981-ci ildən 2001-ci ilədək məktəb direktoru vəzifəsində çalışmış Tofiq Quliyev, Əvəz Nuriyev,el ağsaqqalı, tibb işçisi Hacı Cahil Tahirov, Cavanşir Kazımov, Kazım Kazımov, İsmayıl Cəfərov, Şamil Mirzəyev, Nail İsayev, Oqtay Tahirov, Əbülfət Tağıyev,  Səxavət Tağıyev, Eldar Quliyev, Qarabağ müharibəsinin şəhidi Cəmil Kazımov, hərbi həkim, baş leytenant Elmar Cəfərzadə  və digərlərini göstərmək olar.

P.S.  İsmayıl Cəfərov tələbə yoldaşımdır.  Eyni vaxtda Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışıq. O, riyaziyyat, mən isə tarix fakültəsində oxuyurduq. İsmayıl müəllim eyni zamanda fakültənin komsomol təşkilatının sədri idi. Tez-tez universitetin dəhlizində rastlaşırdıq. İsmayıl müəllim Lənkəranın tanınmış ziyalılarından sayılır. O, Diryan kənd tam orta məktəbində, Lənkəran Dövlət Universitetində müəllim işləmiş, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Gəgiran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi (2006 - 2016) vəzifəsində çalışmışdır.  Hal-hazırda Tüədo kənd icra nümayəndəliyində mühasib işləyir.  Azərbaycan Müəllimlərinin XII, Yeni Azərbaycan Partiyasının II qurultaylarının nümayəndəsi olmuşdur.                                   İldırım ŞÜKÜRZADƏ

    Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10