Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs və dəstənin digər üzvləri saxlanılıblar.
Cenub.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Cəlilabad rayonunda fərdi yaşayış evlərindən birindən oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən evdə olmadığı müddətdə mənzildən 800 ABŞ dolları, 265 manat və 6690 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Hadisə barədə məlumat qeydə alınan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində qeyd edilən hadisənin Bakı şəhər sakini Ziya Xasayzadə, Masallı rayon sakini İlyas Mikayılov, Ağdam rayon sakini Emin Məmmədov və Cəlilabad rayon sakini Esmira Həsənova tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər qısa zamanda tutularaq istintaqa təqdim ediliblər.
Qeyd edək ki, oğurluq edilən mənzilin sahibi dəstə üzvü Esmira Həsənovanın bibisinə məxsus olub. O, hadisə günü evdə heç kimin olmadığını bildiyi üçün digər şəxslərlə birlikdə oradan oğurluq edib. Dəstə üzvləri Bakı şəhərindən Cəlilabad rayonuna Emin Məmmədovun “Opel” markalı avtomobili ilə gəliblər. Hadisədən sonra isə onlar elə həmin nəqliyyat vasitəsi ilə də paytaxta qayıdıblar.
Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.