Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus İstanbuldakı tarixi villa satışa çıxarılıb.
Cenub.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Böyükada bölgəsində yerləşən, üç yüz illik tarixi olan bina 17 milyon Türkiyə lirəsi (təxminən 5 milyon AZN) dəyərindədir.
Qeyd edək ki, İstanbulun Boğazının bənzərsiz gözəlliyi dünyanın diqqətini çəkir. Bölgədə olan tarixi binalar yerli və xarici vətəndaşlar tərəfindən maraqlı qarşılanır. Hacı Zeynalabdin Tağıyevə məxsus malikanə də həmin bölgədə yerləşir. Birinci dərəcəli tarixi abidə Osmanlı dövründə tikilmiş, sonra isə azərbaycanlı iş adamı tərəfindən alınmışdır. Artıq ilin müəyyən aylarında nəvələri tərəfindən istifadə edilən və 2400 kvadratmetrlik villada 5 otaq və 2 salonu var.
Məlumat üçün bildirək ki, Hacı Zeynalabdin Tağıyev – azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatıdır.
Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev Tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı Tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir.