Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Prezidentin ayırdığı 20 milyon manat nələrə xərclənəcək - TƏFƏRRÜAT



"İstərdik ki, büdcədən ayrılan belə maliyyə vəsaitləri ilə bağlı ictimaiyyətə tutarlı açıqlama verilsin, şəffaflıq təmin olunsun"

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:

 

“Əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılmış, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması uğurla həyata keçirilmişdir. Xüsusən, bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunmuş, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə uşaq bərpa mərkəzləri yaradılmışdır.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.18.4-cü yarımbəndində göstərilən vəsaitin 20 019 100 (iyirmi milyon on doqquz min yüz) manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

 

Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctiamiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Prezidentin bu sərəncamı sosial müdafiə və reabilitasiya əhəmiyyətli müəssisələrin inkişafı və şəbəkəsinin genişlənməsində növbəti mühüm addımların atılmasını təmin edəcək: "Sərəncam ölkədə sosial müdafiə və tibbi-sosial reabilitasiya əhəmiyyətli müəssisələr şəbəkəsinin genişləndirilməsinə və bu sahədə müasir tələblərə uyğun infrastrukturun qurulmasına xüsusi qayğının növbəti təzahürüdür. Məlumat üçün deyək ki, bu gün Nazirliyin əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün artıq 14 reabilitasiya və 15 sosial xidmət müəssisəsi var. Sosial xidmət və reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətdə mühüm işlər aparılır".

 

"Bu sahədə növbəti addımlar kimi, ötən ay Nazirliyin Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra və müasir ləvazimatlarla, avadanlıqlarla təchiz olunmaqla istifadəyə verilib. Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində, Göygöl və Şamaxı psixonevroloji Sosial Xidmət Müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam edir. Qobustan Sosial Adaptasiya Mərkəzi və Gəncə Peşə Tədris Mərkəzi də yaxın vaxtlarda istifadəyə veriləcək", - deyə ƏƏSMN-dən bildirilib.

 

Qeyd olunub ki, Prezidentin son sərəncamı ilə bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə maliyyə vəsaitinin ayrılması bu sahədə işlərin uğurla davam etməsinə imkan yaradır: "Sərəncam üç istiqaməti – tikintisi nəzərdə tutulan sosial təyinatlı obyektlərin layihələndirilməsini, onların tikintisini, sosial təyinatlı obyektlərdə əsaslı təmir və yenidənqurmanı, bu müəssisələrdə bərpa yolu ilə gücləndirməsi və avadanlıqla təchizat işlərinin aparılmasını nəzərdə tutur. Nəticə etibarilə sənəd müasir tələblərə uyğun yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsinə, bu sahə üzrə infrastrukturun genişlənməsinə, ayrı-ayrı bölgələrdə də yeni bərpa mərkəzlərinin tikintisinə təminat verir”.

 

İqtisadçı-ekspert Nazim Bəydəmirli də sərəncamı şərh edib. O, hesab edir ki, ölkə rəhbəri 2019-cu ilin dövlət büdcəsində qalan hissənin sosial layihələrə yönəldilməsinə çalışıb: "Bu addımın nə qədər doğru, uğurlu olduğunu deyə bilmərəm. Amma yaxşı olardı ki, qabaqcadan adıçəkilən müvafiq dövlət proqramlarına uyğun maliyyələşmə aparılardı. Doğrudur, maliyyələşəcək sahələr sosial sahələrdir və vacib məsələlərdir. Adətən bu sahələrə vəsait ayrılsa da, onun nəticələri ilə bağlı qiymətləndirmə olmur".

 

"Ona görə ki, pullar, əsasən tikinti sahələrinə, maddi texniki bazanın yaxşılaşdırılmasına, rekonstruksiyasına xərclənir. İnsan amili arxa planda qalır. Sosial layihələr olsa da, insanların sosial müdafiəsini gücləndirmək üçün, onlara verilən maddi dəstəklə bağlı məlumat verilmir. Başqa sözlə desək, layihələrə xərclənən pulların əksər hissəsi korrupsiyaya yem olur. Çox istərdik ki, büdcədən ayrılan belə maliyyə vəsaitləri ilə bağlı ictimaiyyətə tutarlı açıqlama verilsin, şəffaflıq təmin olunsun”, - Bəydəmirli vurğulayıb.

 

İqtisadçı-ekspert Qadir İbrahimli isə sərəncamı şərh edərkən sadəcə bunları deyib: “Bu, adi sərəndamdır, sosial xərclər deyil. Nazirliyin obyektlərinin təmir-tikintisi ilə bağlıdır, ona da sərf olunacaq”.


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10