Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vətəndaşların nəzərinə! Artıq bu 6 arayışı elektron qaydada almaq mümkündür


Vətəndaşların nəzərinə! Artıq bu 6 arayışı elektron qaydada almaq mümkündür

Bundan sonra vətəndaşların müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və dövlət tərəfindən avtomobillə təmin olunma barədə arayışları almaları üçün hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Onlar həmin arayışları artıq özləri istənilən vaxt e-qaydada əldə edə bilərlər.

Cenub.az Trend-ə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilmiş həmin 6 yeni “e-arayış” xidmətinin təqdim edilməsi tədbirində məlumat verilib.

Nazirliyin “Bakutel” sərgisindəki bölməsində – DOST stendində keçirilən təqdimat tədbirində qurumun E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkbərov əmək, məşğulluq, sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdırılması tədbirlərinin davam etdiyini deyib.
Bildirilib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən bu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinat mexanizmi işə salınıb. Həmçinin 2019-cu ildə 19 müavinət və təqaüd növü üzrə təyinatın da elektronlaşdırılması nəzərdə tutulub. Onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün, əlilliyə görə aylıq müavinətin elektron qaydada təyinat mexanizmi artıq istifadəyə verilib. Digər müavinət və təqaüd növləri üzrə təyinatların da elektronlaşdırılması işləri davam etdirilir.
Eyni zamanda, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən nazirliyin hazırladığı və ölkəmizdə ilk sosial reyestr olan “e-sosial” portalı özünün məlumatlar bazası ilə nazirliyə dair sahələr üzrə arayışların verilməsi xidmətlərinin də elektronlaşdırılmasında geniş imkanlar yaradıb. İş yerinə və əlilliyə dair arayışların alınması üçün e-xidmətlər, yəni 2 “e-arayış” növü mövcud idi. “E-sosial” internet portalının məlumatlar bazası əsasında bu gün artıq 6 istiqamət üzrə – müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və imtiyazlı kateqoriyalardan olan vətəndaşlar kimi dövlət tərəfindən avtomobillə təmin olunma barədə arayışların alınması üçün e-xidmətlər təqdim edilir. Bununla da vətəndaş həmin arayışları istənilən vaxt e-qaydada real vaxt rejimində əldə edə bilər.
Misal üçün, vətəndaş portala daxil olur və orada formalaşan şəxsi kabinetində “E-arayış” altbölməsini və bu bölmədə arayışın növünü seçir. Bu zaman arayış avtomatik olaraq formalaşır. Bundan sonra vətəndaş arayışı çap edərək arayışı istəyən quruma təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Vətəndaşa arayışın etibarlılıq müddətini də özü müəyyən etmək imkanı verilir.

Dekabr ayının sonuna qədər daha 8 növdə “e-arayış” xidmətinin hazırlanaraq istifadəyə verilməsi və bu ilin sonuna qədər nazirlik üzrə e-arayış xidmətlərinin sayının 15-ə çatdırılması nəzərdə tutulur.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10