Qərar mərhum Rafiq Tağı-nın "Avropa və Biz” yazısına görə məhkum edilməsi işi ilə bağlıdır
Dekabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi qətlə yetirilmiş yazar-publisist, Rafiq Tağının işi ilə bağlı qərarını açıqlayıb.
Avropa İnsan Hüquqları Məhkəməsinin məlumatına görə qərar mərhum Rafiq Tağının "Avropa və Biz” yazısına görə məhkum edilməsi işi ilə bağlıdır.
Avropa məhkəməsi
Söhbət mərhum yazıçı-jurnalistin və onun həmkarı Samir Sədaqətoğlunun (Hüseynov) bir məqaləyə görə, 2006-cı ildə azadlıqdan məhrum edilmələri üzrə göndərilmiş şikayətdən gedir.
Avropa Məhkəməsi hesab edib ki, jurnalistin bir məqaləyə görə, cinayət cəzasına məhkum eidlməsi onun ifadə azadlığı hüququnu (Maddə 10) pozub.
Qərara əsasən, hökumət Rafiq Tağının həyat yoldaşına və Samir Sədaqətoğluna ümumilikdə 12 850 avro təzminat ödəyəcək.
Rafiq Tağı və Samir Sədaqətoğlu
Rafiq Tağı 2006-cı ildə "Sənət” qəzeti ilə əməkdaşlıq edirdi. Samir Sədaqətoğlu isə "Sənət”in baş redaktoru idi. Həmin il qəzetdə RafiqTağının "Avropa və Biz” sərlövhəli məqaləsi yayıldı. Məqalədə İslam və Xristiyanlıq dini əxlaq və humanizm kontekstində müqayisə edilmişdi.
Yazının yayılmasından sonra qəzetçilərə basqılar başladı, İranda hansısa dini xadimin yazı müəllifinin ölümünə fətva verməsi haqda xəbərlər yayıldı. Ardınca, jurnalistlərə məqaləyə görə cinayət işi açıldı, istintaq dövründə həbs edildilər. Rafiq Tağı və "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu məhkəmənin hökmü ilə Məhəmməd peyğəmbəri təhqir etməkdə günahlandırılaraq (Cinayət Məcəlləsinin 283.2.2-ci maddəsi - milli, irqi və dini ayrı-seçkilik) həbs edilib. 2007-ci ilin mayında isə Səbail Məhkəməsi R.Tağını 3, S.Sədaqətoğlunu isə 4 il azadlıqdan məhrum etdi. Onlar dini nifrət və düşmənçiliyi təşviq etməkdə günahkar bilindilər. 2007-ci ilin sonunda Azərbaycan prezidenti hər iki jurnalisti əfv etdi, onlar azadlığa çıxdılar.
R.Tağının vəkili Avropa Məhkəməsinə 2011-ci ildə müraciət etmişdi. Şikayətdə iddia edilirdi ki, dövlət onların din azadlığı və ifadə azadlığı hüququna müdaxilə edib. Şikayətdə həmçinin qanunda nəzərdə tutulmayan cəzanın yolverilməzliyi hüququna müdaxilə edilməsi də mübahisələndirilirdi.
Rafiq Tağı 2011-ci il noyabrın 19-da evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun boynuna, qarnına və çiyninə bir neçə bıçaq xəsarəti yetirib və qaçıb gizlənib. Publisist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və üç gün sonra - noyabrın 23-də dünyasını dəyişib.
Publisistin qətli və qətlin motivi indiyədək açılmayıb.
O, ölümündən az əvvəl bıçaqlanmasını İran siyasi hakimiyyətini tənqid etməsi ilə bağlamışdı.
arqument.az